28 il əvvəl- 1991-ci ildə dünyanın fövqəldövlətlərindən olan Sovet İttifaqı dağıldı. Bu nəhəng dövlətin suqut etməsi ilə yeni dünya müstəvisi ortaya çıxdı.
Amma SSRİ-nin suqutu barədə suallar indiyə qədər bitmir. Dünyanın gizli güclərinin hazırladığı “sui-qəsd” nəzəriyyəsindən tutmuş ən adi məişət mövzusunadək olan təhlillər onu göstərir ki, Sovet İttifaqı barədə miflər hələ çox müzakirə ediləcək.
SSRİ-nin mövcudluğuna son nöqtə isə Minskdə qoyuldu. 1991-ci dekabrın 8-də üç respublikanın –Belarusiya, Ukrayna və Rusiya liderlərinin iştirakı ilə “Belovejsk sazişi” imzalandı. Bununla da Sovet İttifaqının varlığına son qoyuldu, yeni Müstəqil Dövlətlər Birliyi tarix səhnəsinə çıxdı. Dekabrın 25-də isə SSRİ prezidenti Mixail Qorbaçov Televiziya ilə istefası haqqında fərmanını oxudu – SSRİ tarixə döndü.
Azpost.info 1991-ci ildə Minskdə saziş imzalandıqdan sonra Rusiya prezidenti Boris Yeltsinin və SSRİ prezidenti Mixail Qorbaçovun ABŞ prezidenti Corc Buşla telefon danışığının stenoqramını təqdim edir. Xatırladaq ki, Yeltsinin Buşla telefon danışığı “Belovejsk sazişi” imzalandıqdan 5 dəqiqə sonra qeydə alınıb. “Komsomolskaya Pravda” qəzeti bu stenoqramı Yekatrinburqdakı “Yeltsin Mərkəzi” Muzeyindən əldə edə bilib.
MDB-nin yaradılması haqqıında “Belovejsk sazişi” imzalandıqdan dərhal sonra 8 dekabr 1991-ci ildə Yeltsin Buşa zəng vurub. Onlar 28 dəqiqə danışıblar.
İki həftə sonra – 25 dekabrda isə SSRİ prezidenti Mixail Qorbaçov Corc Buşa zəng vurub. Bu, M.Qorbaçovun SSRİ prezidenti kimi səlahiyyətlərinə xitam verməmişdən 2 saat əvvəl baş verib. Danışıq 22 dəqiqə çəkib. SSRİ xüsusi xidməti bu danışığı yazmayıb. Amma ABŞ səsi yazıb.
Muzeyin direktoru bildirib ki, Mərkəz yaradılarkən Corc Buşun prezident kataloqunda bu stenoqramı tapıblar. Sorğu göndərildikdən sonra stenoqramın elektron nüsxəsini alıblar. Bu stenoqram Texasdakı prezident kitabxanasında mühafizə olunur. 2008-ci ildə oğlu Corc Buş onün üstündən “məxfi” qrifini götürüb.
Ağ Ev. Vaşinqton.
Telefon danışığının yazılışı.
MÖVZU: Rusiya Respublikasının prezidenti Yeltsinlə telefon danışığı.
İŞTİRAKÇILAR: ABŞ prezidenti Corc Buş, Rusiya Respublikasının prezidenti Boris Yeltsin
TARİX VƏ MƏKAN: 8 dekabr 1991-ci il. 13.08 – 13.36 Oval kabinet.
Prezident Buş: Salam Boris. İşləriniz necədir?
Prezident Yeltsin: Salam, cənab prezident. Sizi salamlamağa çox şadam. Cənab prezident, biz sizinlə danışmışdıq ki, fövqəladə hadisələr zamanı bir-birimizi məlumatlandıraq. Mən sizi, siz məni… Bu gün bizim ölkəmizdə çox mühüm hadisə baş verib. Mən istəyirəm ki, KİV-in bundan xəbər tutmasından əvvəl, sizi məlumatlandırım.
Prezident Buş: Əlbəttə, çox sağ olun.
Prezident Yeltsin: Cənab prezident, üç respublikanın – Belarusiya, Ukrayna və Rusiyanın rəhbərləri bu gün yığışdıq. İki gün davam edən çoxsaylı və davamlı diskussiyalardan sonra belə qərara gəldik ki, mövcud sistem və bizdən imzalanması istənilən İttifaq Müqaviləsi bizi qane etmir.
