Saxta yolla ünvanlı yardım alan 1800 nəfər aşkar edilib –

2500 saxta əlillik müəyyənləşib (AÇIQLAMA)
25 Oktyabr 2019 - 10:34

“Ölkədə ünvanlı sosial yardım sisteminin təkmilləşdirilməsi işləri aparılır”.

Bunu  Prezident İlham Əliyevin yanında keçirilmiş iqtisadi müşavirədə verilmiş tapşırıqların icrası ilə əlaqədar görüləcək işlərin müzakirəsi məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində keçirilən kollegiya iclasında Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev bildirib.

Nazir ümumilikdə bu proqramın aztəminatlı ailələrə daha əlçatan olmasının təmin edilməsi işlərinin aparıldığını və proqramın əhatə dairəsinin genişlənəcəyini deyib. Onun sözlərinə görə, eyni zamanda, sosial yardım təyinatının şəffaflaşdırılması və ünvanlılığının təmin edilməsi işləri aparılır.

Araşdırma və təhlillər nəticəsində nazirlik 1800 nəfərin saxta yollarla ünvanlı dövlət sosial yardımı aldığını müəyyən edib və həmin şəxslərə yönələn yardımlar dərhal dayandırılıb: “Daha minədək şəxsin də saxta şəkildə sosial yardım aldığına dair şübhələr var ki, onlarla bağlı da eyni tədbirlər görülməklə, onlara yönələn yardımlar dayandırılacaq. Saxta yollarla sosial yardım almağa şərait yaradan, bunun üçün bilərəkdən qısa müddətli əmək müqavilələri bağlayan, yaxud əmək müqavilələrində bilərəkdən əmək haqlarını reallıqda olduğundan az göstərməklə işçilərinin böyük qisminin sosial yardıma çıxışına süni imkan yaradanlarla bağlı da hüquq mühafizə orqanlarına müraciət olunacaq”, – deyə Sahil Babayev bildirib.

Nazir Sahil Babayev həmçinin deyib ki, aparılan araşdırmalar nəticəsində 2500-dək yanlış əlillik təyinatı aşkar edilərək ləğv olunub. “Bu istiqamətdə araşdırmalar davam edəcək”.

Nazir deyib ki, əlillik təyinatlarının aparılmasına da ciddi nəzarətin həyata keçirilməsini tapşırıb. O, qeyri-rəsmi məşğulluğun qarşısının alınması tədbirlərindən bəhs edib, bu il əmək müqavilələrinin sayında artıq 138 min artımın olduğunu, əmək münasibətlərinin leqal müstəvidə qurulması ilə bağlı ciddi monitorinqin vacibliyini diqqətə çatdırıb: “Dövlət başçısının müvafiq Sərəncamı ilə cari il sentyabrın 1-dən ölkəmizdə minimum əməkhaqqı məbləği 250 manata çatdırılıb və heç bir müəssisədə işçilərə 250 manatdan aşağı məbləğdə əməkhaqqı verilə bilməz. Ona görə bu sahəyə ciddi nəzarət edilməlidir”.

Aktiv məşğulluq tədbirlərinin ildən-ilə gücləndirildiyini deyən S. Babayev bildirib ki, bu ilin 9 ayında 62 minə yaxın şəxs məşğulluq orqanları tərəfindən işlə təmin edilib. Bununla belə, bağlanan əmək müqavilələrinin sayında məşğulluq orqanları tərəfindən işlə təmin edilənlərin payının artırılması üçün səylər gücləndirilməlidir.