SSRİ-nin qanlı cinayətini radio ilə bütün dünyaya yayan naməlum Qəhrəman –

17.01.2020 · 00:50 · Baş Yazı

Bu il sovet ordusunun Bakıda törətdiyi qanlı 20 Yanvar qırğınının 30 ili tamam olur.

Azadlıq Radiosu 30 il öncə yaşananlarla bağlı silsilə yazılar təqdim etməyə başlayıb.  İlk yazıda 1990-cı ildə Azərbaycan SSR Rabitə Nazirliyində şöbə müdiri olmuş  Oruc Şirinovdan söz açılır.

Mirzə Xəzər: «Rəhmətlik Oruc Şirinov vardı…»

«20 Yanvar hadisələrindən sonra Orucu çox axtardıq, tapa bilmədik. Anam ağlayırdı ki, Oruc ölüb, Oruc yoxdur. Səhər açılanda yoldaşım, qayınanam, baldızlarım bizə gəldi, yas evinə gəlmişdilər elə bil, başsağlığına. Heç kim onun sağ qaldığını düşünmürdü», – deyə rabitəçi O.Şirinovun bacısı Gündüz Şirinova deyib.

1990-cı ilin 20 yanvarında beynəlxalq rabitə xəttini açmaqla Bakıdakı faciənin dünyaya çatdırılmasına nail olan O.Şirinovu indi xatırlayan bəlkə də az olar.

«Nə yaralıların içində idi, nə də meyitlərin. Nəhayət, bir neçə gün sonra özü evə zəng vurub salamat olduğunu dedi. Tapşırdı ki, onu axtarmayaq. Onu həm yerli DTK, həm də sovet DTK-sı axtarırdı. 20 yanvarda gecə Mirzə Xəzərə zəng vurmuşdu… İşi bitəndən sonra evə gedəndə gülləbarana düşmüşdü. Xoşbəxtlikdən heç nə olmamışdı. Bu, düşdüyü ilk gülləbaran idi», – həm müəllimi, həm qardaşı arvadı olan Səkinə Türkər danışır.

«Qardaşım Azərbaycanın səsini çatdırdı o gecə. Onun etdikləri haqda Xəlil Rza, Yusif Səmədoğlu, Bəxtiyar Vahabzadə danışa bilərdi, sağ qalanları tanımıram. İndi çox adam deyir ki, 20 Yanvarı mən çatdırmışam. Ancaq qardaşım olmasaydı, Rabitə Nazirliyində işləməsəydi, o gecə orda olmasaydı, xətti açmasaydı, kim olanları verə bilərdi? Onun sayəsində o səslər efirə gedib. Həyatını riskə atıb. O cür oğul haqqında indi danışmamaq haqsızlıqdır», – bacısı əlavə edir.

Azadlıq Radiosunun Azərbaycan xidmətinin o zamankı rəhbəri Mirzə Xəzər bir neçə il əvvəl radioya müsahibəsində deyirdi ki, 1989-cu ilin sonu və 1990-cı ilin əvvəlində Rabitə Nazirliyinin məsul işçisi olan Oruc Şirinov onlara Azərbaycanın hər yerində istədikləri şəxslə telefon əlaqəsi saxlamaq üçün şərait yaradıb: «Rəhmətlik Oruc Şirinov vardı – Rabitə Nazirliyində şöbə müdiri. Xalq Cəbhəsinin üzvü idi. O, əvvəllər özü bizi calaşdırırdı, harayla, kiminlə danışmaq istəyirdiksə, ya kim ordan zəng etmək istəyirdisə. Amma yanvarda o, bütöv xətti açıb, qızlardan ikisini də ora qoydu. Biri rus idi, o biri azərbaycanlı. Bakıdan kim istəsə, bizə dərhal məlumat verə bilirdi. Heç bir şeyə baxmayaraq. Heç bir şeydən də qorxmurdu».

