“Alfa” qrupu AZTV-ni necə partladıb? Qorbaçovun Bakıda olan hansı nümayəndəsi əmri verib? –

18.01.2020 · 18:52 · Baş Yazı

Tanınmış telerejissor, Azərbaycanın xalq artisti Vasif Babayev  qanlı Yanvar günlərində şahidi olduğu hadisələr barədə yazı yazıb.

Azpost.info həmin yazını oxucularına təqdim edir:

“Bu il Qanlı Yanvar Faciəsinin 30-illiyi tamam olur. Mən sizinlə Azərbaycan Dövlət Televiziyasında o faciyəvi günlərdə baş verən hadısələrlə bölüşmək istərdim.

YANVAR FACİƏSİ
TELEVİZİYADAN BAŞLANDI

Paytaxtın “Parlament” prospekti ilə keçərkən, Şəhidlər Xiyabanı və vaxtilə çalışdığım Azərbaycan Dövlət Televiziyasının qarşısında bir neçə anlıq da olsa, dayanmağa məcbur oluram. Bu iki məkan mənə və mənim timsalımda 30 il öncə baş verənlərin əsl şahidi olmuş insanlara çox həqiqətləri deyir. Çox təəssüf edirəm, illər bizi Qara Yanvar hadisələrindən uzaqlaşdırdıqca, mətbuat səhifələrində, internet saytlarında təhrif olunmuş faktlar və yalançı qəhrəmanların “xatirələri”nə rast gəlirik. Mən həmin illərdə Azərbaycan Dövlət Televiziyasında baş rejissor vəzifəsində çalışırdım, hadisələrin sıravi şahidi yox, birbaşa iştirakçısı idim. Ölkədə baş verən mürəkkəb siyasi-ictimai proseslər dövlətin əsas və yeganə televiziya kanalından daha aydın görünürdü.
1990-cı il yanvar ayının 16 – 19-da Bakının Azadlıq meydanında, Azərbaycan Kommunist Partiyasının MK-nın, Respublika Ali Sovetinin binaları qarşısında izdihamlı mitinqlər keçirilirdi.
İştirakçıların tələbləri belə idi: “Azərbaycanın ərazi bütövlüyü toxunulmazdır! Ermənistan öz iddialarından əl çəksin! Ordu Bakıdan, ətraf rayonlardan Dağlıq Qarabağa, Azərbaycan-Ermənistan sərhədlərinə köçürülsün və həmin ərazilərdə yerləşdirilsin! Respublikanın bütün rəhbərliyinə istefa!”
19 yanvar 1990-cı ildə saat 18:30-da Bakıda müşavirələrin birində Moskvanın, Kremlin məsul işçiləri Qorbaçovun Azərbaycana göndərilmiş SSRİ Ali Soveti Millətlər Şurasının sədri E.Primakov, KP MK-nin katibi A.Qirenko və millətlərarası münasibətlər şöbəsinin müdiri V.Mixaylovun arasında olan dialoqun stenoqramı çox şeydən xəbər verirdi. A.Qirenko: “Əmr var, Sovet ordusu Bakıya daxil olacaq. Azərbaycan rayonlarında və başqa şəhərlərində bunu əhali bilməməlidir”. E.Primakov: “Respublikanın bütün əhalisi demək olar ki, informasiyanı yalnız televiziyadan və radiodandan alır”. V.Mixaylov: “Rabitəni mütləq ləğv etmək lazımdır!”
Bu həmin Mixaylov idi ki, yanvarın 17-də Azərbaycan KP Mərkəzi Komitəsinin şöbə müdiri A.Daşdəmirovla AzTV-də çıxış edərək, tamaşaçılara söz verirdi ki, ordu Bakıya heç vaxt daxil olmayacaq.
19 yanvar 1990-cı ildə Dövlət Teleradio verilişləri komitəsinin baş girişinin qarşısında miting iştirakçıları «Rəsmi dövlət orqanları dezinformasiyalarına son qoysunlar, hadisələr haqqında xalqa düzgün informasiyalar çatdırsınlar» tələbi edirdilər. Mitinqdən sonra televiziyanın buraxılış şöbəsinin böyük redaktoru Eldar Bayramov mənə yaxınlaşıb dedi ki, – Yarım saata axşam efiri başlamalıdır, mən nə edim?
Eldar haqlı idi, doğrudan da idarədə heç kim qalmamlşdl, hamı tərk etmişlər, qapılar bağlı idi.
Biz tez bir zamanda axşam efiri üçün şərti proqram tərtib edib, efiri açdıq. Həmin gün növbəyə çıxan diktor Sevda Ağazadə idi. Onu da qeyd edim ki, onunla bərabər Televiziyada Roza Tağıyeva və baş diktor Sabir Ələsgərov da vardı.
Mən, jurnalistlər Telman Qafarovu və Alı Mustafayevi işə çağırdım və onlarla birlikdə ana “Xəbərlər” proqramını efirə hazırlayırdıq. Jurnalist Rafiq Ağayev “Reuters” informasiya agentliyi ilə telefonla danışırdı. Birdə zəlzələ gücündə olan titrəyiş oldu, ətraf zülmət qaranlığa bürübdü. Bu vaxt dəhşətli partlayış baş verdi. Biz pilləkənlərlə həyətə düşdük, artıq tüstü ikinci mərtəbəyə qalxırdı. Biz enerji blokunun qarşısına çatanda, onun alışıb yandığını gördük. Dərhal yanğınsöndürmə xidməti və təcili yardımla əlaqə saxladıq. Təxminən 5 dəqiqəyə gəldilər. Təsəvvür edirsiz, həmin vaxtlarda nə yanğınsöndürənlər, nə də təcili yardım heç vaxt bu qısa müddətdə yetişmirdilər. Bu artıq ondan xəbər verirdi ki, hər iki qurum hadisə ilə bağlı əvvəlcədən məlumatlandırılıblar. Biz hələ onlar gələnə qədər su ilə yanğını söndürməyə çalışırdıq və məlum oldu ki, enerji blokunda olan iki mühəndis – Viktor Romanov və İbrahim Hüseynov yoxa çıxıblar. Hadisə yerinə Mərkəzi Komitənin, Daxili İşlər Nazirliyinin, Dövlət Təhülskəsizlik Komitəsinin sıravi işçiləri gəlmişdilər – bəs məsul işçilər niyə gəlmədi ?! Onlar mənimlə ayaqüstü 5-10 dəqiqəlik söhbətdən sonra idarədən çıxıb getdirdilər. Televiziya işçilərindən birinin “xatirələr”ində yazıldığının əksinə olaraq söyləmək istəyirəm ki, məsul şəxslərin heç biri həmin axşam Komitənin hər hansı bir otağına daxil olmamışdı. Çünki, işıqlar sönmüşdü, hər tərəf zülmətə qərq olmuşdu. Bütün söhbətlər həyətdə və foyedə, mənim iştirakımla baş vermişdi.
