Siyavuş Novruzovun seçkidə rəqibi YAP-çıdır –

Vasif Talıbov isə öz təşəbbüsü ilə namizəd olub (RƏSMİ SİYAHI)
25 Yanvar 2020 - 23:03

Yeni Azərbyacan Partiyasının 200-dən çox üzvü partiyanın rəsmən irəli sürdüyü deputatlığa namizədlərə alternativ olaraq öz namizədliyini irəli sürüb. Partiyanın Mərkəzi Aparatı tərəfindən onlarla söhbətlər aparıldıqdan sonra onların böyük qismi namizədliklərini geri götürüb.

Azpost.info bildirir ki, bu barədə YAP icra katibinin müavini Siyavuş Novruzov açıqlama verib.

Amma onlardan bir qrupu isə fikrindən dönməyib və seçkilərə qatılıb.

Həmin şəxslər partiyanın ilk yerli təşkilatı, rayon təşkilatı tərəfindən partiya Nizamnaməsinin tələbinə uyğun olaraq, partiyanın rəhbər orqanlarının qərarını pozduqları üçün partiya sıralarından xaric olunublar.

S.Novruzov deyib ki, onlarla bağlı Mərkəzi Seçki Komissiyasına qərarlarını təqdim ediblər:  “Həmin şəxslər partiyanın adından istifadə etmək hüququndan məhrum olunublar. Bu gün üçün YAP-ı 123 seçki dairəsinin hər birində bir namizəd təmsil edir”.

Bununla bağlı Azpost.info araşdırma aparıb. MSK-nın rəsmi saytında dairələr üzrə namizədlər arasında öz təşəbbüsü ilə namizədliyi qeydə alınmış YAP üzvlərinin adları yoxdur.Yalnız Naxçıvandan olan dairələrdə YAP üzvü olan bir neçə şəxs öz təşəbbüsü ilə namizəd kimi qeydə alınıb. Maraqlıdır ki, Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri Vasif Talıbov YAP üzvü kimi qeyd olunsa da namizədliyini öz təşəbbüsü ilə irəli sürüb.

Öz təşəbbüsü ilə namizədliyini irəli sürən digər YAP üzvü AMEA-nın Naxçıvan bölməsinin Bioresurslar İnstitutunun nəbatət şöbəsində kiçik elmi işçisi olan Məmmədov Qədir Vahid oğludur.  Q.Məmmədov 5 saylı Şahbuz-Babək seçki dairəsindən namizəddir. Maraqlıdır  ki, həmin dairədən YAP icra katibinin müavini Siyavuş Novruzov namizəddir.

3 saylıBabək-Kəngərli-Naxçıvan dairəsindən də YAP üzvü olan 2 şəxs – Babək rayonu Didivar kənd orta məktəbinin direktoru Hüseynqulu Bədəlov və Kəngərli rayon Meloriasiya və Su Təsərrüfatının rəisi Nəriman Quliyev öz təşəbbüsləri ilə namizədliklərini irəli sürüblər. Həmin dairədən bitərəf kimi hazırkı deputat Səttar Mehbalıyev namizəddir.

YAP-ın partiyadan xaricetmə qərarının onlara aid olub-olmadığı məlum deyil.

Azpost.info