Talıbovun imzası dövlət sənədlərindən silinir

21.05.2025 · 10:25 · Gündəm
Vasif Talıbov

Tanınmış naxçıvanlıdan yeni açıqlamalar: “Onun dövründə işləyənlərin bəziləri bu gün də vəzifədədir”

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2020-ci il tarixli bir sıra qərarları ləğv edilib. Bununla bağlı muxtar respublikanın baş naziri Ceyhun Cəlilov qərar imzalayıb. Məlumat üçün bildirək ki, daha əvvəl aprel ayında Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2018-ci il tarixli bir sıra qərarları ləğv edilib.

Xatırladaq ki, ləğv olunan qərarların əksəriyyəti həmin dövrdə muxtar respublikanın baş naziri vəzifəsində çalışan Əlövsət Baxşıyev tərəfindən imzalanıb. Ə.Baxşıyev 1994-1998-ci illərdə muxtar respublikanın maliyyə naziri, 1998-2000-ci illərdə maliyyə-iqtisadiyyat naziri, 2000-2020-ci illərdə isə baş naziri vəzifələrində çalışıb.

Qeyd edək ki, ləğv olunan qərarların hamısı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin o zamankı sədri Vasif Talıbovun zamanında imzalanıb. Vasif Talıbov 2022-ci ildə Ali Məclisin sədri vəzifəsindən azad edilib.

Talıbovun qərarlarının ardıcıl olaraq ləğvinin arxasında nə dayanır?

Aydın Quliyev: Məni Heydər Əliyevlə düşmən edənlərdən ikisi qalıb

“Bakı Xəbər” qəzetinin baş redaktoru, siyasi şərhçi Aydın Quliyev “Yeni Müsavat”a bildirdi ki, Naxçıvanda yerli hakimiyyət dəyişdiriləndən sonra icra hakimiyyəti sistemində, parlamentdə kadrların dəyişdirilməsi ilə bərabər idarəetmə strukturunda da xeyli dəyişikliklər olub. Bu dəyişikliklərin hansı nəticələr verdiyi üzərində dayanmağa hələlik ehtiyac yoxdur, o mənada ki, ortada ciddi bir dəyişiklik hələlik hiss olunmur: “Yeni mərhələyə keçidlə bağlı bir qeyri-müəyyənlik mövcuddur. Amma Vasif Talıbovun dövründən qalmış bir sıra idarəetmə dövlət orqanlarında islahatlar, bəzilərinin ləğvi, bəzilərinin birləşdirilməsi yönündə addımlar atılır. O cümlədən də 2022-ci ildən əvvəlki dövrlərdə Nazirlər Kabinetinin verdiyi bir sıra qərarların ləğv edildiyini də biz görürük. Konkret olaraq dəqiq hansı qərarlardan söhbət getdiyini söyləmək çətindir. Çünki ən azı hələ bu barədə geniş informasiya yoxdur. Ancaq bəllidir ki, Vasif Talıbovun dövründə Naxçıvanda idarəçilik qərarları, dövlət strukturlarının təkmilləşdirilməsi, birləşdirilməsi, yenilərinin yaradılması və sair yönümdə atılan addımlar əsasən Naxçıvan Muxtar Respublikasında idarəçiliyi yerli çərçivədə əlahiddə bir formaya salmaq, Azərbaycandan daha çox ayırmaq və vahid bir dövlətin ayrılmaz hissəsi olmağına baxmayaraq, Naxçıvanda ayrıca bir əlahiddə idarəçilik sisteminin yaradılması məqsədinə xidmət edirdi. Bu nöqteyi-nəzərdən Vasif Talıbovun dövründə yaradılmış, əsası qoyulmuş bəzi dövlət idarəetmə strukturlarında islahatların aparılmasına həqiqətən ehtiyac var. O mənada ki, Naxçıvanın muxtar respublika statusunun saxlanması şərtilə həm də Azərbaycanın unitar dövlətçilik prinsipinə xələl gəlməsin”.