Onu da qeyd edim ki, son aylar bizim Teleradio Verilişləri Komitəsini hərbçilər və silahlı tanklar qoruyurdu. Hərbiçilər adətən kollegiya zalında və böyük məşq zalında dislokasiya olunurdular. Biz 5-6 nəfər əməkdaşlar ora getdik və gördük ki… təxminən 15-20 nəfər qeyri-adi, xüsusi geyimdə olan hərbçilər oranı tərk etməyə hazırlaşırlar. Onlar hər gün gördüyümüz əsgərlərə oxşamırdılar, onlar sanki kosmosdan bura gəlmişdilər. Sinələrində balaca qısa avtomatlar, dəbilqələrinin üzərində isə, iki kiçik antenlər, əllərində telefon-ratsiya vardı. Özləri də hündürboylu idilər. Bizlə kəlmə kəsmək belə “Ubiraytes von, a to mı za sebya ne otveçayem, mı vıpolnyayem prikaz.” Hətta ana söyüşləri ilə hədə-qorxu gəlməyə başladılar. Onlar “Alfa”dan idilər. Sabahısı gün isə biz yoxa çıxan iki mühəndis – İbrahim Hüseynov və Viktor Romanov söylədilər ki, mənim “Alfa” ilə mübahisəmi eşidiblər. Çünki, onlar həmin yerdə hərbiçilər tərəfindən qapı arxasında həbsdə saxlanılmşdılar. Onu da qeyd edim ki, “Alfa” qrupunu görən və yola salan yalnız mən və adlarını unutduğum bəzi əməkdaşlar olub.
19-dan 20-nə keçən gecə sovet işğalçı ordusu Bakı şəhərini gülləbarana tutdu. Gecə saat 1-ə işləmiş mən idarədən çıxdım və evə gəldim. Səhəri diri gözlü açdım, sübh tezdən yenə də işə hazırlaşarkən, evimə naməlum bir şəxs zəng edib dedi ki, sizin iki işçiniz, mühəndislər – Romanov və Hüseynov Bakı şəhəri 26 Bakı komisarları rayonu milis idarəsindədirlər. Onları buraxmırlar. Sonra: “yubansanız, partlayışı və hadisələri sizin boynunuza yıxacaqlar» – dedi. Mənə zəng edən şəxs, DTK-nın məsul əməkdaşı Laçın Ələkbərov idi. Biz onunla ailəvi dost olmuşuq. O, vaxtilə Azərbaycan Dövlət Teleradio Verilişləri Komitəsində DTK nümayəndəsi olub.
Evdən iş yerinə gedərkən həyatımın ən ağır, ən çətin, ən dözülməz anlarını yaşadım. Böyükdən balacaya hər kəs ağlayır, qadınlar saçlarını yolurdular. Əzilmiş maşınlar, avtobuslar, köşklər, ağaclar… Küçələr milyonlarla qərənfil dənizinə qərq olmuşdu. “Vəhşilər! Faşistlər! Düşmənlər!” sözləri eşidilirdi. Teleşirkətə çatanda artıq Dövlət Təhlükəsizliyi Komitəsinin əməkdaşları, müstəntiq Rüfət Mansurov və teleradio üzrə kuratoru Məmmədəli Əliyev orada idilər.
Dövlət Teleradio Komitəsinin sədr müavini Fuad Tariverdiyev və mən bəzi vətənpərvər televiziya operatorlarına tapşırıq verərək onları Bakı küçələrinə, xəstəxanalarına, morqlara, idarələrə, faciə baş verən yerlərə çəkiliş aparmağa göndərdik. O günlər AzTv-nin bəzi operatorlarının işlərini xüsusi qeyd etmək istəyirəm. Onların çəkdiyi kadrlar bu gün də, bütün dünya ekranlarında göstərilir, Sovet Kommunist rejiminin siyasətini və qəddarlığını bir daha ifşa etdirirlər.
Həmin 20 Yanvar günü səhəri komitənin həyətində mən, Fuad Tariverdiyev və gecə ikən işğalçı ordu gecə Bakıya girmiş Sovet Ordusunun baş senzoru, general-leytenant Ovçinnikovla söhbət edirdik. Nə biz onu, nə də o bizi tanıyırdı. Bu vaxt həyacan içində gözləri dolmuş xalq şairi Baxtiyar Vahabzadə bizə yaxınlaşır, radio vasitəsi ilə efirə çıxmaq və bəyanat vermək istəyirdi. Bəxtiyar müəllim nifrətlə Ovçinnikova baxıb “Okuppantı, İşqalçılar !” deyə-deyə, onun üstünə tüpürdü. Təsəvvür edin Ovçinnikov nə vəziyyətə düşdü ? Onun ətrafında duran bir neçə silahlı əsgər dərhal avtomatlarını hazır vəziyyətə gətirdilər. Mən və Fuad tez hərəkətə gəlib aralarına girdik: “Bu bizim hörmətli xalq şairimizdir, millətimizin sevimlisidir, deputatdır”. Nələr baş verə bilərdi? Fuad Tarverdiyevlə birlikdə bir təhər vəziyyəti sabitləşdirdik. Faciənin qarşısını aldıq. Söz ardı əlavə edim ki, bu hadisə ilə bağlı hörmətli Bəxtiyar müəllim televiziya müsahibələrinin birində mənim adımı yaddan çıxararaq demişdi ki, məni bir rejissor ölümdən xilas etdi: “Mən onun adını bilmirəm”.
Televiziya jurnalisti Cavanşir Cahangirov, operator Ələkbər Muradov, mən və DTK-nın əməkdaşı Məmmədəli Əliyev, DTK-nın maşınında milis idarəsindən mühəndislər Romanovu və Hüseynovu televiziyaya gətirməyə çətinliklə nail olduq.. Mənim göstərişimlə, tanınmış jurnalist Cavanşir Cahangirov operator Ələkbər Muradovla dərhal partlayışa məruz qalmış enerji blokunun fonunda onlardan müsahibə aldılar. İbrahimlə Viktor təsadüfən sağ qalmışdılar. Sonralar istintaq müəyyən etdi ki, onları partlayışdan sonra məhv etməliydilər. Həmin müsahibə bir neçə əməkdaşımız və mənim üçün əhəmiyyətli məsələ oldu. Mühəndislərin müsahibələrindən və istintaqa verdikləri ifadələrdən bütün qaranlıq suallara cavab tapıldı. O vaxtlar Dövlət Təhlükəsizliyi, milis, prokurorluq orqanlarında çalışan əməkdaşların əksəriyyətində milli, vətənpərvərlik ruhu oyanmışdı. Qanlı faciə günlərində dünya şöhrətli siyasətçi, Heydər Əliyevin Moskvadakı Azərbaycan nümayəndəliyində jurnalistlər qarşısında bəyanat verərək cəllad Qorbaçov rejimini, kommunist partiyasını , sovet imperiyasını təqsirli bilməsi xalqımızı azadlıq uğrunda mübarizəyə daha da ruhkandırmışdi və xalqımıza ürək-dirək vermişdi ! Azərbaycanda olduğu kimi, Dövlət Televiziyasında çoxları öz partiya biletlərini təhvil verirdilər. Əlbəttə, bir neçə gündən sonra, onlar partiya və icraiyyə komitələrinə üz tutaraq, kommunist partiyası biletlərinin geri qaytarılmasına xahiş edirdilər. Bəziləri hələ də, yanvarın 18-dən 27-ə qədər Azərbaycan Dövlət Televiziyasında baş verən proseslərdə fəal iştirak etdiklərini iddia edirlər. Biz birmənalı şəkildə bu insanların uydurmalarını rədd edirik. Məlumat üçün bildirim ki, həmin “qəhrəmanlar” ümumiyyətlə Televiziyada yox idilər.