Jurnalist Xaqani Səfəroğlu sosial mediada yazır: «Oruc Şirinov 1990-cı ildə Rabitə Nazirliyinin beynəlxalq danışıqlar şöbəsinin rəisi olub. 20 Yanvar qanlı qırğınının dünyaya çatdırılımasında əvəzsiz rol oynayıb. Oruc Şirinov SSRİ DTK-dan qorxmayaraq bütöv bir rabitə xəttini AzadlıqRadiosuna birbaşa zəng vurmaq üçün açıb. 20 Yanvarla bağlı Mirzə Xəzərin məşhur proqramının iştirakçıları məhz Oruc Şirinovun qəhrəmanlığı sayəsində Amerika radiosundan sovet rejiminin qanlı qırğınını dünyaya çatdıra… informasiya blokadasını yara biliblər».

İkinci gülləbarandan qurtuldu – dostuyla siğə qardaşı oldu

O.Şirinov bu hadisələrdən sonra cəmi iki il yaşayıb. Doğmaları danışır ki, həmin vaxt bir ayağı döyüş bölgəsindəymiş, ora silah-sursat daşıyırmış. Belə səfərlər zamanı təhlükəylə az üzləşməyib. Səkinə Türkərbunlardan birini danışır:

«Əfqanıstanda döyüşmüş bir dostu vardı – Xəlil. 1992-ci ilin fevralında silah-sursat daşıyanda yolu azmışdılar. 50 metr qalmış Oruc duyuq düşmüşdü ki, əlləri ilə «Gəlin» deyə işarə edənlər bizimkilər deyil. Onda deyib: «Xəlil, geri fırlan». Maşını döndərib qayıdıblar. Qismətə bax, maşın aşıb, yolu kəsmişdi. Onda atışmada güllə saçını yalayıb keçmişdi. Güllə başına da dəyər bilərdi. Orda deyib: «Xəlil, qadan alım, mənim əlim gəlməz səni vurmağa. Gördün ki, əsir düşürük, əvvəl məni vur, sonra özünü, qoyma sağ düşək onların əllərinə». Arif Şamo da bu haqda yazıb. İcra hakimiyyətinə, ovaxtkı raykoma gedibmiş. Atası vəzifə sahibi idi, hamı Orucu tanıyırdı. Şamo Arif də ordaymış, onun düz üstünə gedib, əl uzadıb. Şamo Arif yazırdı ki, girdi otağa gülə-gülə – qəribə də qəhqəhə çəkməsi vardı – dedi ki, yaralanmışam, az qala ölmüşdüm. Amma Şamo Arif buna inanmır. Bunu anlayanda Oruc əlini atır saçına, qanı göstərir. Şamo Arif yazırdı ki, inanmadığım üçün elə peşman oldum… O hadisədən sonra Xəlilə demişdi ki, ölə bilərdik, gedək məscidə siğə qardaşı olaq».

«Ana, oğlumu kürəyinə yox, qarnına bağla, güllə ona dəysin»

O gündən sonra doğmaları ehtiyatlı olmağını istəyiblər, dil töküblər, amma…

«Xocalı qırğınından sonra, martın 5-də bizə gəlmişdi. Dedim, nə olar, xahiş edirəm zirehli jilet geyin. Kök, ucaboy idi. Dedi ki, o jileti geyinə bilmərəm, yaraşığımı pozar. Çox çılğın, əsəbi idi, hirsindən partlayırdı. Deyirdi ki, ata-anamı, qohum-əqrəbamı əsir götürəcəklər, evimiz, torpağımız ermənilərə qalacaq. Həmin ilin qışında bizə Xəlil Rzayla qonaq gəlmişdi. Şair anam haqqında bir şeir dedi, çox təsirli idi. Təəssüf ki, yadımda qalmayıb. Dedi: «Sənin anan çiynində tüfəng səhərə kimi yatmır ki, ermənilər kəndə girməsin». Tək mənim anam deyildi, kənddə çox elə qadın vardı. Oruc böyük oğlunu anamgilə vermişdi, onlarla qalırdı. Anam ona dedi: «Oruc, mən qorxuram, ermənilər gələr, uşağı çıxara bilmərəm, gəl oğlunu apar». Anama dedi ki, «ana, oğlumu kürəyinə yox, qarnına bağla, güllə ona dəysin, sənə yox». O, elə bir oğul idi…», – illər sonra Gündüz Şirinova o günləri xatırlayır. Qardaşının onun yalvar-yaxarına məhəl qoymadığını görüb bu dəfə evinə qonaq gələn şairdən kömək istəyir:

«Xəlil Rza gedəndə yalvardım ki, Orucu çox qoymayın ön cəbhəyə getsin. Cavab verdi ki, siz nə danışırsınız, Oruc Azərbaycanın hayqıran səsidir, onu susdurmaq olmaz…».

