Şeyxülislamın həmrəylik platforması –

Dünyanın müsəlman din xadimləri Qələbəyə xeyir- dua verdi
12 Noyabr 2020 - 02:57

Noyabrın 10-da Azərbaycan Qarabağdan gələn qələbə xəbərini bayram edərkən Bakıda keçirilən mötəbər konfransa dünyanın dörd bir yanından qatılan nufuzlu din xadimlərinin dilindən bu qalibiyyət üçün edilən xeyir-dualar səslənirdi.

Qafqaz Müsəlmanları İdarəsinin təşkilatçılığı ilə “Müasir dünyanın problemləri: nifrətə çağırış, terror, ekstremizm, islamafobiya və Ermənistanın Azərbaycana qarşı təcavüzü” mövzusunda keçirdiyi onlayn Beynəlxalq Konfransda İslam Əməkdaşlıq Təşkilatının Baş katibi Yusif bin Əhməd Əl-Useymin, İslam aləminin, o cümlədən Yaxın Şərq, Afrika, Avropa və Asiyanın nüfuzlu siyasi-ictimai xadimləri və dini rəhbərləri iştirak edirdilər.

Bakı artıq neçə illərdir ki, həm islam, həm də digər səmavi dinlərin əməkdaşlıq mərkəzinun uğurlu platformasına çevrilib. Azərbaycanın yürütdüyü  tolerantlıq siyasəti eyni zamanda üzləşdiyimiz ərazi işğalına qarşı dövlətimizə dəstək verən ölkələrin böyük bir meydanını formalaşdırıb.

Bu dəfə də belə oldu.

Konfransda çıxış edən QMİ sədri, Şeyxülislam Allahşükür Paşazadə Prezident İlham Əliyevi, Birinci vitse-prezident Mehriban Əliyevanı və Azərbaycan xalqını Qələbə münasibətilə təbrik edib. QMİ sədri Azərbaycanın dünya birliyi tərəfindən tanınan ərazi bütövlüyünü bərpa etmək, öz əzəli torpaqlarını erməni işğalından azad etmək uğrunda haqq mübarizəsinə verdikləri siyasi-mənəvi dəstəyə görə İslam Əməkdaşlıq Təşkilatına, Türkiyə, İran, Pakistan və Əfqanıstanın dövlət rəhbərlərinə və xalqlarına, İslam aləminin tanınmış şəxsiyyətlərinə, nüfuzlu dini liderlərinə və ictimai xadimlərinə dəstək bəyanatlarına və həmrəylik məktublarına görə dərin minnətdarlığını ifadə edib.

Şeyxülislam Allahşükür Paşazadə erməni kilsəsinin bu işğalçılıq və vandalizm əməllərinə dəstək verərək Azərbaycanın işğal olunmuş ərazilərində ölənədək vuruşmağa çağırışlarını sülhə deyil, ölümə, işğala, təcavüzə xeyir-dua verməsini dini mərkəzə yaraşmayan və xristianlığın hökmlərinə zidd olan nifrətə çağırış nümunəsi kimi qiymətləndirib.

QMİ sədri bu günlər işğaldan azad olunmuş torpaqlarımızda, Qarabağın qədim şəhəri Şuşada Azərbaycanın üçrəngli Dövlət Bayrağının dalğalanmasını və azan səsinin ucalmasını böyük nemət kimi dəyərləndirib.

“Beynəlxalq Konfransın iştirakçıları olaraq Zati-alinizi üçqat bayram sevinci -Şuşanın işğaldan azad olunması və Qarabağ savaşının böyük qalibiyyətlə zəfəri münasibətilə ürəkdən təbrik etməkdən şərəf duyuruq. Azərbaycan Respublikasının üçrəngli bayrağının Azərbaycanın işğaldan azad olunmuş ərazilərində dalğalanması bütün müsəlman aləmi üçün qürur və fəxarət mənbəyidir”- deyə iştirakçıların Prezident İlham Əliyevə ünvanladığı müraciətdə vurğulanır.

Konfransda çıxış edən İslam Əməkdaşlıq Təşkilatının Baş katibi Yusif bin Əhməd Əl-Useyminin xüsusi nümayəndəsi Məğrub Səlim Bat Azərbaycanın öz ərazi bütövlüyünün bərpası istiqamətində mübarizəsinə İƏT-in hər zaman dəstək verdiyini xüsusi vurğulayıb. İƏT-in və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamə və qərarlarını xatırladıb, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş ərazilərindən tam və qeyd-şərtsiz çıxarılmasını tələb etdiyini, Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı prinsipi əsasında iki ölkə arasındakı münaqişənin siyasi həllinə tərəfdar olduğunu bildirib.

Türkiyə Cümhuriyyətinin Diyanət İşləri Başqanı Ali Erbaş, İranın Mədəniyyət və İslami Əlaqələr Təşkilatının sədri Əbuzər İbrahimi Torkaman, İSESKO-nun baş direktoru Saleh bin Məhəmməd əl Maliki digər iştirakçılar Azərbaycanı qələbə münasibəti ilə təbrik ediblər.