Faciədən bir neçə gün keçsə də, hiss edirdim ki, məni də təhlükə gözləyir. Belə bir həbsi demək olar ki, çoxları görürdü və gözləyirdi. Bir gün Şəhidlər Xiyabanından təzəcə Komitəyə qayıtmışdım. Axşamüstü olardı, mənə dedilər ki, küçədə səni bir nəfər gözləyir. Çıxanda gördüm ki, xalq yazıçısı İsmayıl Şıxlı dayanıb. O mənə dedi: “Vasif, sən televiziyaya bir müddət gəlmə, onsuz da o işləmir, evə də getmə, get başqa yerdə qal. Biz səni təhlükədən qorumalıyıq! Mən Mərkəzi Komitədən bura ayaqla gəlmişəm! Sənə demək üçün! Orada sənin adın hallanırdı!” Mən isə məhəl qoymadım…
Amma yanvarın 26-dan 27-ə keçən gecə saat 1-2 radələrində mənzilimin qapısı bərk döyüldü və zənqi çalındı. İki nəfər mülki geyimdə, üç əsgər “Alfa” geyimində evə daxil oldular. Biri sənədlərimizi yoxlayırdı, digərləri isə evdə nəsə axtarırdı. Onlardan biri: “Sən bizimlə yarım saatlıq Bakı şəhəri hərbi komendantının yanına gedəcəksən!” – dedi. Digəri isə, kitab rəfində Heydər Əliyevlə mənim birgə fotoşəklimi görüb o birisinə isteza ilə dedi: “Petroviç, sən bir bura bax, dahi insan”. Sonra əsəbi halda soruşdu: “Bu Sizin nəyinizdi? ” BDU-nun şərqşünaslıq fakultəsinin üçüncü kursunda oxuyan qızım Hüsniyyə cavab verdi: “Niyə bizim, o bütün sovet xalqının tanıdığı və sevdiyi bir şəxsiyyətdir”. Bu dialoqdan sonra silahlı əsgərlərdən biri mənim qulağıma pıçıldadı: «Teplo odevaytes!» Mən buna əməl etdim. Çünki başa düşdüm ki, ya məni uzağa, ya da uzunmüddətə aparırlar.
Aşağı düşəndə əsgərlərdən biri silahı kürəyimə dirəyib dedi: “Bir addım sağa-sola dönsən atacağam”. Artıq, həbs edildiyim mənə agah oldu. Qorxudanmı, qəzəbdənmi oldu, gözlərim doluxmuşdu. Haradansa soyuq hiss elədim, əsməyə başladım…
Məni altı hərbiçi və iki müstəntiq müşayiət edirdi. Təsəvvür edin ki, onların hamısı gəlmə idi və təbii ki, Bakını tanımırdılar. Səkkiz nəfər və «çyornıy voron» dustaq avtomobili Ayna Sultanovanın heykəli qarşısından Qaqarin körpüsünə qədər 20 dəqiqəlik yolu düz saat yarıma, özü də xəritə vasitəsilə « fəth etdi».
O günlər bizim operatorların çəkilişləri erməni daşnaklarının separatizmi və Sovet kommunist ordusunun Azərbaycan xalqına qarşı törətdiyi qəddar hücumlar genosid adlandırılır ! Qanlı yanvar kimi faciəli günlər, verilən qurbanlar, bizim millətin azadlığa və müstəqilliyə gedən bir yolu kimi qiymətləndirilir !
Həmin çəkiliş kassetlərinin bir hissəsi vətənpərvər operator olan Seyidağa Mövsümovda idi. O gecə məni evimdən aparanda, həyat yoldaşım, Teleradio komitəsinin əməkdaşı Afət xanım ona telefon açaraq, – «Seyidağa, Vasifi apardılar, ola bilsin, sənin arxanca da gəlsinlər. Kassetlərlə birgə evi tərk edin» demişdi. Seyidağa da ailə ilə birgə mənzili tərk etmişdi.
Qara şəhərdəki, təcridxanada mənə guya günahkar olduğum barədə sənəd təqdim etdilər. Televiziyanın işinə maneçilikdə, mitinqlərə çağırışda çəkilmiş videokasetlərin gizlədilməsində günahlandırırdılar. Əlbəttə, belə bir ittihama mən imza ata bilməzdim. Bir azdan olduğum kameraya iş yoldaşlarım – rejissor Azər Zamanlı və radio jurnalisti Rafiq Ağayevi gətirdilər.
Yanvarın 19-dan 26-na qədər işləməyən Azərbaycan televiziyası, yanvarın 27-də, məhz biz həbs ediləndən sonra öz proqramlarını efirə verməyə başladı. Sanki ölkə rəhbərliyi və televiziyanı o günlər idarə edənlər bizim həbsimizi gözləyirdilər. Ertəsi gün əllərimi boğazdan keçən polad məftillə bağlayaraq, Nasosnı qəsəbəsində yerləşən hərbi hava limanına, oradan isə silahlı hərbçilər və alman cinsindən olan köpəklərin müşayiəti ilə, hərbi təyyarələr vasitəsilə Krasnodar şəhərinə apardılar. Dəmiryolu vağzalına gətirdilər. Bizi dəyənəklərlə döyürdülər, alman köpəkləri üstümüzə hürürdü. Bütün bunlar filmlərdə gördüyümüz nasist konslaqerlərini xatırladırdı. Bizi “Stolıpin” deyilən vaqon-zindana doldurdular. Ac-susuz biz üç gün, üç gecə Ulyanovsk şəhərinə yollandıq. Hərbi nəzarətçilər dustaqlara işgəncələr verirdilər, döyüb dişlərimizi sındırırdılar. Pullarımızı, saatlarımızı əlimizdən aldılar. Nəhayət, Ulyanovska – “dahi Lenin”in vətəninə çatdıq. Bizi yerli həbsxanada bir aydan çox saxladılar. Çəkdiyim zillətləri ömrüm boyu unutmaram. O vaxtdan 30 il keçməsinə baxmayaraq, hələ də o illərin bütün hadisələri yuxularımda canlanır.
Ulyanovska çatandan sonra çoxdan orada yaşayan, əslən Göyçay rayonundan olan sovet milis kapitanı Varis Məhərrəm oğlu Məcidov bizim bura gətirilməyimizdən xəbər tutub, yerli yüksək rütbəli general və zabitlərlə həbsxanaya gəldi. Elə ilk gündən Ulyanovskda məskunlaşan bu yeddi Məcidov qardaşlarının mərdliyi, qeyrəti bizi, 46 nəfər bütün Azərbaycan dustaqlarını heyran etdi. Həmin görüşdən sonra onlar Bakıya, ailələrimizə xəbər göndərmişdi ki, nigaran qalmayın, əzizləriniz sağ-salamatdırlar. Həbsxanada saxlandığımız bir aydan çox vaxt ərzində Məcidov qardaşları bizim bütün təminatımızı üzərilərinə götürdülər. O, çətin və əzablı günlərimizdə bizə – 46 nəfər azərbaycanlıya arxa, dayaq oldular. “Cəza” müddətimiz başa çatdıqda eyni vəziyyətdə Azərbaycana yola salınacağımızdan xəbər tutan Varis Məcidov qardaşlarıyla birlikdə Bakıdan xüsusi nəqliyyat təyyarəsi sifariş verib, öz vəsaitləri hesabına bizi vətənə çatdırdılar.
Bütün bunlar gerçəklikdir, lakin bir daha təəssüf edirəm ki, o zaman heç bir prosesə qoşulmayan, hətta günlərlə evdən çıxmayan bəzi ziyalılar, televiziya işçiləri bu gün özləri haqqında yazdıqları kitablarda şişirdilmiş hadisələr və yalanlarla televiziyaya – kütlə qarşısına çıxır və mətbuatda ağız dolusu danışırlar. Ad çəkmək nə yaşıma, nə nüfuzuma, nə də peşəkarlığıma yaraşar.

