“Süni qiymət artımı varsa, deməli, ölkədə bazar iqtisadiyyatı yoxdur” –

Natiq Cəfərli
24 Sentyabr 2021 - 18:42

Türkiyədə son günlər ən çox müzakirə olunan mövzu “süni qiymət artımı”dır. Ölkə rəsmiləri qiymət artımının, inflyasiyanın günahını, bizim dildə desək, “alverçilərdə” görür, onları “günah keçisinə” çevirmək istəyirlər.

Bu məsələnin müzakirəsi bizdə də hərtərəfli getməlidir, çünki məmurlar, hökumət nümayəndələri, hətta prezident ara-sıra bizdəki bahalığı süni qiymət artımı ilə izah edir, bütün oxları iş adamlarına tərəf yönəldirlər.

Rəqabətli mühit, bazar iqtisadiyyatı institutları varsa, süni qiymət artımı ola bilməz. Süni qiymət artımı varsa, deməli, ölkədə bazar iqtisadiyyatı yoxdur, olan nədirsə, adı bazar iqtisadiyyatı deyil. Yəni “süni qiymət artımı var” deyən istənilən hökumət özü-özünə ziyan vurmuş olur, özü-özünü tənqid etmiş, işinin nəticəsizliyini elan etmiş olur.

Bazar iqtisadiyyatında qiymət tənzimlənməsi mümkündürmü? Bəli, bunun mexanizmləri var. Məsələn, ağıllı hökumətlər görür ki, bazarda daxili istehsalı olmayan və ya çox az olan məhsulun qiyməti artır, həmin növ məhsulun gömrük rüsumlarını ləğv edir, ya da çox aşağı salır, yaxud həmin növ məhsullarla bağlı vergiləri azaldır, əlavə dəyər vergisini aradan qaldırır. Bu addımlar da kömək olmasa, həmin növ məhsulun ölkədə istehsalını artırmaq üçün təşviqlər elan olunur, istehsalçılara faizsiz (ya da çox aşağı faizlə) və uzunmüddətli kreditlər verilir.

Bazar iqtisadiyyatı oturuşmuş ölkələrdə qiymət manipulyasiyaları olurmu? Əlbəttə olur, amma bu, çox zaman ucuzlaşma şəklində baş verir və dövlət orqanları belə şirkətləri ciddi cəzalandırır. İri şirkətlər çox zaman qiyməti azaldırlar ki, orta və kiçik şirkətlər rəqabətə davam gətirməsin, müflisləşsin və bazardan çıxsın. Sözün kəsəsi, institutlaşmış bazar iqtisadiyyatında süni qiymət artımı deyil, süni qiymət azalması müşahidə edilir, dövlət də bunun qarşısını almaq üçün antiinhisar və rəqabət qanunlarını işə salır.

Bizdə iqtisadi münasibətlərin, iqtisadi sistemin adını tapmaq çətindir, obrazlı ifadə ilə mövcud sistemə “dövlət-məmur kapitalizmi” demək olar. Qiymət artımının əsas səbəbkarı dövlət qurumlarının öz işlərinin fəlsəfəsini bilməməsi, rəqabətsizlik mühiti və məmur biznesidir…

Natiq Cəfərli 

iqtisadçı ekspert