Konfransın qəbul etdiyi bəyanatda iştirakçılar Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətinə dəstək ola biləcək hər hansı siyasi, mənəvi, iqtisadi, hərbi yardımlar göstərməməyə çağırıb. Eyni zamanda Dağlıq Qarabağ münaqişəsinin BMT Nizamnaməsinə, dövlətlərin ərazi bütövlüyü, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində sülh yolu ilə həll olunmasına töhfə verməyə çağırıblar.

Konfransın mesajlarını Azərbaycanın öz haqq işi uğrunda apardığı mübairzədə zəruri sayılacaq mövqe nümayişi baxımından əhəmiyyətli saymaq olar.

44 günlük Vətən Müharibəsi həm də dövlətimizin dostlarının müəyyənləşməsi üçün bir indikator oldu.

Hərbi əməliyyatlar zamanı beynəlxalq müstəvidə Azərbaycan üçün əhəmiyyət daşıyan məsələ ictimai rəyin doğru yönəldilməsi idi.  Ön cəbhədə olan əsgər qorxmadan döyüşdüyü kimi, arxa cəbhədə ictimai –mənəvi-ideoloji cəbhənin idarə olunması zəruri amil sayılırdı.

Bu baxımdan müsəlman ölkələrinin birləşdiyi nufuzlu beynəlxalq qurumların, ölkələrin mövqeyi xüsusi qeyd oluna bilər. Azərbaycanın bu paltformada özünün tutarlı mövqeyini möhkəmləndirməsi üçün bu illər ərzində çoxlu işlər görülüb. Azərbaycan prezidenti İlham Əliyevin dəstək verdiyi siyasətin yürüdülməsində və nəticələrin əldə olunmasında QMİ sədri Allahşükür Paşazadənin rolu danılmazdır.

A.Paşazadənin istər İslam Əməkdaşlıq Təşkilatında fəaliyyəti, istərsə də müxtəlif dinlərin  rəhbərləri ilə olan şəxsi dostluq münasibətləri Azərbaycanın haqlı mövqeyinin çatdırılmasında töhfələrini verir və körpü rolunu oynayır.

QMİ sədri müharibənin ilk günündən nufuzlu din xadimlərinə, beynəlxalq təşkilatlara etdiyi müraciətlərdə Azərbaycanın məqsədinin öz torpaqlarının işğaldan azad etmək olduğunu yazmışdı. Həmin günlərdə BMT, İƏT və digər tanınmış ruhanilərdən alınan cavablarda dövlətimizə dəstək ifadə edilib və işğal faktoru pislənib.

Həmin günlərdə verilən dəstək bəyanatlarının hər birinin arxasında Azərbaycanın illər boyu apardığı işin ağır və şərəfli izi durur.

Bu sırada müsəlman ölkələrinin birləşdiyi İslam Əməkdaşlıq Təşkilatı yaddaqalan oldu. İslam Əməkdaşlıq Təşkilatı hələ 1991-ci ildə Azərbaycanı üzvlüyə qəbul edərkən ateist sovet ölkəsinin gənc Şeyxülislamının imzasına etibar etmişdi. Bu müstəvi bizə daim ən çətin günlərdə özünün etibarlı dəstəyini açıq nümayiş etdirdi.

Bakıda keçirilən konfrans bu dəstəyin bariz nümunəsi olmaqla bölgədə başlanan yeni tarixi prosesdə Azərbaycanın həlledici gücünü təsdiq edən növbəti tədbir oldu. Konfransda iştirak edən dini liderlərin Azərbaycanla bağlı vahid mövqeyi Qarabağ müharibəsinin dini çətir altına soxmağa çalışan Erməni Apostol Kilsəsinə daha bir tutarlı zərbə oldu. Din xadimlərinin Azərbaycanın ərazi bütövlüyünə birmənalı dəstəyi erməni apostol kilsəsi üçün xoş olmayan haldır. Nəticə bundan ibarətdir ki, Ermənistan sülh mesajı yayan səmavi dinlərinin təmsilçiləri ilə bir cərgədə dura bilmir.

QMİ rəhbəri isə dini camedəki nufuzunu və əlaqələrini Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi və Qarabağ üçün ədalətli sülh tezisi üzərində uğurla kökləyərək belə sülhün təmin olunmasına töhfələrini verir.

Konfransın Bəyanatında diqqət çəkən məqamlardan biri də səmavi din adından törədilən qanlı cinayətləri birgə pislənməsidir. Sənəddə Azərbaycanın ərazi bütövlüyünün tam müdafiə olunması, Qarabağda qələbənin dəstəklənməsi Azərbaycanla həmrəyliyin bir daha təsdiqi oldu.

Emin ABBASOV