Şeyxülislamın Fələstinlə bağlı mövqeyi necədir?

21 May 2021 - 01:22

İsrail və Fələstin arasında son həftələrdə başlanmış qarşıdurma dünyanın əsas müzakirə edilən mövzusuna çevrilib.

Uzun illərdir Yaxın Şərqin ən mürəkkəb problemi hesab edilən Fələstin məsələsinin müxtəlif “sülh reseptləri” ilə həllinə çalışsalar da münaqişə açıq qalmqada davam edir.

Son qarşıdurma dünya ölkələri tərəfindən etirazla qarşılandı və insan itkiləri pisləndi. Məsələyə münasibət bildirən dövlətlər İsraili hədsiz güc işlətməkdə günahlandırdılar, Fələstin tərəfini isə problemi siyasi yollarla müzakirəyə dəvət etdilər.

Uzun illərdir ki, bu qarşıdurma həm də siyasi münasibətləri aydınlaşdırmaq üçün bir indikatora çevrilib. Beynəlxalq müstəvidə, BMT-nin qəbul etdiyi qərarlara əsasən Fələstin dövlətinin yaradılması nəzərdə tutulsa da bir sıra səbəblərdən hələ ki bu baş vermir. Əvəzində etnik-dini və siyasi iddiaların bir-birinə qarşıdığı bu problem vaxtaşırı “partlayır” və dövlətlərin bir-birinə qarşı ittihamlar irəli sürməsinə səbəb olur.

Azərbaycan bu problemlə bağlı mövqeyi həmişə birmənalı olub. Bakı Fələstin məsələsinin həlli ilə bağlı tərəflərə öz mövqeyini açıq ifadə edib və sülhün əldə olunmasına töhfələrini verməyə hazır olduğunu vurğulayıb.

10 il əvvəl Fələstin dövlətinin prezidenti Mahmud Abbas Azərbaycana rəsmi səfəri zamanı prezident İlham Əliyev Fələstin dövlətinə dəstəyini ifadə etmişdi.

Xalqlarımız arasında əlaqələrin böyük tarixnin olduğunu bildirən İlham Əliyev qeyd etmişdi ki, əsrlər boyu xalqlarımız bir-birinə böyük rəğbətlə yanaşıb.

“Azərbaycan bütün beynəlxalq təşkilatlarda Fələstin Dövlətini dəstəkləyir. Aparılan bütün müzakirələr zamanı Azərbaycan Fələstinin yanındadır. Biz hesab edirik ki, tezliklə müstəqil, suveren Fələstin Dövləti yaradılmalıdır və onun paytaxtı Şərqi Qüds şəhəri olmalıdır. Bu, bizim mövqeyimizdir və bütün beynəlxalq təşkilatlarda biz bu mövqeyi müdafiə edirik. Bu, bir tərəfdən bizim qardaşlıq borcumuzdur, digər tərəfdən, bu mövqe beynəlxalq hüquq normaları əsasında formalaşıb”-deyə prezident bəyan etmişdi.

Mahmud Abbas Fələstin probleminin həllinə, müstəqil dövlət yaratması üçün göstərdiyi dəstəyə, yardıma görə prezident İlham Əliyevə təşəkkür etmişdi.

Fələstin prezidenti Qarabağ torpaqlarının Ermənistan tərəfindən işğal edildiyini bəyan etmiş və BMT qətnamələrinin icrasının vacibliyini vurğulamışdı.

2017-ci ilin dekabrında İstanbulda keçirilən İslam Əməkdaşlıq Təşkilatının Qüds məsələsinə dair fövqəladə Zirvə toplantısında çıxış edən İlham Əliyev bildirmişdi ki, Azərbaycan Fələstin Dövlətinə yardım məqsədilə İslam Maliyyə Təhlükəsizlik Şəbəkəsinin təsis konfransına və Qüds şəhərinin inkişafına dəstək məqsədilə donor konfransına ev sahibliyi edib. 2017-ci ilin iyul ayında Azərbaycanda BMT-nin Fələstin xalqının ayrılmaz hüquqlarının həyata keçirilməsinə dair komitənin, BMT-nin humanitar məsələlər üzə əlaqələndirmə ofisinin, İƏT və müxtəlif qeyri-hökumət və vətəndaş cəmiyyəti təşkilatlarının iştirakı ilə Qüds məsələsinə dair beynəlxalq konfrans keçirilib. Konfransda Şərqi Qüdsün işğalı və Əl-Aqsa məscidində ibadət edənlərə qarşı tətbiq olunan məhdudiyyətləri qınayan bəyanat qəbul edilib. ”Biz hər zaman olduğu kimi, bu gün də Fələstin xalqının yanındayıq”-deyə dövlət başçısı vurğulamışdı.

