Tələbələr təhsil krediti niyə ala bilmir? –

09.02.2022 · 19:28 · Sosial

Azərbaycanda ali təhsilə çıxış imkanlarının məhdudluğu uzun müddətdir dartışılır. Bu problemi rəsmi rəqəmlər də təsdiqləyir. Statistika Komitəsinin məlumatına görə, hazırda ölkədə 15 və yuxarı yaşlı vətəndaşların hər 1000 nəfərindən 134-ü ali təhsillidir. Bu göstərici istər region ölkələrinin, istərsə dünya ortalamasının təxminən iki dəfə gerisindədir.

Azpost.info bildirir ki, Azadlıq radiosunun bununla bağlı hazırladığı araşdırmada deyilir ki, hökumətin hazırladığı “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda da qeyd edilmişdi ki, ali təhsil müəssisələri məzunlarının tərkibi iqtisadiyyatın tələbatı ilə tam uzlaşmır. Belə ki, 25-34 yaş arasında olan ali təhsilli mütəxəssislərin 67 faizi dövlət sektorunda cəmləşib. Bu üzdən, özəl sektorda ixtisaslı işçi qüvvəsi çatışmazlığı problemi yaranıb.

Azərbaycanda ali təhsilli şəxslərin say azlığını doğuran amillərdən bəlkə də birincisi təhsil haqqının heç də hər kəsə uyğun olmamasıdır. Bir müddət öncə təhsil nazirinin müavini ölkənin ali təhsil ocaqlarında orta illik təhsil haqqının təxminən 2 min 300 manat civarında olmasını dilə gətirmişdi. Bu o deməkdir ki, ölkədə minimum əməkhaqqı səviyyəsində (300 manat) gəlir əldə edən şəxs öz övladını universitetdə oxutmaq istəsə, illik gəlirinin yarısından da xeyli çoxunu təhsilə xərcləməlidir. Maddi səbəblərdən dolayı ali təhsil ala bilməyənlərlə yanaşı, hətta tələbə adını qazanan yüzlərcə tələbə də təhsil haqqını ödəyə bilmədiyindən universitetlərdən xaric edilir.

Hökumətin maddi səbəblərdən dolayı ali təhsil ala bilməyənlərə təklif etdiyi yeni həll yolu təhsil kreditləridir. Bu layihənin gerçəkləşdirilməsiylə bağlı ötən il Təhsil Tələbə Krediti Fondu yaradıldı. Fondun nizamnaməsində qeyd edilir ki, bu qurum təhsil kreditlərinin verilməsini təşkil edən və kommersiya məqsədi güdməyən hüquqi şəxsdir. Fondun fəaliyyəti dövlət büdcəsinin vəsaiti və qanunla yasaqlanmayan digər mənbələr hesabına maliyyələşdiriləcək. Nizamnamə kapitalı 80 milyon manat həcmində müəyyənləşdirilib.

Ancaq sözügedən qurumun müəyyənləşdirdiyi şərtlər bir çox tələbənin bu imkandan yararlanma dərəcəsini azaldır. Fondun şərtlərinə görə, krediti əldə edən tələbə 1-ci kursda oxuyursa, qəbul balı 300-dən çox olmalıdır. Digər kurslarda təhsil alan tələbələrinsə akademik borcu (kəsiri) olmamalıdır. Kredit veriləcək tələbənin orta uğur göstəricisi 71 balı aşmalıdır.

Hər dörd tələbədən birinin kəsiri var

Azpost.info bildirir ki, Təhsil Tələbə Krediti Fondunun açıqladığı rəqəmlərə görə, hazırda ölkədə 126 min 173 tələbə ödənişli təhsil alır. Onların 28 min 674-ünün – 23 faizinin akademik borcu (kəsiri) var. Bu üzdən, həmin tələbələr təhsil krediti üçün üz tuta bilməzlər. Daha 41 min 291 tələbənin – bütün ödənişli təhsil alanların 33 faizininsə orta uğur göstəricisi 71 baldan azdır. Bu tələbələr də kredit qazanmaq şansını itirmiş sayılır. Beləliklə, ödənişli təhsil alanların 56 faizə yaxını orta balı aşağı olduğundan və ya kəsiri qaldığından kredit üçün müraciət edə bilməz. Birinci kursda oxuyan tələbələr arasında universitetə 300-dən az balla qəbul olanlar və qiyabi təhsil alanlar da nəzərə alınsa, təhsil krediti əldə edə biləcək tələbə sayı daha da azalır.

Yanvarın sonuna olan bilgilərə görə, indiyədək sözügedən fonda 4 min 869 tələbə üz tutub. Onlardan 525 nəfər qeydiyyatdakı uyğunsuzluqlara görə imtina cavabı alıb.

1971 tələbənin müraciəti banka göndərilib, 1393 nəfərin müraciəti isə rəsmiləşdirilmək üçün müvəkkil bankdadır.

İndiyədək 578 tələbə kredit əldə edib.

Kredit hansı şərtlərlə verilir?

Təhsil kreditinin şərtlərində qeyd edilir ki, ali təhsil pilləsinin bakalavriat səviyyəsində təhsil alan tələbələr üçün kredit müddəti 14-21 il, magistratura səviyyəsində təhsil alanlara isə 12-18 il ola bilər. Kreditin verilmə şərtlərindən biri illik təhsil haqqının 20 faizini tələbənin əvvəlcədən ödəməsidir. Təhsil tələbə krediti verilən zaman girov və zəmanət tələb olunmur. Tələbə gələcəkdə krediti qaytarmazsa, kredit məbləği məhkəməylə geri alınacaq.

Kredit sosial və standart təhsil kreditləri olmaqla iki kateqoriyaya ayrılır. Kreditin faiz dərəcələri təhsil tələbə krediti üzrə illik 2 faiz, standart təhsil tələbə krediti üzrə isə illik 6 faizdir. Ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvləri, üçüncü qrup əlilliyi olan şəxslər, hər iki valideyni 1-ci və 2-ci qrup əlil, işsiz və ya yaşa görə əmək pensiyası (müavinəti) alan tələbələr sosial təhsil krediti əldə edə bilərlər.