Slovakiyada hökumət martın 30-da istefa verəcək

30 Mart 2021 - 01:03

Slovakiyada İqor Matoviçin rəhbərlik etdiyi hökumət martın 30-da istefaya gedəcək.

Bu məlumatı hazırda maliyyə naziri olan, növbəti hökumətdə isə Baş nazir vəzifəsini tutacaq Eduard Heqer təsdiqləyib. O həmçinin bildirib ki, hökumətin istefası ilə yanaşı, dövlət başçısı Zuzana Çaputova ona yeni hökuməti formalaşdırmaq üçün mandat verəcək.

E.Heqer Slovak Televiziyasına bu məlumatı Z.Çaputova ilə görüşündən sonra verib və qeyd edib ki, dövlət başçısını hökumət böhranını nizamlamaq üçün koalisiyada təmsil olunan partiyalar arasında əldə olunmuş razılaşma barədə məlumatlandırıb.

Qeyd edilməlidir ki, Slovakiyada hazırda dörd partiyadan (mühafizəkar “Adi insanlar və müstəqil şəxsiyyətlər“ (OľaNO), liberal-mühafizəkar “İnsanlar naminə”, liberal “Azadlıq və Həmrəylik“ və “Biz – ailə”) ibarət koalisiya hakimiyyətdədir. “İnsanlar naminə” və “Azadlıq və Həmrəylik” partiyaları Nazirlər Kabinetinin razılığını öyrənmədən Rusiya istehsalı olan “Sputnik V” peyvəndini sifariş verməkdə ittiham edərək onun istefasına nail oldular.