Nazirlər Kabinetində müşavirə

17.01.2020 · 19:05 · Baş Yazı

Bu gün Nazirlər Kabinetində Prezident İlham Əliyevin yanvarın 13-də keçirdiyi müşavirədə hökumətə tapşırıqlarının icrası ilə əlaqədar iclas keçirilib.

Nazirlər Kabinetinin mətbuat xidmətindən verilən məlumata görə, ilk müşavirə qeyri-rəsmi məşğulluğun leqallaşdırılması məsələsinə həsr olunub.

Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədov bildirib ki, Prezident İlham Əliyev yanvarın 13-də 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədə hökumət qarşısında 25-dən çox tapşırıq qoyub: “Nazirlər Kabineti bu tapşırıqları sistemləşdirib və həyata keçirilməsi üçün Tədbirlər planı hazırlayıb, bununla bağlı müvafiq Sərəncam imzalanıb”.

Baş Nazir Əli Əsədov deyib ki, Prezident İlham Əliyev müşavirədə qeyri-formal məşğulluğun qarşısının alınması və şəffaflığın genişləndirilməsini xüsusi vurğulayıb və bu müşavirə Prezidentin tapşırıqlarının icrası üçün keçirilən ilk iclasdır.

Baş Nazir qeyd edib ki, son 2 ildə Dövlət Sosial Müdafiə Fonduna ödəmələrin 37 faizdən çox artması aparılan islahatın real göstəricisidir. Görülən işlərin nəticəsində vergi bazası da genişlənməkdədir: “Amma, Azərbaycan Prezidentinin siyasi iradəsi belədir ki, bu iş daha da güclənməlidir”.

Tədbirlər Planında nəzərdə tutulmuş məsələlərin həlli ilə bağlı bu günədək görülmüş işlər və qarşıda duran vəzifələr barədə məlumat verən Baş Nazirin müavini, Komissiyanın sədri Əli Əhmədov deyib ki, son 15 ildə ölkədə 2 milyondan çox yeni iş yeri yaradılıb, işsizliyin səviyyəsi 5 faizə enib: “Tədbirlər planı 5 bölmədən 36 maddədən ibarətdir. İndiyədək həmin maddələrin 18-i tam, 7-si qismən icra edilib, 11 maddə üzrə işlər mütəmadi icra olunacaq. Ümumilikdə görülmüş işlər müsbətdir. 2017-ci ilin ikinci yarısından 2019-cu ilin sonunadək ümumilikdə 300 minədək əmək müqaviləsinin artımı müşahidə olunub. İlbəil dinamikanın artması da yaxşı göstəricidir. Təkcə 2019-cu ildə bu göstərici 153 min olub. Həmin 300 minədək artım ümumilikdə məşğul əhalinin faiz etibarilə artımının 21,2 faizi deməkdir”.

Əmək və sosial hüquqlarının qorunması ilə bağlı görülən işlər barədə məruzə edən Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev deyib ki: “2019-cu ildə 153 min əmək müqavilələrinin artımının 99 mini məhz özəl sektorun payına düşür”.

İqtisadiyyat naziri Mikayıl Cabbarov isə qeyd edib ki, qeyri-rəsmi məşğulluğun qarşısının alınması istiqamətində 2019-cu ildə yerlərdə bir çox operativ vergi tədbirləri keçirilib: “İl ərzində 7294 pozuntu fakt aşkarlanıb və qanunvericilyə uyğun olaraq ilk hal olduğu üçün sahibkarlara yazılı xəbərdarlıq olunub. Lakin bundan nəticə çıxarmayaraq təkrarən belə addım atan şəxslərə 268 min manat maliyyə sanksiyası tətbiq olunub, 27 fakt üzrə cinayət işi açılıb. İl ərzində vergi orqanlarının xətti ilə sosial sığorta haqları üzrə daxilolmalar 26 faiz artaraq 2 milyard 931 milyon manat təşkil edib, proqnoz 105,8 faiz icra olunub”.

Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov deyib ki, ötən 2 ildə Komissiyanın fəaliyyəti nəticəsində mühüm nailiyyətlər əldə olunub, çox güclü institusional baza yaradılıb: “Real nəticələr görülən işlərin dinamikasinda da özünü göstərir. Dövlət Statistika Komitəsi İqtisadiyyat və Əmək və Əhalinin Sosila Müdafisəi nazirlikləri ilə birgə razılaşdırılmış metodologiya əsasında qeyri-formal məşğulluğun səviyyəsinin qiymətləndirilməsi üzrə təhlillər aparılıb. Bu təhlillərə beynəlxal ekspertlər cəlb olunub və beynəlxalq metodologiya əsasənda hazırlanıb”.

Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev deyib: “Təhlillər göstərir ki, qeyri-leqal məşğulluğun yüksək olduğu sahələrdən biri də tikinti sahəsidir.  2017-2019-cu illərdə bu sahədə 171 monitorinq həyata keçirilib, 170 min 600 əmək müqaviləsi imzalınıb ki, onların 90 min 451-i və ya 45 faizi sırf bu monitorinqlər nəticəsində işəgötürənlər tərəfindən bağlənmış müqavilələrdir. Yəni monitorinqlər bu sektorda 45 faiz əmək müqavilələrinin rəsmiləşdirilməsinə imkan yaradıb”.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev qeyd edib ki, tikinti sahəsində qeyri-rəsmi əmək münasibətlərinin qarşısının alınması istiqamətində görülən işlər çərçivəsində komitə tikintiyə dair verdiyi icazələr, icazə alımış hüquqi və fiziki şəxslər barədə məlumatları Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Əmək Münasibətlərinin Monitorinqi Mərkəzinə göndərir.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri Səttar Möhbalıyev qeyd edib ki, son dövrlərdə əmək hüquqlarının müdafiəsi ilə bağlı Azərbaycanda görülən işlər Beynəlxalq Əmək Təşkilatında yüksək qiymətləndirilir.

Müzakirələrdə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə, Bakı Nəqliyyat Agentliyinin rəhbəri Vüsal Kərimli, Daxili işlər nazirinin müavini İsmət Əliyev, Fövqəladə hallar nazirinin müavini Orucəli Hacıyev, Sahibkarlar Konfederasiyasının sədri Məmməd Musayev iştirak ediblər.

Sonda məsələni nəzarətdə saxlamaq, vaxtaşırı hesabat hazırlanması üçün müvafiq qurumlara tapşırıqlar verilib və Prezidentin tapşırığına əsasən sıx koordinasiyanın vacibliyi qeyd edilib.

Müavinət almayan məcburi köçkünlərin aqibəti necə olacaq?

17.01.2020 · 15:40 · Baş Yazı

Dövlət Komitəsi müavinət almaq hüququndan məhrum olmuş məcburi köçkünlər bağlı bəzi məsələlərin həlli istiqamətində təkliflər hazırlayır.

Bunu APA-ya Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov bildirib.

F.Hüseynov deyib ki, məcburi köçkünlər və əraziləri işğal olunmuş rayon İcra hakimiyyətlərindən daxil olan çoxsaylı müraciətlər nəzərə alınaraq, bu məsələlər kompleks şəkildə təhlil edilib:

“Vahid aylıq müavinət verilməsi Prezident İlham Əliyevin fərmanı ilə 2017-ci il yanvar ayının 24-dən qüvvəyə minib. Bu fərmanla əvvəllər məcburi köçkün soydaşlarımıza verilən yemək xərci və kommunal xidmətlərə xərclənən vəsaitlər vahid aylıq müavinətdə cəmləşib. Vahid aylıq müavinətin məcburi köçkünlərə verilməsi ilə bağlı Nazirlər Kabineti tərəfindən qaydalar tərtib olunub və həmin qaydalar 11 saylı qərarla təsdiqlənib.

Qərara uyğun olaraq, bir neçə kateqoriyada olan məcburi köçkünlərə vahid aylıq müavinət şamil olunmur. Məsələn, dövlət qulluğunda çalışanlar, adlarına mülkiyyət olanlar, bir müddət ölkə xaricində yaşayanlar, məcburi köçkün olmayan şəxslərlə ailə qurmuş məcburi köçkün qadınlar bu qrupa daxildir. Komitə müraciətləri nəzərə alaraq, bu bəndlərin dəyişdirilməsi üçün təkliflər planı hazırlayır.