Amma təbii ki, son qərar tarixin özünə məxsus olacaq !!!

Vasif Babayev

Azərbaycanın Xalq Artisti

Müəllimlərin işə qəbulu qaydalarına dəyişikliklər edilir

18.01.2020 · 17:20 · Baş Yazı

Növbəti tədris ili (2020-2021) üçün dövlət ümumi təhsil müəsisələrinə müəllimlərin işə qəbulu (MİQ) qaydalarına bir sıra dəyişikliklər edilir.

APA-nın məlumatına görə, bu barədə Təhsil Nazirliyinin Telegram səhifəsində məlumat verilib. Məlumata görə, test imtahanı mərhələsində iştirak edən namizədlərə ixtisas üzrə 40, təlim stratergiyaları və metodika üzrə 20 test tapşırığı təqdim olunacaq(cəmi-60 sual). İmtahan proqramına məntiq üzrə test tapşırıqları daxil edilməyəcək.

Qeyd edək ki, “Təhsil haqqında”Azərbaycan Respublikası Qanununa edilmiş əlavələrə əsasən dövlət ümumtəhsil və peşə təhsil müəssisələrində çalışan müəllimlər 2020-ci ildən başlayaraq sertifikatlaşdırmadan keçəcəklər. MİQ müsabiqəsinin nəticəsinə əsasən, işə qəbul olunan müəllimlər sertifikatlaşdırmadan keçənlərə bərabər tutulacaq. Sertifikatlaşdırma prosesində iştirak edən müəllimlərə məntiqə aid sualların təqdim olunması nəzərdə tutulmadığından qaydalara sözügedən dəyişiklik edilib.

Yanvarın 20-də şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək

18.01.2020 · 13:49 · Baş Yazı, Sosial

“Yanvarın 20-si səhər saat 08:00-dan tədbir tam başa çatanadək bəzi küçə və prospektlərdə avtomobillərin hərəkətinə məhdudiyyətin qoyulması və istiqamətin dəyişdirilməsi nəzərdə tutulub”. 

Bunu APA-ya açıqlamasında Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədov bildirib.