Ona görə də biz yığışdıq və bir neçə dəqiqə bundan əvvəl birgə saziş imzaladıq. Cənab Prezident, biz üç respublikanın – Belarusiya, Ukrayna və Rusiyanın rəhbərləri yeni İttifaq müqaviləsinin dalana dirəndiyini qeyd edərək, yeni müstəqil dövlətlərin yaradılmasının reallığını anlayırıq. Bundan əlavə, Mərkəzin uzağı görməyən siyasəti bizi iqtisadi və siyasi böhrana saldığını nəzərə alaraq, biz -Belarusiya, Ukrayna və Rusiya müstəqil dövlətlər olaraq saziş imzaladıq. Bu 16 bənddən ibarət olan saziş müstəqil dövlətlərdən ibarət birliyi yaradır.
Prezident Buş: Başa düşürəm.
Prezident Yeltsin: Bu Birliyin üzvləri beynəlxaq sülhün və təhlükəsizliyin möhkəmləndirilməsini öz qarşılarına əsas məqsəd kimi qoyur. Onlar həmçinin keçmiş SSRİ-nin imzaladığı bütün saziş və müqavilələrə, xarici borcları ilə bağlı müqaviləyə əməl ediləcəyinə dair təmint verirlər. Biz həmçinin nüvə silahı üzərində vahid nəzarəti dəstəkləyirik. Bu sazişi danışıqlarda iştirak etmiş Belarusiya, Ukrayna və Rusiyanın dövlət başçıları imzalayıb.
Prezident Buş: Yaxşı.
Prezident Yeltsin: Sizinlə telefonla danışdığım otaqda mənimlə birgə Ukrayna prezidenti və Belarusiya Ali Sovetinin Rəyasət Heyətinin sədri oturub. Mən həmçinin indicə Qazaxıstan prezidenti Nazarbayevlə telefonla danışmışam. Mən sazişin tam mətnini ona oxudum. O, bizi dəstəkləyir və sazişi imzalamağa hazırdır. Nazarbayev tezliklə sazişi imzalamaq üçün Minskə uçacaq.
Prezident Yeltsin: Bu çox mühümdür. Bu dörd respublika Sovet İttifaqının bütün ümümdaxili məhsulunun 90 faizini istehsal edir. Bu cəhdimiz Birliyi saxlayacaq, amma bizi Mərkəzin 70 illik total nəzarətindən azad edəcək. Bu çox ciddi addımdır. Biz ümid edirik və əminik ki, bu kritik situasiyadan çıxmaq üçün yeganə çıxış yoludur.
Prezident Buş: Başa düşürəm.
Prezident Buş: Boris, siz…
Prezident Yeltsin: Cənab prezident, sizə məxfi olaraq bildirməliyəm ki, prezident Qorbaçovun bu nəticələrdən xəbəri yoxdur. O, bizim yığılmaq niyyətimizi bilirdi. Mən özüm ona görüşmək istədiyimizi demişdim. Əlbəttə, biz dərhal saziş mətnini ona göndərəcyik ki, öz səlahiyyətləri səviyyəsində qərar qəbul etsin. Cənab prezident, mən bu gün sizinlə çox açıq danışdım. Biz dörd dövlət hesab edirik ki, yaranmış kritik situasiyadan yalnız bir çıxış yolu var. Biz heç nəyi gizli etmək fikrində deyilik. Biz dərhal öz bəyanatımızı KİV-ə verəcəyik. Sizin bizi başa düşəcəyinizə ümid edirik .
Prezident Buş: Boris, mən zənginzə və belə açıq danışdığınıza görə minnətdaram. Biz indi dərhal bu 16 bəndlik sazişi nəzərdən keçirəcəyik. Siz necə düşünürsünz? Mərkəzin buna reaksiyası necə olacaq?
Prezident Yeltsin: Mən ilk olaraq SSRİ müdafiə naziri Şapoşnikovla danışdım. Sazişin altıncı bəndini sizə oxumaq istəyirəm. Şapoşnikov sazişlə tam razıdır və bizi dəstəkləyir. İndi isə altıncı bəndi oxuyuram…
Prezident Yeltsin: Biz buna təminat veririk.
Prezident Buş: Biz, əlbəttə, bütün bunları diqqətlə öyrənmək istəyirik. Başa düşürük ki, bu məsələlər ABŞ kimi üçüncü tərəflə deyil, iştirakçılar tərəfindən həll edilməlidir.
Prezident Buş: Yaxşı, sizə uğurlar. Zəng etdiyinizə görə sağ olun. Biz Mərkəzin və digər respublikaların reaksiyasını gözləyəcəyik. Fikirmcə, zaman hər şeyi göstərər.
Prezident Yeltsin: Mən əminəm ki, digər respublikalar da bizi başa düşəcəklər və tezliklə bizə birləşəcklər.
