Son 15 ildə 130 hakim məhkəmə sistemindən qovulub –

Ədliyyə Nazirliyində kollegiya
05 Noyabr 2019 - 20:25

Son 15 ildə 200 hakim barəsində intizam icraatı başlanılıb.

Bu barədə Ədliyyə Nazirliyində keçirilən kollegiya iclasında bildirilib.

Qeyd olunub ki, məhkəmələrdə süründürməçilik və digər mənfi hallara qarşı hər zaman qəti tədbirlərin görülür. Məhkəmə-Hüquq Şurası tərəfindən fəaliyyət göstərdiyi 15 il ərzində 200 hakim barəsində intizam icraatının başlanıldığı, 130 hakimin qanunvericiliklə nəzərdə tutulmuş müxtəlif əsaslarla – fəaliyyətinin qeyri-məqbul qiymətləndirilməsinə, səlahiyyət müddətinin uzadılmamasına görə, habelə intizam qaydasında, o cümlədən korrupsiyaya şərait yaradan hüquqpozmalara yol verdiklərinə görə məhkəmə sistemindən kənarlaşdırıldığı vurğulanıb. Məlumat verilib ki, şəffaflığın və qərəzsizliyin, habelə qeyri-prosessual münasibətlərin yolverilməzliyinin təmin edilməsi məqsədilə Ədliyyə Nazirliyi və Məhkəmə-Hüquq Şurası tərəfindən məhkəmələrdə mütəmadi yoxlamalar və monitorinqlər aparılır. Qısa müddət ərzində 40-dan çox məhkəmədə monitorinqlər keçirilib, yol verilən pozuntular 100-dən artıq hakimin və məhkəmə sədrinin diqqətinə çatdırılıb, daha kobud pozuntularla bağlı isə intizam icraatları başlanılıb. (APA)