O qeyd edib ki, ziyarətə gələnlərin təhlükəsizliyinin təmin edilməsi və onların rahat, fasiləsiz hərəkətinin təşkil edilməsi məqsədilə Parlament prospekti istiqamətində Mehdi Hüseyn küçəsi 1, yəni Teleteatr inzibati binasının yanından İzzət Nəbiyev, Abbasqulu Abbaszadə, yəni Milli Məclisin inzibati binasının arxasından, eləcə də Mikayıl Müşfiq Hüseyn Cavid küçələrinin kəsişməsindən, həmçinin Mikayıl Müşfiq dairəsi Mətbuat prospektinin kəsişməsindən avtomobillərin hərəkətinə məhdudiyyət qoyulmaqla istiqamət dəyişdiriləcək: “Ona görə də Parlament prospektindən hərəkət edən sürücülər alternativ yol kimi paytaxtın Neftçilər prospekti Azneft dairəsi, Bayraq meydanı, Bayıl qəsəbəsi 20-ci sahə dairəsindən istifadə etməlidir və yaxud mərkəzdən Yasamal istiqamətinə hərəkət edən vətəndaşlar isə Səməd Vurğun, Bakıxanov, İnşaatçılar, Nəriman Nərimanov və digər sərbəst və rahat istifadə edə bilərlər”.

V.Əsədov həmçinin qeyd edib ki, yanvarın 20-də saat 12:00-da şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək: “Bir dəqiqəlik sükutun edilməsi elanı verildikdə hər bir nəqliyyat vasitəsinin sürücüsü dayanmalı və səs siqnalından istifadə etməlidir. Tədbirin keçirildiyi əraziyə bitişik yerlərdə şəxsi avtomobillərin park edilməsinin də mümkünsüzlüyünü nəzərə alıb hər bir avtomobil sürücüsü tədbirə qatılmaq fikrindədirsə, ictimai nəqliyyat vasitəsindən istifadə etməsi tövsiyə olunur”.

“Atam fotoları Primakovun üstünə atıb “korsan? Bu qədər öləni görmürsən?”-deyə qışqırmışdı” –

18.01.2020 · 03:28 · Baş Yazı

 Sovet ordusunun Bakıda törətdiyi qanlı Yanvar qırğınının 30 ili tamam olur.

Azərbaycan Jurnalistlər Birliyinin  sədri, “Ayna-Zeraklo” qəzetinin Baş redaktoru Elçin Şıxlinski Azpost.info-ya müsahibəsində o dövrə ayna tutub. O, atası, xalqı yazıçısı İsmayıl Şıxlı və digər ziyalılarımızın həmin günlərdə tutduğu mövqeyini xatırladıb, faciənin siyasi aspektlərinə toxunub.

Azpost.info müsahibəni oxucularına təqdim edir.

 -1990-cı ildə gənc olmusunuz. 30 il əvvəl baş vermiş 20 yanvar faciəsini indi necə xatırlayırsnız?

– Mən o vaxt “Azərbaycan kommunisti” jurnalında işləyirdim. Jurnalın Baş redaktoru, mərhum Kamran Rəhimov hətta mənə redaksiyanın ilk partiya təşkilatının katibi vəzifəsini də həvalə etmişdi. “Partkom” idim. Redaksiya Mərkəzi Komitənin (indiki Prezident Administrasiyası) 12 mərtəbəsində yerləşirdi.  Çox gərgin və həyəcanlı günlər idi. Təsəvvür edin, Mərkəzi Komitənin qarşısına yığımış xalq hayqırır, biz isə içəridə guya işlə məşğul olurduq. Yanvarın ya 12-si ya da 14-ü idi. Azərbaycan Kommunist Partiyasının birinci katibi Əbdürrəhman Vəzirov Mərkəzi Komitədə çalışan bütün işçiləri, o cümlədən bizi zala yığaraq iclas edirdi. Vəzirov indi hamının istehza ilə xatırladığı  “istefa, Mustafa” ifadəsini də o iclasda işlətmişdi.  İclasda qarmaqarışıq danışır, nə isə izah etməyə çalışırdı. İclas bitdi. Biz Mərkəzi Komitənin ön qapısından çıxa bilmirdik. Arxa qapıdan çıxaraq Nazirlər Sovetinin həyəti ilə gedib binanı fırlanaraq gəlib qoşulurduq mitinqə… Camaatla birgə “istefa” qışqırırdıq. Belə idi vəziyyət.  Redaksiyada hamının cibində kommunist partiyasının bileti olsa da hamının ürəyi mitinqə çıxmış xalqın yanında idi.  Bu çox səmimi hisslər idi.

-Mərkəzi Komitədə – siyasi “mətbəx”in içində olmusunuz. Rəsmilərin əhval-ruhiyyəsi necə idi? Bu qanlı hadisənin baş verəcəyini gözləyirdilər?

–  Yox.  Deyim ki, 18-19-20 yanvarda biz  artıq o binaya işə gedə bilmirdik. Mümkün deyildi. Əhval-ruhiyyəyə gəlincə, mənim gördüyüm adamlar, xalq hərəkatında  iştirak edənlər,  xalq belə vəhşilik ola biləcəyini düşünmürdü.  1988-ci ildə  də Bakıda buna bənzər hadisələr –izdihamlı mitinqlər, komendant saatı olmuşdu. 1988-ci ilin dekbarın 5-də sovet əsgərləri Meydanı dağıtmışdılar…Adamlar orada döyüldülər, tutuldular… Yanvarda da etiraza çıxanlar deyirdilər ki, uzaqbaşı döyüləcəyik. Hamı ona hazır idi. Mən həmin qanlı gecədə təsadüfən sağ qaldım. Bibim oğlu rayondan gəlmişdi. Onunla indiki Prezident Administrasiyasının qarşısındakı mitinqdə idik. Təqribən saat 11 ərəfəsi idi. Bütün günü küçədə, aksiyada olmuşduq. Bibim oğlu dedi ki, “ay Elçin, möhkəm acmışam, gedək evə, bir tikə çörək yeyək, qayıdarıq”. Bizi o gülləbarandan o aclıq xilas elədi. Biz təsadüfən həmin vaxt yemək üçün evə qayıtmasaydıq yəqin ki, o barrikadada həlak olacaqdıq.