Prezident Buş: Bir daha belə tarixi hadisədən sonra vurduğunuz zəngə görə sağ olun.
Prezident Yeltsin: Sağ olun.
Prezident Buş: Sağ olun.
Danışıq bitdi.
İki həftə sonra SSRİ prezidenti Mixail Qorbaçov ABŞ prezidentinə zəng vurub.
“Meşədə gizlənməyə hazırlaşmıram”
AĞ EV.
VAŞİNQTON
TELEFON DANIŞIĞININ SƏS YAZISI
MÖVZU: SSRİ Prezidenti Mixail Qorbaçovla telefon danışığı
İŞTİRAKÇILAR: ABŞ prezidenti Corc Buş, SSRİ Prezidenti Mixail Qorbaçov
TARİX VƏ MƏKAN: 25 dekabr 1991-ci il. 10.03 – 10.25 Kemp-Devid
Prezident Buş: Salam, Mixail.
Prezident Qorbaçov: Corc, əziz dostum. Sizin səsinizi eşitməkdən çox şadam.
Prezident Buş: Sizi belə tarixi və möhtəşəm gündə salamlamaqdan şadam. çox sağ olun ki, zəng vurmusunuz.
Prezident Qorbaçov: İcazə verin, mənim üçün xoş olan məsələdən başlayım. Sizi, Barbaranı və bütün ailənizi Milad bayramı münasibəti ilə təbrik edirəm. Mən fikirləşdim ki, öz bəyanatımı nə vaxt verim? çərşənbə axşamı yoxsa bu gün? Yekunda qərara gəldim ki, bu gün günün axırında verim. Ona görə də əvvəlcə sizin Milad bayramınızı təbrik etmək istəyirəm.
İndi isə demək istəyirəm ki, 2 saatdan sonra mən Moskva Televiziyası ilə çıxış edərək qəbul etdiyim qərar barədə qısa bəyanat verəcəyəm. Corc, mən sizə məktub göndərmişəm. ümid edirəm, siz tezliklə onu alacaqsınız. Məktubda mən ən mühüm olanları qeyd etmişəm. İndi bir daha vurğulamaq istərdim ki, sizinlə birgə işlədiyimiz zaman əldə etdiyimiz nailiyyətləri yüksək qiymətləndirirəm. Mən ümid edirəm ki, yeni Birliyin bütün liderləri, Ilk növbədə Rusiya iki ölkə rəhbərliyinin əldə etdiyi birgə təcrübənin qiymətini anlayırlar. Mən ümid edirəm, onlar bu vacib resursun saxlanmasında öz məsuliyyətlərini hiss edirlər.
Bizim İttifaqda necə dövlət yaratmaq barədə debatlar mənim düzgün hesab etdiyim istiqamətdə getmədi. Amma əmin etmək istəyrəm ki, mən özümün bütün siyasi nufuzumdan istifadə edəcəyəm ki, yeni Birlik effektiv olsun. Yeni Birliyin Alma-Atada nüvə və strateji məsələlər üzrə razılıq əldə etmələri məni sevindirir. ümid edirəm ki, Minskdə respublikalar arasında əməkdaşlıq mexanizmini təmin edəcək digər məsələlər üzrə də qərarlar qəbul ediləcək.
Corc, icazə verin çox mühüm hesab etdiyim məsələlər barədə sizə danışım.
Prezident Buş: Eşidirəm.
Prezident Qorbaçov: Şübhəsiz ki, bu ölkələrin hamısını tanımaq lazımdır. (MDB ölkələrini-red) Amma Birliyin gələcəyi üçün dezinteqrasiya və dağılma prosesinin kəskinləşməsinə yol verilməməsi çox mühümdür. Mən istərdim ki, bunu nəzərə alasınız. Bizim ümumi borcumuz respublikalar arasında əməkdaşlıq prosesinə kömək etməkdir. Mən bu momenti xüsusi qeyd etmək istərdim.
İndi də Rusiya barədə… Bu, bizim danışığımızda ikinci vacib mövzudur. Mənim stolumun üstündə SSRİ Prezidentinin mənim istefam barədə olan Fərmanı var. Mən eyni zamanda ali baş komandan səlahiyyətini öz üzərimdən götürürəm və nüvə silahı üzərində səlahiyyətimi Rusiya Federasiyası Prezidentinə verirəm.