A.Quliyev vurğuladı ki, ancaq belə dəyişikliklərdən, qərarların ləğv olunmasından söhbət gedəndə ilk növbədə muxtar respublikanın idarəetmə komandası, Ali Məclisi, baş nazir, Prezidentin xüsusi nümayəndəsi və digər bununla bağlı Naxçıvan cəmiyyətinə açıqlamalar verilməlidir ki, camaatda suallar yaranmasın: “Bu cür prinsipial məsələlərin mediada müxtəlif istiqamətlərdə müzakirə olunmaması üçün birinci növbədə Naxçıvan Muxtar Respublikasının özünün yerli hakimiyyəti, səlahiyyətli şəxslərinin izahatı olmalıdır. Bu günə qədər Naxçıvan Ali Məclisinə sədr seçilməyib, amma buna əhalini inandıran rəsmi izahat verilməyib. Yaxud da ki, Naxçıvan Muxtar Respublikasının büdcəsi, dövlət büdcəsindən muxtar respublikaya ayırmalar bir neçə dəfə kəsilib, lakin bununla bağlı inandırıcı izahat verilməyib. Eləcə də muxtar respublikanın əvvəlki baş nazirinin qərarlarının ləğv olunması ilə bağlı təəssüf ki, ortada rəsmi izahlara rast gəlinmir. Bu da əhali arasında söz-söhbətə, çaşqınlığa gətirib çıxarır. Vasif Talıbovun dövründə işləyənlərin heç də hamısı kənarlaşdırılmayıb, onların bəziləri bu gün də vəzifədədir. Məsələn, Vasif Talıbovun köməkçisi Ramiz Məmmədov bu gün Naxçıvan Ali Məclisinin deputatıdır, həm də əvvəlki səlahiyyətlərini, bildiyimə görə, qeyri-rəsmi olaraq icra edir. Ramiz Məmmədovun bu qərarların çoxundan xəbəri var. Hansı qərar niyə verilib və bu gün niyə ləğv olunub? Bu cür suallarla bağlı Ramiz Məmmədov daha müfəssəl açıqlamalar verə bilər ki, cəmiyyətdə də aydın təsəvvür yaransın. Yaxud muxtar respublikanın baş naziri olmuş şəxs açıqlamalar verməlidir. Muxtar respublikanın hazırkı baş naziri belə qərarları imzalayanda mütləq şəkildə cəmiyyətə izahlar verilməlidir ki, suallar yaranmasın”.

AzPost.az

Tanınmış iş adamı vəfat etdi

21.05.2025 · 10:21 · Gündəm

Füzuli və Beyləqan rayonlarında fəaliyyət göstərən tanınmış iş adamı Süleyman İsmayılov dünyasını dəyişib.

Sahibkar xəstəlik səbəbindən vəfat edib.

Qeyd edək ki, S. İsmayılov Füzulidə və ətraf rayonlarda çoxsaylı fermer təsərrüfatlarına, un dəyirmanına, çörəkbişirmə zavodlarına sahib olub.

Onun oğlu – Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qobustan rayon şöbəsinin sabiq rəisi Anar İsmayılov 2013-cü ildə yarım milyonluq korrupsiya ittihamı ilə işdən çıxarılaraq həbs edilmişdi.  /”Qafqazinfo”

AzPost.az

Dollar bu gün neçəyə satılır?

21.05.2025 · 10:16 · İqtisadiyyat

Azərbaycan Mərkəzi Bankı (AMB) 21 may tarixindən etibarən valyuta məzənnələrini açıqlayıb.

AzPost AMB-yə istinadən xəbər verir ki, bu günə olan rəsmi məzənnələr bülleteninə əsasən, ABŞ dollarının rəsmi məzənnəsi dəyişməyərək 1.7000 manat olub.

Manata nəzərən avronun məzənnəsi isə 1.9265 manat təşkil edib. 1 Türkiyə lirəsi 0.0438 manat, 100 Rusiya rublu 2.1007 manat olub.

AzPost.az

Yanacaqla bağlı tələb dəyişdi

21.05.2025 · 10:12 · İqtisadiyyat
Yanacaqdoldurma

Yanacaqdoldurma obyektlərinin istismarına lisenziya verilməsi üçün tələb olunan şərtlər dəyişib.

Nazirlər Kabinetinin qərarı ilə “Fəaliyyət növlərinin xüsusiyyətindən asılı olaraq xüsusi razılıq (lisenziya) verilməsi üçün tələb olunan əlavə şərtlər”də dəyişiklik edilib.

Qərara əsasən, yanacaqdoldurma və qaz təchizatı obyektlərinin quraşdırılması və istismarına lisenziya verilməsi üçün tələb olunan əlavə şərtlər:

-lisenziyalaşdırılması nəzərdə tutulan fəaliyyət növü üzrə mütəxəssislərin və işçi heyətinin müvafiq ixtisasa malik olmaları haqqında sənədin surəti;

-fəaliyyət növü üzrə normativ hüquqi aktların və işlərin aparılması qaydalarını müəyyənləşdirən texniki sənədlərin siyahısı;

– yanacaqdoldurma və qaz təchizatı obyektinin istismara qəbulu aktının surəti;

– yanacaqdoldurma və qaz təchizatı obyektində istifadə olunan partlayış

-yanğın mühafizəli avadanlıqların, mühərriklərin və cihazların “Texniki təhlükəsizlik sertifikatı”nın surəti;

– yanacaqdoldurma obyektində (mikro və kiçik sahibkarlıq subyektlərinə məxsus obyektlər istisna olmaqla) elektrik mühərrikli nəqliyyat vasitələri üçün

50 kVt-dan az olmayan nominal gücə malik elektrik enerjisi doldurma məntəqələrinin mövcudluğu;

– fəaliyyət növü ilə əlaqədar ölçmə vasitələrinin “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğunluğu, texniki reqlamentlərlə əhatə olunan mallara münasibətdə isə “Texniki tənzimləmə haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olması barədə Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin rəyi;

– ərizəçinin görülən işlərin keyfiyyətinə və texniki təhlükəsizliyinə nəzarət sisteminə malik olması barədə sənədlərin surəti;

-yanacaqdoldurma məntəqəsinin texniki təhlükəsizlik bəyannaməsi.

AzPost.az