Oradan piyada indiki Sahil bağına gəldik. Sovet hərbçiləri, hərbi texnika müxtəlif binaların həyətində durmuşdular. Adamlar da həmin binaların qarşısında tonqal yandıraraq oturmuşdular.  Həmin tonqalın qarşısında bir az dayandıq.  Evimiz Hökumət Evinin arxasında idi. Gəldik evə, oturduq yemək yeməyə… Və göydə avtomat güllələri, gurultu eşidlməyə başladı. Qanlı gecə başlanmışdı.  Qaçaraq evdən çıxmaq istəyəndə anam, həyat yoldaşım özlərini qapının ağzına atıb ağlamağa başladılar. Atam məndən “oğul, silahınız varmı?” -deyə soruşdu.  “Əlinizdə silah varsa gedin”-dedi… Bütün gecəni evin qarşısında qəzəb və əsəb içində keçirtdik. Hamı küçələrdə idi. Bütün baş verənərə baxmayaraq xalqın əhval-ruhiyyəsi azadlığa köklənmişdi. “Biz azad olmaq istəyirik, olacağıq da. Heç kim də qarşımızda dura bilməz”- əhval belə idi. Ertəsi gün Şəhidlərin dəfni üçün 1 milyon insanın küçələrə çıxması o demək idi ki, adamların gözünü qorxuda bilməmişdilər.  Əksinə, evdə oturanlar da çıxmışdı küçəyə…O gün hamını dəyişdirdi: Artıq SSRİ, Moskva, Rusiya bizim xalq üçün bitmişdi. Hamı bir fikirdə yekdil idi: “Bunlar bizim  qatillərimizdir, Qarabağı da erməniyə Moskva verib, baş verənlər də Kremlin işləridir”. Ümumi əhval belə idi. Bir məqamı deyim: 20 yanvardan bir həftəyə yaxın vaxt ötürdü. Biz iş yerinə gəlmişdik. Lənkəranda sovet ordusu hərbi əməliyyat keçirib qoşunların zorakılığna etiraz edən gəncləri meşədə öldürmüşdülər. Hələ də ölüm, qətl davam edirdi. O xəbərləri göz yaşı və qəzəblə qarşılayırdıq. Bizim jurnalın məsul katib rus idi. Lənkərandan o qətl xəbəri gələndə redaksiyada əllərini bir-birinə sürtüb “oqo, kak xoroşo çto ix uniçtojili” (nə  yaxşı ki, hamısını qırıb məhv elədilər) deyəndə hamı qaçdı onun üstünə…Az qala öldürəcəkdik onu. Yalvar-yaxarla birtəhər əlimizdən aldılar.  Rus “onların meşədə nə işləri var?” sual verəndə mən “o torpaq o uçaqların ana yurdudur. Bəs sənin rus əsgərinin orada nə iti azıb?” deyib üstünə cumdum.  Səsini kəsdi.

– Həmin hadisələr vaxtı ictimai xadimlər, tanınmış ziyalılar böhranın həll olunması üçün cəhdlər göstəriblər. Mən bəzi sənədlərlə tanış olmuşam. Mərkəzi Komitədə Mixail Qorbaçovun Bakıya göndərdiyi yüksək vəzifəli sovet rəhbərləri ilə bu ziyalıların görüşləri keçirilib. Görüşlərdə atanız- Azərbaycanın görkəmli yazıçısı, mərhum İsmayıl Şıxlı, xalq şairi Bəxtiyar Vahabzadə,  QMİ sədri Allahşükür Paşazadə iştirak ediblər.  İsmayıl müəllim bu görüşlərdən sonra evə hansı qənaətlərlə gəlirdi? Faciə qaçılmaz idi yoxsa qarşısını almaq şansı vardı?

-Atam faciəvi nəticələrin olacağı barədə bir söz demirdi. Amma xalqı dəstəkləyərək deyirdi ki, Azərbaycan müstəqil olmalıdır.  İsmayıl Şıxlı Mərkəzi Komitənin Plenumunun üzvü idi. Onun 24 yanvar 1990-cı ildə Mərkəzi Komitənin Plenumunun iclasında məşhur çıxışı var. Orada iştirak edən Siyasi Büronun üzvü Yevgeni Primakov atamın sözünü kəsmk istəyəndə İsmayıl Şıxlı ona kəskin şəkildə “sən burada özünü çar canişini Vorontsov-Daşkov kimi aparma! Sözümü kəsmə! Sən də mənim kimi partiya üzvüsən”-cavabını vermişdi. Adamlar həlak olanların morqdakı fotolarını çəkib atama vermişdilər. Orada həlak olanların qollarının üstündə rəqəmlər qeyd olunmuşdu. 100, 200-ü keçirdi bu rəqəmlər… Öldürülənlərin sayını göstərirdi.  Yevgeni Primakov iclasda “heç kim ölməyib, cəmi bir-iki nəfər həlak olub” deyəndə İsmayıl Şıxlı şəkil qovluğunu onun üstünə ataraq “korsan sən? Bax bu fotolara” demişdi.  Atamgil faciədən əvvəl  Sov.İKP-nin katibi Girenko ilə görüşmüşdülər. Moskvadan gələnələr deyirdilər ki, “siz sovet hakimiyyətini devirisiniz, biz də gəlmişik bərpa etməyə…” Faciənin lap son günlərində İsmayıl müəllim deyirdi ki, bunlar şəhərə qoşun yeridə bilərlər, özümüzü qorumalıyıq. Əliyalın da qarşılarında durmaq olmaz. Yəni ehtiyatlı olmaq,  ağılla iş görmək lazımdır. Amma İsmayıl Şıxlı da sonacan inanmırdı ki, sovet ordusu belə vəhşilik törədəcək.  Düzdür bir sıra nufuzulu şəxslər deyirdi ki, “qoşun yeridiləcək, əsgərlər şəhərə girəcəklər”. Amma bu boyda qətliamın törədiləcəyinə heç kim inanmırdı.

-Azərbaycanın partiya rəhbərliyinin həmin günlərdə ziyalılarla münasibəti necə idi. Onları eşidirdilərmi?

-Vəzirov sıfır səviyyədə olan adam idi. Onunla danışmağın heç mənası da yox idi. Son günlərdə o artıq heç nə eləmirdi. Əlindən bütün səlahiyyət alınmışdı.

– Səlahiyyəti alınsa da o özü xalqa çatdırıla biləcək nəsə nühüm bir söz deyə bilərdi…

-Nə deyəcəkdi? O rusdan beşbətər idi.

