“Sevilya”nın yarımmüdafiəçisi:

“İstəyim "Qarabağ"la oyunda reallaşdı”
20 Sentyabr 2019 - 09:54

“Çətin oyun idi. Çünki “Qarabağ” həmişə güclü komandaları sıradan çıxararaq, qrup mərhələsinə adlayıb. Üstəlik, azarkeşləri də onlara gözəl dəstək verirdilər. Belə bir yerdən qələbə ilə ayrılmaq çox yaxşı idi. Uğurlu çıxış etdik, topa sahib olduq. “Sevilya”da rəsmi debütümü etdim. Bu üzdən də oyunda çox həyəcanlı idim”.

Matc.az saytının məlumatına görə, bu sözlər “Sevilya”nın yarımmüdafiəçisi Alexandro Pozoya məxsusdu.

İspaniyalı futbolçu yetirməsi olduğu əndəlüs klubunun əsas komandasında debüt matçını Avropa Liqasının qrup mərhələsində “Qarabağ”a qarşı keçirib.

20 yaşlı hücumameyilli futbolçu yerli mətbuata açıqlamasında təəssüratlarını bölüşüb: “Çətin oyun idi. Çünki “Qarabağ” həmişə güclü komandaları sıradan çıxararaq, qrup mərhələsinə adlayıb. Üstəlik, azarkeşləri də onlara gözəl dəstək verirdilər. Belə bir yerdən qələbə ilə ayrılmaq çox yaxşı idi. Uğurlu çıxış etdik, topa sahib olduq. Düzdü, ilk hissədə istədiyimiz qolu vura bilmədik. Amma ikinci hissədə Çiçaritonun qolu vəziyyəti lehimizə dəyişdi”.

Pozo bundan sonra “Sevilya”da möhkəmlənməyə çalışacağını vurğulayıb: “Nəhayət ki, uşaqlıq arzumu gerçəkləşdirdim. Bundan sonra komandada möhkəmlənmək üçün əlimdən gələni edəcəm. Debüt oyunumu səbirsizliklə gözləyirdim. İstəyim “Qarabağ”la oyunda reallaşdı. Baş məşqçi Bakıdakı matçda oynayacağımı deyəndən sonra bir az gərginlik, əsəbilik yaşadım. Amma topa ilk toxunuşumla bunların hamısı yox oldu. Baş məşqçi sakit şəkildə öz oyunumu göstərməyi tapşırdı. Mən də onu eşitdiyim üçün hər şey yaxşı alındı”.

 Qeyd edək ki, “Qarabağ” – “Sevilya” görüşü qonaqların 3:0 hesablı qələbəsi ilə başa çatıb.