Şeyxülislam Allahşükür Paşazadə Qazaxıstan səfirini qəbul edib

18 Mart 2021 - 20:34

Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə Qazaxıstanın Azərbaycandakı səfiri Serjan Abdıkarimovu qəbul edib.

APA-nın Qazaxıstanın Azərbaycandakı səfirliyinə istindən verdiyi xəbərə görə, görüşdə dinlərarası əməkdaşlıq, dinlər və mədəniyyətlər arası dialoq ilə bağlı aktual məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Dünya və Ənənəvi Dini Liderlərin Qurultayının işinin müzakirəsi zamanı A.Paşazadə Qazaxıstan Respublikasının Birinci Prezidenti – Elbası N.A.Nazarbayevin bu beynəlxalq forumun təsisindəki vacib rolunu qeyd edib.

S.Abdıkarimov beynəlxalq təhlükəsizliyin zəifləməsi, ekstremizm və beynəlxalq terrorizmin vüsət alması, mənəvi-əxlaqi dəyərlərin dəyərsizləşməsi fonunda dünya ictimaiyyətinin birləşməsində Qurultayın və dini liderlərin rolunu vurğulayıb.

Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri Azərbaycan və Qazaxıstan xalqları arasında münasibətlərin qardaş xarakterini qeyd edib.