Babək “Sirab” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Namiq Novruzov Müsavat Partiyasının sabiq başqanı İsa Qəmbər və indiki rəhbəri Arif Hacılının “Sirab” şirkəti tərəfindən maliyyələşdirilməsinə dair iddialarla bağlı bəyanat yayıb.
Bəyənatda deyilir: “Son zamanlar bəzi xəbər saytlarında Müsavat Partiyasının sabiq başqanı İsa Qəmbər və indiki rəhbəri Arif Hacılının “Sirab” şirkəti tərəfindən maliyyələşdirilməsi haqqında məlumatlar yayılıb. Bu səpgili xəbərlərin meydana çıxmasına səbəb isə Avropada yaşayan və özünü müsavatçı jurnalist kimi təqdim edən Laçın Məmişov tərəfindən “youtube” kanalında yayımlanmış bir videodur. Həmçinin, xəbərlər Babək “Sirab” ASC-yə məxsus “Sirab” mineral sularının foto şəkilləri də yerləşdirilərək yayımlanmışdır.
Babək “Sirab” ASC olaraq məsələ ilə bağlı araşdırmalarımızdan sonra bəlli olur ki, sözügedən jurnalistin açıqlamasında yuxarıda da qeyd etdiyimiz kimi, Babək “Sirab” ASC-dən yox, Avropada yaşayan hansısa Azərbaycan vətəndaşı tərəfindən elə Avropa ölkələrinin birində qeydiyyatdan keçirilmiş və orada da fəaliyyət göstərən “Sirab Europa Gmhb” adlı bir şirkətdən bəhs edilir.
Babək “Sirab” ASC olaraq qətiyyətlə bildiririk ki, Avropada qeydiyyatdan keçmiş həmin “Sirab Europa Gmhb” adlı şirkətin Naxçıvanda qeydiyyatdan keçmiş və ölkəmizdə fəaliyyət göstərən Babək “Sirab” ASC ilə yaxından və uzaqdan heç bir əlaqəsi yoxdur.
Lakin bir sıra yerli xəbər saytları bu informasiyanı “Babək Sirab” ASC rəhbərliyi ilə heç bir dəqiqləşdirmə aparmadan Babək “Sirab” ASC-yə məxsus “Sirab” mineral sularının foto şəkillərindən də istifadə etməklə öz xəbər saytlarında yayınıb. Bu cür qeyri-dəqiq xəbəri yayan media quruluşlarının məsələyə qeyri-peşəkar yanaşaraq, KİV haqqında qanunun tələblərinə məhəl qoymayaraq qarşı tərəfin mövqeiyini öyrənmədən birtərəfli qaydada xəbər yayınlamasından və nəticə etibarilə ictimaiyyətdə şirkətimizə və markamıza yönəlik əsassız çaşqınlıq yaratmasından dərin təəssüf hissi keçiririk. Babək “Sirab” ASC-yə və “Sirab” markasına yönəlik qeyri-dəqiq informasiyanı yayan xəbər saytlarından yanlışlarını düzəldərək təkzib vermələrini tələb edir, əks təqdirdə haqqımızı hüquqi müstəvidə qorumaq üçün bütün zəruri addımları atacağımızı bildirmək istəyirik.
Bir daha media və mətbuat sahəsində çalışan dəyərli qələm sahiblərini bu kimi məsələlərə diqqətli və həssas yanaşmağa, vəzifə borcunu peşəkarlıq və qanuna müvafiq olaraq yerinə yetirməyə dəvət edirik.
Qeyd edək ki, ötən həftə Avropada yaşayan Laçın Məmişov adlı şəxs youtube üzərindən canlı yayım edərək, belə iddia səsləndirib: “Milli Strateji Düşüncə Mərkəzinin sədri, Müsavat partiyasının sabiq başkanı İsa Qəmbəri “Sirab” şirkəti maliyələşdirir. Mən buradan İsa Qəmbərə və Arif Hacılıya müraciət edib, “Sirab”dan onlara nəyə görə pullar verilməsinə cavab istəyirəm. Bu gün İsa Qəmbərin bütün müalicə xərclərini “Sirab” şirkəti ödəyir. İsa Qəmbər, Arif Hacılı, bu suallara cavab verin. Məndən qaça bilməyəcəksiniz. Gec-tez ifşa olunacaqsınız”.