Həmin bəndlərə yumşalma ilə bağlı kompleks tədbirlər və dəyişiklikləri hazırlayandan sonra Nazirlər Kabinetinə təklif edəcəyik. Ancaq burada kollegial qərar qəbul edilməlidir. Nazirlər Kabineti həmin təklifləri müxtəlif dövlət qurumlarına, nazirliklərə, agentliklərə, komitələrə rəy və təkliflərin alınması üçün göndərəcək. Yalnız bundan sonra qərar qəbul ediləcək. Bununla bağlı hər hansı qərar qəbul edildikdə ictimaiyyət məlumatlandırılacaq”.

Gəncədə silahlı şəxsə qarşı əməliyyat keçirilib

17.01.2020 · 13:23 · Baş Yazı

Daxili işlər orqanlarının əməkdaşları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, Gəncə Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsinə şəhər sakini, 34 yaşlı Əli Məmmədovun narkotik vasitələrin qanunsuz dövriyyəsi, silah-sursat daşıması ilə bağlı əməliyyat  məlumatı daxil olub. Daxil olmuş məlumat ilə əlaqədar Ə.Məmmədov şəhər ərazisində idarə etdiyi avtomobil ilə birlikdə saxlanılaraq Baş Polis İdarəsinə gətirilən zaman o, polis əməkdaşlarının qanuni tələblərinə riayət etməyərək hadisə yerindən qaçarkən asayiş keşikçilərinə müqavimət göstərib.

Nəticədə bir nəfər polis əməkdaşı yüngül xəsarət alıb. Şübhəli şəxs saxlanılaraq Baş Polis İdarəsinə gətirilib. Onun üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki qara rəngli gödəkçənin sağ yan cibindən 1 ədəd sellofan bükülüdə 1.2 qram çəkidə psixotrop maddə hesab edilən “metamfetamin” aşkar edilərək götürülüb.

Ə.Məmmədova məxsus “Nissan-Maxima” markalı avtomobildən isə  soyuq silah hesab edilən 2 ədəd iri ölçülü bıçaq və xəncər,  1 ədəd nömrəsi silinmiş tapança, həmin silaha aid 5 ədəd patron,  bir ədəd sandıqca və 1 ədəd  selofan bükülüdə çəkisi 9.5 qram psixotrop maddə hesab edilən “metamfetamin”aşkar olunub.

Davam etdirilən tədbirlərlə Ə. Məmmədovun avtomobilindən düşüb qaçan şəxsin şəhər sakini, əvvəllər məhkum olunmuş, 34 yaşlı Kamran Rzayev  olması müəyyən edilərək saxlanılıb.

İlkin dindirilmə zamanı o,  Əli Məmmədovdan narkotik maddə almaq üçün görüşdüyünü etiraf edib(apa).

https://www.youtube.com/watch?v=uOCXajU512s&feature=emb_logo

“Müxalifətin, yeni simaların namizədliyinin qeydə alınmasından məmnunuq” –

17.01.2020 · 10:12 · Baş Yazı

“ABŞ Azərbaycanda keçirilən növbədənkənar parlament seçkilərini yaxından izləyir”.

Bunu ABŞ-ın Azərbaycandakı səfiri Li Litzenberger bildirib.

Səfir deyib ki, fərqli spektrləri təmsil edən namizədlərin, o cümlədən çoxlu sayda müstəqil, müxalif partiyalardan olan namizədin, gənclərin və qadınların, həmçinin yeni simaların deputatlığa namizədliyinin qeydə alınmasını görməkdən məmnundurlar: “Seçkiqabağı təşviqat kampaniyası yeni başlayır. Biz şadıq ki, Azərbaycan seçkiləri müşahidə etmək üçün beynəlxalq müşahidəçiləri də dəvət edib. Beynəlxalq müşahidəçilərin müşahidə aparmasını da izləyəcək, seçki prosesi ilə bağlı rəyimizi bildirəcəyik”. (APA)