Mən prosesin Konstitusiya çərçivəsində yekunlaşmasına rəhbərik edirəm. Sizi əmin edirəm ki, hər şey ciddi nəzarət altındadır. İstefa qərarını elan edən kimi bu fərmanlar qüvvəyə minəcək. Siz milad gecənizi rahat keçirə bilərsiniz. Rusiya məsələsinə qayıdaraq bir daha demək istəyirəm ki, biz bunu dəstəkləmək üçün hər şey etməliyik. Mən Rusiyanı müdafiə etmək üçün gücüm çatan hər şeyi edəcəyəm. Amma bizim tərəfdaşlar da bu dəstəyin göstərilməsində öz rolunu oynamalıdırlar.
Özümə gəlincə, Tayqada, ya da meşədə gizlənməyə hazırlaşmıram. Mən ölkənin siyasi həyatında qalacağam. Mənim əsas məqsədim yenidənqurma ilə başlanan proseslərə kömək etməkdir. Sizin KİV-lər burda məndən sizinlə olan şəxsi münasibətlər barədə suallar verirlər. Belə tarixi bir məqamda mən istərdim ki, siz biləsiniz: Sizinlə əməkdaşlığımızı və dostluğumuzu yüksək qiymətləndirirəm. Bizim rollar dəyişə bilər, ancaq sizi əmin edirəm ki, əldə etdiyimiz nailiyyətlər artıq heç vaxt dəyişməyəcək. Raisa ilə birgə sizə və Barbaraya ən yaxşı arzularımı çatdırıram.
Prezident Buş: Mixail, ilk əvvəl zəngə görə təşəkkür edirəm. Sizin dediklərinizi böyük maraqla dinlədim. Biz əvvəlki kimi Rusiya respublikası ilə bağlı bütün işlərdə iştirak edəcəyik. Xüsusən bu qışda böyük çətinliklərin olacağını başa düşərək kömək edəcəyik. Mən çox şadam ki, siz meşədə gizlənməyə hazırlaşmırsınız. Siyasi fəaliyyətinizi davam etdirəcəksiniz. Mən əminəm ki, bu, yeni Birliyin xeyrinə olacaq.
Mən nüvə silahı ilə bağlı məsələyə aydınlıq gətirdiyinizə görə minnətdaram. Bu, beynəlxalq miqyasda həyati əhəmiyyətli məsələdir. Mən sizə və respublika rəhbərlərinə əla təşkilatçılıq və prosesi reallaşdırdığınız üçün təşəkkür edirəm. Mən nəzərə aldım ki, hazırda konstitusion məsuliyyət bu məsələdə Yeltsinə keçir. Sizi əmin edirəm ki, biz bu planda sıx əməkdaşlığımızı davam etdirəcəyik.
Mixail, indi isə şəxsi işlər barədə… Sizin münasibətlərimiz barədə çox gözəl çağırışınız diqqətdən kənarda qalmayıb. Sizin sözlərinizi çox yüksək qiymətləndirirəm, onlar tamamilə mənim hisslərimi ifadə edir. Sizin zənginizi mən Kemp-Deviddə cavablandırıram. Biz Barbara, üç övladımız və nəvələrimizlə birgə burdayıq. Başqa bir övladmız Floridadadır. Digəri isə öz ailəsi ilə Virciniyadadır.
Mən ümid edirəm bizim yollarımız yenə birləşəcək. Siz ABŞ-da həmişə arzulanan qonaqsınız. Yəqin ki, işlərinizi sahmana saldıqdan sonra biz Kemp-Deviddə görüşə bilərik. Bizim dostluğumuz əvvəlki kimi möhkəmdir və belə də qalacaq.
Əlbəttə, mən Rusiyanın və digər respublikaların rəhbərləri ilə lazımi hörmətlə əlaqələr quracağam.
Biz hər respublikanın suverenliyinin tanınması və ona hörmət olunması istiqamətində hərəkət edəcəyik. Biz onlarla geniş dairə üzrə məsələlərlə bağlı əməkdaşlıq edəcəyik. Sizin yeni rolunuzun necəliyindən asılı olmayaraq, bu heç bir halda sizinlə əlaqələrimizə təsir etməyəcək.
Mən həqiqətən dostluğumuzu qoruyub saxlamaq istəyirəm.
Beləliklə, biz bu bayram günlərində və belə tarixi məqamda sizin xidmətlərinizi qiymətləndirir və dünyada sülh üçün etdiklərinzə görə təşəkkür edirik. çox sağ olun.
Prezident Qorbaçov: Sağ ol, Corc. Mən bu sözləri eşitməkdən şad oldum. Sizinlə xudahafizləşirəm və əllərinizi sıxıram. Siz mənə çox mühüm şeylərdən danışdız. Buna görə minnətdaram.
Prezident Buş: Uğrurlar, Mixail.
Prezident Qorbaçov: Sağ ol.
Danışığın sonu…
Hazırladı:
Xaqani SƏFƏROĞLU