Serj Sarkisyana büdcə oğurluğu ittihamı verilib –Ölkədən çıxışı qadağan olunub

Ermənistanın sabiq prezidenti Serj Sarkisyan iri məbləğdə pul mənimsəməkdə ittiham olunub. “Exo Kavkaza” xəbər verir ki, ölkənin Xüsusi İstintaq Komitəsi Sarkisyana qarşı müvafiq ittiham irəli sürüb.

Sarkisyan 9 aprel 2008-ci ildən 9 aprel 2018-ci ilədək davam edən hakimiyyət müddətində rəsmi vəzifəsindən istifadə edərək, 2013-cü ilin 25 yanvar-7 fevral tarixləri arasında dövlət büdcəsindən xərcləmə yolu ilə böyük məbləğdə dövlət vəsaitini mənimsəyib. Dövlətə dəyən ziyanın ümumi məbləği 489,16 milyon dram (1 milyon dollardan çox) göstərilir.

İttihama görə, 24 yanvar 2013-cü ildə hökumət torpaq istifadəçilərinə dövlət dəstəyi proqramını təsdiqləyib. Proqrama əsasən təxminən 17 milyon litr dizel yanacağı satılıb. Məbləğ regional idarəetmə və Kənd Təsərrüfatı Nazirliyi sisteminin müraciətləri əsasında ayrılıb. Proqram çərçivəsində “Maksxur” və “Fleş” şirkətləri də daxil olmaqla, dizel yanacağının tədarükünə görə keçirilən tenderdə iştirak üçün bir neçə şirkət ərizə təqdim edib.

Daha aşağı qiymət təklif edən “Maksxur” şirkətinin nümayəndələri ilə müzakirələr nəticəsində şirkətin müraciəti hökumətin təsdiqləməsi üçün Kənd Təsərrüfatı Nazirliyi tərəfindən təqdim edilib. Nəticədə, hökumətin 7 fevral 2013-cü il tarixli qərarı ilə 17041300 litr dizel yanacağı almaq üçün hökumətin ehtiyat fondundan Kənd Təsərrüfatı Nazirliyinə 1,7 milyard dramdan çox vəsait ayrılıb. Bu pul “Fleş” şirkəti və Kənd Təsərrüfatı Nazirliyi arasında əldə olunan müvafiq sazişə əsasən müəssisənin bank hesabına köçürülüb.

Sonradan hökumətin qərarı ilə tələb olunan yanacağın miqdarı 17343530 litrə qədər artıb, məbləğ isə 1,8 milyard drama çatdırılıb. Bununla əlaqədar Kənd Təsərrüfatı Nazirliyi və “Fleş” şirkəti arasında imzalanan 19 mart 2013-cü il tarixli sazişə əsasən, elə həmin il aprelin 2-i şirkətə daha 31734150 dram vəsait ayrılıb.

Yerdə qalan yanacaq (5255196 litr) üçün təqdim edilən 551795580 dram hökumətin 29 avqust 2013-cü il tarixli qərarı ilə payız mövsümündə kənd təsərrüfatı işləri üçün uyğun qiymətə dizel yanağının əldə edilməsi üzrə dövlət proqramının reallaşdırılması məqsədilə “Fleş” şirkətinə verilib. Hökumətin müvafiq qərarı ilə 12 sentyabr 2013-cü ildə Kənd Təsərrüfatı Nazirliyi və “Fleş” şirkəti arasında “Subsidiyaların ayrılması haqqında” razılaşma əldə olunub. Sənədə əsasən, 6131062 litr dizel yanacağı üçün yenidən 551595580 dramlıq subsidiya rəsmiləşdirilib.

Nəticədə, 12 sentyabr-23 noyabr 2013-cü il tarixləri arasında həyata keçirilən proqram çərçivəsində 3303431 litr dizel yanacağı alınıb. Buna görə ödənilən subsidiyalar isə 297308790 dram təşkil edib.

Beləliklə, Ermənistanın keçmiş prezidenti Serj Sarkisyan, rəsmi şəxslərdən ibarət qrup tərəfindən təşkil edilən prosesdə faktiki olaraq dövlət büdcəsindən ümumilikdə 489160310 dram pul oğurlanıb.

Serj Sarkisyan barəsində ölkədən çıxmağa qadağa qərarı qəbul edilib.

Cinayət işi üzrə istintaq davam edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Hotellərə ulduzların verilməsi qiymətlərə öz təsirini göstərəcək”

Sonrakı məqalə

Moskvada MDB İqtisadi Şurasının iclası olub