SSRİ dönəmində mahnı janrı ciddi senzura altında idi. Xüsusi seçilmiş şəxslərdən ibarət bədii şuralar efirdə hansı mahnının kimin ifasında oxunmasına razılıq verdikdən sonra musiqi televiziyada və radio dalğalarında səslənirdi.
Mahnı mətnlərinə ciddi nəzarət olunurdu. Musiqidə bayağı saydıqları mahnı sözləri olduqda dərhal ona qadağa qoyulurdu.
Buna baxmayaraq kütləvi mahnı janrı sovet vaxtı “ara müğənnisi” adı qoyulmuş toy ifaçılarının sayəsində rəngarəng buketi ilə insanlar arasında yayılırdı. Çoxu “birdəfəlik” sayılan bu mahnıların sırasında bəzən uzun illər unudulmayan və dillərdə gəzən mahnılar da olurdu.
Musiqinin kimin bəstələdiyi məlum olmayan, sözlərini kim yazdığı naməlum qalan bu mahnılar qapalı sovet cəmiyyətinin sakinlərini o qədər də narahat etmirdi. Əsas odur ki, musiqi qəlbə yatımlı, sözləri kədərli idi.
SSRİ xalq artisti Zeynəb Xanlarovdan tutmuş populyar toy müğənniləri sayılan Baloğlan Əşrəfov, Ağadadaş Ağayev, Cavad Rəcəbov və digərlərinin repertuarlarında belə yaddaqalan mahnıları tapmaq olar.
Bəs bu mahnılar haradan peyda olurdu?
Bunun o qədər də gizli bir sirri yoxdur. “Dəmir pərdə” çəkilmiş SSRİ-nin cənub qonşuları olan Türkiyə və İranın radio dalğaları Azərbaycanda tuturdu. İranın islam inqilabından əvvəlki Şah Pəhləvi dövrü dünyəvi sistem idi və radiolarda gur musiqi proqramları əskik olmurdu. Məhz o zamanlarda Azərbaycan müğənniləri İran sənətçilərinin ifalarını gizli şəkildə maqnitafona yazırdılar. Mahnı mətni əgər fars dilində olurdusa onun həvəskar şairə verib Azərbaycan dilində yeni mətn yazdırırdılar. Beləcə, bu mahnılar o taydan bu taya gəlir, xalq arasında populyar olurdu.
Belə müğənnilərdən biri Peyman Təbrizi olub. Onun 70-ci illərdə oxuduğu bir çox mahnılar Azərbaycan toylarında böyük həvəslə ifa olunurdu. “Leylam”, “İnanma eşq yalandır”, “Balıqların şahı ölüb dəryada”, “qızıl gül saralmayaydı”, “sən gəlmədin”, “Divanə oldum” və digər mahnıları dillər əzbəri idi.
SSRİ xalq artisti Zeynəb Xanlarovanın ifasında “Leylam” mahnısı bütün ölkələrdə səslənirdi.
Peyman Təbrizi kim idi?
Təbrizdə anadan olan Peyman cənubi Azərbaycanın musiqi məktəbinin unudulmaz ustalarından olub. Əsl adı Araş olan bu sənətçi tanındıqdan sonra Təbrizdən Tehrana köçüb. Uzun illər orada yaşayıb səhnə fəaliyyəti göstərib.
Peyman Tehranda da vəfat edib.
Onun mahnıları bu gün də Təbriz toylarında ifa olunur.
Azərbaycanın əməkdar artisti, məşhur müğənni Baloğlan Əşrəfovun oxuduğu bir çox mahnılar Peyman Təbrizinin repertuarındandır.
Peyman Təbrizi 10 il əvvəl dünyasını dəyişib.
Azpost.info Peyman Təbrizinin ifasında mahnıları oxucularına təqdim edir.