Süleymaninin Bağdada uçduğunu İsrail ABŞ-a deyib –

Mossad təsdiqlədi (YENİ DETALLAR)
12 Yanvar 2020 - 19:53

İranın İnqilab Keşikçiləri Korpusunun “Əl-Qüds” qüvvələrinin komandiri, general Qasım Süleymaninin yanvarın 3-də Bağdad aeroportunu tərk edərkən öldürülməsi əməliyyatına dair yeni sensasion təfərrüatlar açıqlanıb.

Azpost.info virtualaz.org-a istinadən bildirir ki,  generalın aradan götürülməsinə İsrail kəşfiyyatı kömək edib. Bu haqda Amerikanın NBC telekanalı bildirir.

Belə ki, İsrail kəşfiyyatının məlumatları general Süleymaninin Dəməşq aeroportunda olduğunu və Bağdada uçmağa hazırlaşdını təsdiq edib. ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin Dəməşq aeroportundakı agenti generalın orada olduğu barədə məlumatı ötürüb, MKİ məlumatı “Mossad”la dəqiqləşdirib. İsrail kəşfiyyatı Süleymaninin Bağdada hansı təyyarə ilə uçacağı və digər detalları amerikalılara çatdırıb.

Bundan əvvəl “The New York Times” yazmışdı ki, İsrailin baş naziri Benyamin Netanyahu Süleymaniyə qarşı hazırlanan əməliyyat barədə əvvəlcədən məlumatlı olan yeganə xarici lider idi. Netanyahu bu əməliyyat barədə Afinaya, Yunanıstan və Kipr liderləri ilə görüşə uçmazdan əvvəl xəbər alıb.

NBC bildirir ki, “Mossad”dan təsdiq gələn kimi havaya dörd Amerika pilotsuz təyyarəsi qaldırılıb. Onların hər birində dörd “Hellfire” (“Cəhənnəm odu”) raketi quraşdırılmışdı.

Amerikalılar komanda mərkəzində Süleymaninin təyyarəsinin Bağdada necə endiyini, onu İraqdakı “Haşdi Şabi” şiə qruplaşmasının komandir müavini Əbu Mehdi əl-Mühəndisin necə qarşıladığını canlı izləyiblər. İki hərbi lider təyyarənin trapı qarşısında gözləyən sedana əyləşiblər. Mühafizəçilər isə onların ardınca zirehli cipdə gedib.

Pilotsuz təyyarələr maşınların arxasınca dönüb, Qətərdəki bazada Amerika ordusunun pilotsuz təyyarələrini idarə edən operatorlar sedanda kimin olduğunu təsdiqləmək üçün oxşarlıqlar axtarıblar. Bu zaman maşındakıların elefon zənglərindən istifadə olunub. Nəticədə heç bir şübhə yeri qalmayıb ki, maşında məhz Süleymanidir. Və maşınlara bir-birinin ardınca dörd raket buraxılıb, sağ çıxan olmayıb.

Xatırladaq ki, bundan əvvəl “Reuters” agentliyi Süleymaninin öldürülməsi əməliyyatına dair təfərrüatları dərc etmişdi. Məlum olmuşdu ki, general Bağdad aerportuna Dəməşqdən Suriyanın “Cham Wings” özəl aviaşirkətinə məxsus A320 təyyarəsi ilə gəlib. Onun yerini amerikalılara Dəməşq aeroportundakı agent çatdırıb, Bağdad aerportunda da Süleymaninin gəlişi haqda xəbər ötürən agentlər olub.