Sumqayıt şəhərində bayram tonqalında baş verən partlayış nəticəsində 11 nəfər xəsarət alıb. Bu barədə TƏBİB məlumat yayıb.
Məlumata görə, hadisə martın 21-də saat 21:10 radələrində şəhərin 7, 8 və 12-ci məhəllələrinin kəsişməsində qeydə alınıb. Hadisə yerinə 3 təcili tibbi yardım briqadası cəlb olunub. Zərərçəkənlərdən 5 uşaq Sumqayıt Tibb Mərkəzinin nəzdində fəaliyyət göstərən Uşaq Xəstəxanasına yerləşdirilib. Ümumilikdə 4 nəfər Uşaq Xəstəxanasına, 2 nəfər isə Təcili Tibbi Yardım Xəstəxanasına hospitalizasiya olunub. Onların hər birinə tüstüdən zəhərlənmə diaqnozu ilə tibbi yardım göstərilib. Vəziyyəti qənaətbəxş olan 7 nəfər ambulator müalicə üçün evə buraxılıb. Hazırda 4 nəfərin müalicəsi davam etdirilir, vəziyyətləri stabildir.   ** Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Sumqayıt şəhəri, 7, 8 və 12-ci məhəllələrin kəsişməsində tonqal yandırılan zaman partlayış baş verməsi barədə məlumat daxil olub. Bu barədə FHN məlumat yayıb. Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub. Hadisə yerində əməliyyat şəraitinin ilkin qiymətləndirilməsi zamanı vətəndaşlar tərəfindən tonqalı benzinlə yandıran zaman ani partlayışın baş verdiyi müəyyən olunub. Hadisə nəticəsində 8-i uşaq olmaqla ümumilikdə 10 nəfər xəsarət alıb. FHN qüvvələri tərəfindən ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb, o cümlədən tonqalın ətrafa yayılmasının qarşısı alınıb. Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır. AzPost.az