–Mövqe ifadə edə bilərdi: “Ay ziyalılar, xalqı qıracaqlar, mən heç nə edə bilmirəm, siz xahiş edirəm bunu edin” tipində…

-Belə bir söhbəti eşitməmişəm. Müraciət- filan da eləməyib. Özü də  demişdi ki, məni Bakıdan  evakuasiya edəndə heç bilmirdim ki, nə baş verir…Bilmirəm, dərman içiridiblər, yoxsa başını itirib çaşıbmış. Amma hər halda yadıma gəlmir ki, o desin ki, “ay İsmayıl müəllim, Bəxtiyar müəllim, əlimdən bir şey gəlmir, bir şey fikirləşək”. Belə şey olmayıb. Litvada hadisələr baş verəndə partiya rəhbəri Barazauskas xalqın tərəfinə keçdi. Bizdə isə belə düşüncə belə yox idi.

-Faciədən əvvəl Vəzirovun kabinetində ölkə ziyalıları və dini rəhbərlərlə Yevgeni Primakovun görüşü olub. Orada İsmayıl Şıxlı, Bəxtiyar Vahabzadə, Şeyxulislam Allahşükür Paşazadə iştirak edib. Həmin iclasda Primakovla möhkəm mübahisə düşüb.  Ondan tələb ediblər ki, ordunun şəhərə girib-girməyəcəyi barədə doğru məlumat verilsin.  Moskvadan gələnlər isə ordunun girməyəcəyini bildiriblər…

-Yadımdadır bu görüş… Həmin görüşdən sonra atam gəlib dedi ki, ordunun Bakıya girməyəcəyinə söz verdilər. Amma sonradan –yanvarın 18-19-da AXC-nin nümayəndələri ilə görüşdən sonra demişdilər ki, ordu şəhərə girəcək.  Amma yanvarın 14-də atamgilə demişdilər ki, ordu Bakıya girməyəcək.

-SSRİ-nin siyasi rəhbərliyinin rolu bir az qəribə təsir bağışlayır. Bir yandan Bakıda vəziyyəti sabitləşdirməkdən danışırlar, digər tərəfdən isə Şeyxulislam Allahşükür Paşazadəyə Azərbaycana rəhbərlik etməyi təklif ediblər. O da çox guman ki, təxribatı başa düşüb və bu təklifdən imtina edib.  Sizcə, bu prosesə “islam fundamentalizmi” yarlığı vurmaqla sovet rəhbərliyi nə əldə etmək istəyirdi?

– Bizim boynumuza elə “islam fundamentalizmi” ittihamını qoymuşdular. Hay salmışdılar ki, hakimiyyətə fundamentalistlər gəlir, İslam inqilabı edəcəklər –filan. Əslində qətiyyən belə bir şey yox idi. Bu ittiham onların əlində bəhanə idi: Onlar artıq niyyətlərini demişdilər: Siz sovet hökumətini devirisiniz. Biz gəlmişik onu bərpa etməyə….

– Qırğınla bağlı Azərbaycan ictimaiyyətinin və rəsmi şəxslərinin mövqeyi sərt və aydın olub. Məsələn, Allahşükür Paşazadə SSRİ rəhbəri Mixail Qorbaçovu lənətləyən bəyanat verib, Azərbaycan Ali Sovetinin sədri Elmira Qafarova ordunun Bakıdan dərhal çıxarılmasını tələb edib və bəyanat imzalayıb. Bütün bunlar Azərbaycan  ictimai rəyinin məsələyə baxşının bir indikatoru sayıla bilər…

– Şeyxulislam Allahşükür Paşazadə 20 yanvar hadisələri zamanı özü millətin içində idi və fəaliyyəti ilə xalqla bir olduğunu göstərdi. Bu mühüm idi. Şeyxin  Qorbaçovu ittham edən kəskin bəyanatını yaxşı xatırlayıram. Onun dini lider kimi verdiyi bu bəyanat böyük rezonans doğurmuşdu. Qırğından dərhal sonra Ali Sovetin sədri Elmira Qafarovanın  verdiyi bəyanat  Azərbaycan hakimiyyətinin rəsmi mövqeyini ifadə edirdi. Yanvarın 21-də Ali Sovetin iclasında verilən o bəyanat vacib sayılır. Həmin iclasın aparıcıları İsmayıl Şıxlı, Bəxtiyar Vahabzadə və Tofiq Bağırov idi. Çəkilişlər də olmuşdu. Amma o lentlərin indi heç biri yoxdur. Bütün gecə iclas davam etdi. Ondan sonra bəyanat hazırlandı və Elmira Qafarova Ali Sovetin sədri kimi rəsmi olaraq bəyanatı imzaladı.  Şəhərdə komendant saatı olduğu üçün hamı  gecəni iclas zalında qalmışdılar. Səhəri gün atam evə gələndə dedi ki, “bu vəhşiliyi pislədik, qərar  da qəbul etdik ki, qoşunlar Bakıdan dərhal çıxarılsın”. Sonra kədərli səslə dedi ki, “onlar heç nə edəsi deyillər. Sözümüzün əhəmiyyəti olmayacaq”.

–İsmayıl Şıxlının qanlı qırğınla bağlı çıxışı var. Orada Kremli sərt ittham edib və partiyada üzv kimi qala bilməyəcəyini bəyan edir…

-O yanvarın 24-də Mərkəzi Komitənin Plenumundakı çıxışıdır. Çıxış ruscadır. Mən, qardşım Fərrux, həyat yoldaşım çıxışı Azərbaycan dilinə tərcümə etmişdik. Plenumda atam deyib ki, “mən partiyaya 1945-ci ildə üzv olmuşam. O vaxt partiya KPSS idi.(Kommunistiçeskaya Partiya Sovetskoqo Soyuza) İndi KP itib, ancaq SS qalıb. Mən də SS partiyasında, sizin kimi adamlarla bir sırada olmaq istəmirəm.  Qrbaçov da, sizdə ermənilərin əlində oyuncaqsınız. Öz xalqınıza qarşı qoşun yeritdiniz”.

