Son bir həftədə içkidən 4 nəfər ölüb, 1 nəfər isə görmə qabiliyyətini itirib

- Rəsmi
30 Dekabr 2019 - 13:44

“Son bir həftə ərzində içkidən zəhərlənmə ilə bağlı ümumilikdə 8 hadisə baş verib”.

APA-nın məlumatına görə, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli mətbuat konfransında bildirib. Onun sözlərinə görə, bu hadisələr nəticəsində 13 nəfər zərərçəkən olub, onlardan 4-ü ölüb, biri isə görmə qabiliyyətini itirib.

AQTA sədri bayram günlərində qidalanma ilə bağlı əhaliyə və ictimai iaşə obyektlərinin rəhbərlərinə də müraciət edib. O bildirib ki, bayram günlərində ictimai iaşə obyektlərində müraciət və istehlak çox olur: “Yeni il bayramı ilə əlaqədar müxtəlif ictimai iaşə müəssisələrində, restoran, şadlıq saraylarında hazırlıq gedir. Ailələr də fərdi qaydada bayrama hazırlıq edirlər. Bu günlərdə hər bir vətəndaş özü də qida nəzarətçisinə çevrilməlidir. İctimai iaşə obyektlərinin sahiblərini daha diqqətli olmağa səsləyirik. Onlar  öz məsuliyyələrini dərk etməlidilər”.

Q.Təhməzli bildirib ki, qış  turizmi ilə əlaqədar Azərbaycana çoxlu sayda xarici vətəndaşlar gəlir: “Bu məqsədlə də ictimai iaşə obyektlərinin sahiblərinə səslənirəm ki, onlar ölkənin imicini də nəzərə almalıdırlar, onların hər hansı yanlış hərəkəti Azərbaycanın nüfuzuna mənfi təsir göstərə bilər”.