Bu illər ərzində iki dövlət arasında münasibətlər həmişə dostluq münasibətlərinə söykənib. Bakıda Fələstin səfirliyinin açılması bu əlaqələrin səviyyəsini göstərən bir addım saymaq olar.

Prezident İlham Əliyevin ardıcıl siyasi mövqeyi Fələstin dövləti tərəfindən çox yüksək qiymətləndirilib. 2018-ci ildə Azərbaycanda səfərdə olan Fələstinin xarici işlər naziri Riyad Maliki İlham Əliyevin Qüdslə bağlı tutduğu mövqeyinə, göstərdiyi cəsarətə, qətiyyətə görə təşəkkür edib.

Fələstin islam dünyasının ən ağrılı məsələsi olduğundan müsəlman ölklərinin cəmiyyətləri və dini rəhbərləri birmənalı, bir sıra hallarda kəskin mövqe sərgiləyirlər.

Azərbaycan daima problemin sülh və danışıqlar yolu ilə həllinin tapılmasını istəyib. Bu sırada Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadənin Fələstin məsələsində tutduğu mövqe dövlətin bu yöndə siyasi prioritetlərindən fərqlənməyib. Müsəlman dünyasında böyük hörmətə malik A.Paşazadə Fələstin və Qüds məsələsində birmənalı mövqeyi, münqaişənin başa çatmasına üçün etdiyi çağırışları ötən illərin yaddaşında durur.

2020-ci ilin iyununda Fələstinin baş qazısı Mahmud Sidqi Əl-Həbbaşın sədrliyi ilə keçirilən, İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərdən Türkiyə, İndoneziya, Misir, İraq, Sudan, Malaziya, Rusiya və digər ölkələrin nazirləri, tanınmış din xadimləri və nüfuzlu ictimaiyyət nümayəndələrinin iştirak etdiyi  “Sülhlə işğala qarşı” mövzusunda çıxış edən Şeyxülislam A. Paşazadə Azərbaycan xalqının və dövlətinin hər zaman Fələstin xalqının və dövlətinin yanında olduğunu, bu yöndə önəmli əməli addımlar atdığını  vurğulayıb.

O bildirib ki, müsəlman və qeyri-müsəlmanlar üçün müqəddəs sayılan yerlərə sahib olan Qüds bütün bəşərə məxsus sülh və dialoq məkanı olmalıdır.

Fələstin probleminin sülh yolu ilə ədalətli həll olunmasının zəruriliyini vurğulayan Şeyxülislam A. Paşazadə Yaxın Şərqin bu həssas bölgəsində sülh və əmniyyətin bərqərar olması üçün BMT-nin müvafiq qətnamələrinə uyğun olaraq ədalətli, davamlı və sülh yolu ilə həllinin vacib olduğunu xüsusi vurğulayıb.

2018-ci Fələstin Dövlətinin xarici işlər naziri Riad Malki ilə görüşündə Allahşükür Paşazadə Azərbaycan ilə Fələstin arasında əlaqələrin tarixi köklərə əsaslandığını, xalqlarımızın möhkəm dostluq münasibətlərinin olduğunu deyib.

“Biz Qafqaz müsəlmanları bəyan edirik ki, Qüds müsəlmanların – Fələstinin paytaxtıdır”-deyə QMİ sədri mətbuat üçün bəyanatında vurğulamışdı.

“Qüdsdə baş verən hadisələrə müsəlman olaraq biganə qala bilmərik”-deyən QMİ sədri vurğulayıb ki, ora hər hansı bir müdaxilə qarşıdurmalar və çətinliklər yaradır.

A.Paşazadə çıxışlarında qeyd edib ki, Qüds bütün dinlər üçün müqəddəsdir: “Beynəlxalq hüquq çərçivəsində məsələyə baxılmalı və sülh yolu ilə atılan addımlardan geri çəkililməməlidir”.

Son məlumatlardan aydın olur ki, İsrail və Fələstin arasında atəşin dayandırlması barədə saziş əldə edilib.

Yaxın Şərqi daima gərginlikdə saxlayan bu problemin birdəfəlik həlli üçün Azərbaycan öz vasitəçilik səylərini həmişə nümayiş etdirib. Bu sırada QMİ sədrinin mövqeyi mühüm məqamlardandandır.

Ağaddin Əlizadə