Şeyxin çağırışı necə nəticə verdi? –Xeyriyyəçiliyi reklamla qarışdıranlar...

Koronavirus pandemiyası günlərində Azərbaycan xalqı özünün ən yaxşı keyfiyyətini – çətin gündə kasıba, məzluma əl tutmağını bir daha nümayiş etdirir.

Dünyanı başına götürmüş pandemiya bütün ölkələrdə kasıb, əlsiz-ayaqsız insanları çətin vəziyyətə salıb. Bir tikə çörəyə möhtac olanlar, kasıblar, xəstələr bu günlərdə xoş sözə, yardıma böyük ehtiyacları var.

Azərbaycan dövləti ilk növbədə əhalinin sağlamlığı qayğısına qalaraq tətbiq etdiyi karantin rejimində sosial problemi olan vətəndaşlarının müdafiəsini əsas vəzifəsi elan edib. Bunun üçün böyük məbləğdə pullar ayrılıb, işsizlərə, kasıblara yardım üçün ödənilir.

Pandemiya həmçinin dövlətlə bərabər fərdi şəxslərin, imkanlı adamların yardım kampaniyaları ilə diqqəti çəkir. Ac olanların, imkansızların qapılarına daşınan bağlamalar, ərzaqlar, minnətdarlıq göz yaşları… Kömək mesajına qoşulanlar, bu mesajları oxuyanların dəstəyi çox gözəl və qururlu mənzərə yaradır. İmkanı çatan hər kəs yardıma qoşulmağa, kömək etməyə çalışır.

Prezident İlham Əliyev də Azərbaycan xalqının əsrlərboyu yaşatdığı bu gözəl xüsusiyyəti bu gün xalqın nümayiş etdirməsini dəstəkləyib:  “Kimin nəyə gücü, imkanı çatırsa kimsəsiz insanlara, ahıl insanlara, həssas təbəqədən olan insanlara kömək göstərin. Əlbəttə ki, dövlət öz üzərinə bu funksiyanı götürüb, bunu edir və edəcək. Ancaq biznes dairələrinin bu şəraitdə bu işlərə qoşulması və ayrı-ayrı insanların öz təşəbbüsü ilə ehtiyacı olan insanların yanında olması məni hədsiz sevindirir, onlara öz təşəkkürümü bildirmək istəyirəm”-deyə dövlət başçısı çıxşında vurğulamışdı. 

Bütün bu adamı riqqətə gətirən kampaniyanın içində bəzən əndazə ölçülərinin itirilməsinin də şahidi oluruq. Müqəddəs kitabda yazılan “sağ əlin verdiyini sol əl bilməməlidir” mesajı əslində yardım verənə yox, onun necə təqdim olunmasına işarədir.  Reklamla xeyriyyəçiliyi qarışdıran belə şəxslərin etdikləri yardımı videoya çəkib yaymaq bəzi halarda təkcə o imkansızlar üçün deyil, ətraf üçün də diskomfort yaradır. Xüsusən yardım alan imkansızların çarəsiz simalarını çəkib sosial şəbəkələrdə yaymaq o qədər də uğurlu hal sayıla bilməz.

Təsadüfi deyil ki, Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə buna ilk etiraz edən şəxs oldu. Şeyxülislam bu günlərdə REAL TV-yə  verdiyi müsahibəsində bu tip “yardımlara” işarə edərək kasıb insanların ehtiyacı üzərində xal toplamaq istəyənləri qınamışdı.

Xeyriyyəçiliyi dəstəkləyən A. Paşazadə çağırış edərək bunun gizlin edilməsinin daha məqsədəuyğun olduğunu tövsiyə edib: “Müsbət haldır ki, hazırda bəzi adamlar imkansız şəxslərə köməklik edir, bunu televiziyada da göstərirlər. Amma mən şəxsən həmin insanların qapı ağzında yardımı alanda üzündə utanmaq hiss edirəm. Yaxşı olar ki, gizli saxlansın. 5 kilo nəsə verib əvəzində “çox sağ ol” gözləmək ibadətə uyğun deyil. Yenə də, başqalarına təbliğat üçün müsbət addımdır”.

Ölkəmizdə vəqflər şəbəkəsi olmadığı üçün əslində kasıblara ediləcək yardımlar həmişə məscdilərdən, pirlərdən, ocaqlardan paylanıb. Azərbaycanda imkanlı şəxslər kasıblara əl-tutmaq istədikdə, dini bayramlarda, müqəddəs günlərdə bura üz tutur, yardımlarını edib, məzlumları sevindiriblər. Bakının, rayonların məscidlərində belə yardım kampaniyaları mütəmadi keçirilir. Burada əsas prinsip yardım veriləcək şəxslərin adının açıqlanmamasıdır.  QMİ sədri də müsahibəsində bu amili qabartmayıb, bununla müqəddəs dinimizin əsas prinsipi olan “sağ əlin verdiyini sol əl bilməməlidir” tövsiyəsinə işarə edib.

Dini rəhbərin bu aksiyanı dəstəkləməsi yardım kampaniyanın genişlənməsi üçün yaxşı mesajdır. Bu, həm sosial məsuliyyət hissini artırır, xeyriyyəçilikdə iştirak etmək arzusunda olan dini cameənin yardım prosesində iştirakda mütəşəkkiliyini təmin edir.

Belə çağırış təkcə pandemiya zamanı deyil, bütün vaxtlarda ölkədə xeyriyyəçilik şəbəkəsinin formalaşmasında, təbliğində öz rolunu oynaya bilər.

Göstərdiyi yardımı az qala baş qaxıncına çevirən bəzi şəxslərin hərəkətləri heç bir halda bu humanist aksiyaya, etiqad etdiyimiz dinin tələblərinə uyğun sayıla bilməz. A.Paşazadənin çağırışından sonra bu tip videoların azalması müşahidə olunur. Belə çağrışlar təkcə Şeyxülislamla məhdudlaşmamalıdır. Ölkənin tanınmış ictimai-siyasi şəxsləri belə çətin anlarda xeyriyyəçiliyin Azərbaycan xalqının ənənələrinə uyğun aparılmasına çağırmalı, belə saf niyyətdən öz maraqları üçün istifadə edənlərə etirazını bildirməlidir.

Yardımlaşmaq, kömək etmək iman, ümid və ədalət hissini itirməyənlərə xas olur.  Həssas təbəqənin qorunması indiki şəraitdə ən vacib məsələdir. Prezident İlham Əliyev çıxışında “biz onlara sahib çıxmalıyıq, onlara dəstək verməliyik, onlara kömək göstərməliyik- demişdi.

Xalqımız  tarixinin bütün dövrlərində həmişə belə xeyirxah və kasıba əl tutan olub. Kasıblara, imkansızlara aparılan yardım ancaq insan qürurunun qorunması ilə daha şərəfli olar, gerçək niyyəti ortaya qoyar, qəlblərdə özünə yer tutar.

 

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Bu gündən “Mobil notariat”la etibarnamə verilməsinə başlanılıb

Sonrakı məqalə

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin 16 əməkdaşı koronavirusa yoluxdu