Səhəri gün Yazıçılar İttifaqında iclas idi. Atamla birgə Sahil bağının həndəvərinə qədər birtəhər hərbi  postlardan keçə bildik. Biz evdən çıxanda anam dedi ki, “ay İsmayıl, küçədə güllə atırlar. Bəlkə getməyəsən?” Atam da qayıtdı ki, “mən müharibəni keçmişəm, orada ölmədim. Burda,vətəndə  güllə dəysə ölsəm heç nə olmaz”-deyib çıxdı. Həmin iclasda yazıçılar faciəni pisləmişdilər, çoxu da partiya biletini orada atmışdlar. Amma sonradan böyük əksəriyyəti gedib biletini geri götürdü. Çingiz Abdullayev mənə danışıb. Deyir, məni göndərdilər İsmayıl müəllimin yanına ki, partiya biletini geri götürsün. O da deyib ki, “oğul, kişi tüpürdüyünü yalamaz. Mən bu bileti elə-belə atmamışam. 45 il bu zibilin üzvü olmuşam. Bu oyuncaq deyil ki, atdım, gedib yenə götürüm. Kişinin sözü bir olar”. Atam Mərkəzi Komitənin Plenumunun üzvü idi. Oradan iclaslara dəvət edirdilər,  atam deyirdi ki, “mən partiyadan çıxmışam, mənə aidiyyəti yoxdur”. Sonra Həsən Həsənov xahiş etmişdi, atam da Plenumun iclasına qatılmışdı.   Çünki ölkəyə yeni 1-ci katib seçilirdi və namizədlərdən biri də Həsən Həsənov idi. Həsən Həsənov Kamran Bağırova baxanda çox milli adam idi. Atam da onunla işləmişdi. AYB-nin sədri olanda çox təmasda olmuşdular. H.Həsənov atama demişdi ki, “İsmayıl müəllim, sən Plenumda olsan mənə xeyli dəstək olar. Bəlkə mən seçildim”. Ona görə getmişdi Plenuma…Yoxsa gedən deyildi. O çıxış da elə orada etmişdi.

-Sizin fikriniz necədir: Noskva bu qırğını törətməklə nəyə nail olmaq istəyirdi? SSRİ-nin yeniləmək istəyən, yenidənqurma və demokratiya vəd edən Qorbaçov və komandası bu addımı nəyə görə atdı?

– Nə yenidənqurma? Onlar heç nəyi yenidən qurmaq istəmirdilər. Tarixə baxın. 1917-ci ildə çar devrildi, bolşeviklər hakimiyyətə gəldilər. Biz də müstəqil olduq. Müstəqil olmağımıza 23 ay dözə bildilər. Bolşevik, menşevik, kommunist –bunların hamısı imperiya təfəkkürü daşıyanlardır. Beyinlərində ancaq hər yeri zəbt etməkdir. O vaxt bunların fikrincə, çar Rusiyası artıq ömrünü başa vurmuşdu, dəyişməliydi. Amma onların ağlına gəlməmişdi ki, çar Rusiyasının işğal etdiyi digər xalqlar müstəqil ola bilərlər.  Oldular…Bolşeviklər öz prolemlərini həll etdilər, müharibədən çıxdılar. Sonra qüvvələrini yönəltdilər bu tərəfə. Bir-bir başladılar işğal etməyə… 1940-cı ilə qədər bu işğal davam elədi. Pribaltika, Moldova…Yenidənqurma illəri də eyni şey idi. Kreml görürdü ki, köhnə iqtisadi sistemlə SSRİ-ni idarə edə bilmir. Maliyyə yoxdur, ölkəni saxlamaq olmur. Bunlar guya Yenidənqurma elədilər. Amma sonradan elə oldu ki, SSRİ-də xalqlar azadlıq uğrunda mübarizəyə qalxdı. Pribaltika, Ermənistan, Gürcüstan, Azərbaycan… Mənə elə gəlir ki, Qarabağ məsələsi olmasaydı biz hələ yatacaqdıq. Bu problem bizi oyatdı. Heç kimin ağlına gəlmirdi ki, SSRİ dağılacaq. Qorbaçov  sadəcə sistemi bir az dəyişdirib müasirləşdirmək istəyirdi. Amma imperiya düşüncəsi dəyişməmişdi. İndinin özündə də Putinin siyasəti nədir? Getdi Gürcüstanın yarısını aldı, Ukraynanın müəyyən hissəsini tutdu. Moldovanı yarıya bölüb. Bizə girmir ona görə ki, Qarabağı erməninin əli o vaxtdan işğal edib. Rusiyanın ölüb-itdiyi ancaq imperiyadır. İndi dünya dəyişib deyə biz 25  ildən çoxdur müstəqil olaraq ayaq üstə dura bilirik. O vaxt olsa idi Rusiya yenə 3 gündən sonra ordunu yeridib buranı dağıdıb işğal edəcəkdi. İndi beynəlxalq şərtlər bir qədər başqadır. Eyni zamanda hələ bu işlərindən əl çəkmirlər. Baxın. Hər vəchlə Belarusu öz tərkibinə qatmağa çalışır. Sonra Ukrayna…Yenə gələcək bizim üstümüzə…Orta Asiyaya o qədər fikir vermir. Çünki onları barmağının bir işarəsi ilə gətirə bilər. Nazarbayev niyə paytaxtı Alma-Atadan köçürdü?  Çünki o hissəni Moskva əlinə götürəcəkdi. Yeni paytaxta köçdü ki, demoqrafik vəziyyəti dəyişsin. Bu çox müdrik hərəkət idi.

-20 yanvar faciəsinin Azərbaycan cəmiyyətinin yaddaşında yeri necədir?

– 20 yanvar Azərbaycan üçün matəm deyil, matəm günü olmamalıdır. Bu bizim  qəhrəmanlıq günümüzdür. Şərəfli günümüzdür. 20 yanvarda şəhid olanların ruhu şad olmalıdır. Biz onları unutmamalıyıq. Eyni zamanda başımızı dik tutmalıyıq. Yenə əyilib kiminsə qoltuğuna girəcəyiksə onların qanı bizə halal olmaz. Biz cəmiyyəti də, uşaqları da bu ruha kökləməliyik.  Bu bizim şərəf günümüzdür, millətin millət olma məqamıdır. Millət qururlu olmalı, ayaq üstə durmalı, başını dik tutmalıdır. Biz Şəhidlər Xiyabanına gedəcəyik, onları yad edəcəyik, dua oxuyacağıq. Bununla yanaşı hökmən deməliyik ki, Vətən sağ olsun!