“Status-kvonu Azərbaycan özü döyüş meydanında dəyişdirdi” –

DÖVLƏT BAŞÇISI
12 Oktyabr 2020 - 19:10

“Biz status-kvo ilə əlaqədar uzun illər çox böyük səy göstərdik ki, həmsədrlərdən bununla bağlı bir açıqlama gəlsin. Nəhayət, təqribən 7-8 il bundan əvvəl Amerika, Rusiya və Fransa prezidentləri səviyyəsində bir neçə dəfə belə bir açıqlama verildi – status-kvo qəbuledilməzdir və dəyişdirilməlidir. Biz də bunu alqışladıq. Ancaq təəssüf ki, bir neçə dəfə verilən bu açıqlama və açıqlamalar havada qaldı”.

Prezident İlham Əliyev bu barədə Türkiyənin “Haber Global” telekanalına müsahibəsində aparıcının “Bundan sonra Bakı tərəfindən necə bir status-kvo qurulacaq” sualını cavablandırarkən danışıb.

“Ondan sonra biz nə eşitməyə başladıq? Son dönəmdə artıq həmin həmsədrlər bu ifadədən geriyə addım atdılar. İndi nə deyirlər? İndi deyirlər ki, status-kvo dayanıqlı deyil. Amma bu, böyük bir fərqdir. Status-kvo dəyişməlidir, yəni ki, Ermənistan, sən torpaqlardan çıxmalısan. Status-kvo dayanıqlı deyil, yəni sabit deyil o deməkdir ki, sadəcə olaraq onlar bunu fakt kimi göstərirlər. Ona görə belə olan halda, status-kvonu Azərbaycan özü dəyişdirdi, döyüş meydanında dəyişdirdi. Artıq status-kvo yoxdur. Artıq Ağdərə, Füzuli, Cəbrayıl, Hadrut rayonlarının yaşayış məntəqələri və kəndlər azad edildi. Hansı status-kvodan söhbət gedə bilər? Söhbət gedə bilməz. Təmas xətti? Təmas xətti yoxdur. Aydın məsələdir ki, mövcud olan təmas xətti çox böyük hərbi biliklər əsasında yaradılmışdır. Ermənistanın o zaman heç bir hərbi bilikləri yox idi. Bunu biz açıq etiraf etməliyik. Yəni, Ermənistanın nüfuzunun az olması onlar üçün çox ciddi bir problem yaradır. Onlar üçün təmas xətti çox qısa olmalı idi, düz olmalı idi. Onu da etdilər. Onların buna ağlı çatmazdı. Onlara məsləhət verənlər bunu etdilər, – deyə mövzunu davam etdirən dövlətimizin başçısı vurğulayıb.