Üçüncü güllədən qurtula bilmədi

İki dəfə güllə yağışından sağ çıxsa da, 1992-ci il martın 19-da Oruc Şirinov axşam saatlarında öldürülür.

Qardaşının həyat yoldaşı Səkinə Türkər son günü danışır: «Yoldaşına deyib ki, atam-anam da zəng etsə, məni oyatma, yorğunam, yatacağam. Amma zəng gəlir, yoldaşı «yox» deyə bilməyib, onu oyadıb. Deyiblər ki, bir əməliyyat var, bunu ancaq sən bacararsan. Sovet qoşunları burdan nəsə daşıyırmış. Mane olmaq istəyib. Hərbçilərlə danışıq aparanda arxadan vurmuşdular…».

Söhbət əsnasında dəfələrlə kövrələn, ağlayan Səkinə xanım gözüyaşlı sözünə davam edir: «Xəstəxanaya götürsələr də, yolda keçinmişdi. Gecə dayısı oğlu bizə gəldi. O dedi ki, Orucu öldürüblər. Yaxında yaşayırdı. Qaçıb getdik ki, o nər oğul – Oruc yoxdur… Oruc doğulanda – martın 15-də Ramazan ayı imiş, nənəsi adını Oruc qoyub. Elə Ramazan ayında da, martın 19-da həlak oldu, bayram süfrəmizə meyiti gəldi. 33 yaşı vardı».

«O şəhid olanda atama danışmaq üçün söz verdilər. Atam ağladı, danışa bilmədi. Mənim anam atama dedi: «Niyə ağlayırsan? Sən birinci dəfə deyil şəhid verirsən. Vətənim sağ olsun, oğlum ölüb ölüb də». 1941-45-ci illərdə mənim cavan əmilərim müharibədə öldürülüb. Mən bacı kimi fikirləşdim ki, yəqin anam dəli olub, başına hava gəlib, 33 yaşında o cür oğlu ölüb, bu nə sözdür danışır…», – bacısı söyləyir.

Oruc Şirinovun məzarı Şəhidlər Xiyabanındadır. O, həlak olanda üç övladı vardı, hələ çox balacaydılar. İndi nəvələri böyüyür.

 

Azərbaycan Mərkəzi Bankının strukturu dəyişib

16.01.2020 · 15:50 · Baş Yazı

Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) ləğv edilərək səlahiyyətlərinin Azərbaycan Mərkəzi Bankına (AMB) verilməsi ilə əlaqədar bu qurumda struktur dəyişiklikləri həyata keçirilib.

Məlumata görə, dəyişikliklər çərçivəsində qurumda Əli Əhmədоvun rəhbərlik etdiyi Bazar əməliyyatları departamenti, Şaiq Adıgözəlovun rəhbərlik etdiyi İqtisadi təhlil departamenti, Toğrul Əliyevin rəhbərlik etdiyi Risklərin idarə edilməsi departamenti, Namiq Yaqublunun rəhbərlik etdiyi Satınalmalar bölməsi ləğv edilib.

Əvəzində AMB-də Fuad İsayevin rəhbərliyi ilə Kredit təşkilatlarının fəaliyyətinə nəzarət departamenti, Elrad Seydiyevin rəhbərliyi ilə Maliyyə bazarlarında əməliyyatlar departamenti, Vüsal Qurbanovun rəhbərliyi ilə Sığorta fəaliyyətinə nəzarət departamenti, Tərlan Rəsulovun rəhbərliyi ilə Valyuta ehtiyatlarının idarə edilməsi departamenti, Elnur Allahverdiyevin rəhbərliyi ilə Lisenziyalaşdırma şöbəsi və Zaur Hacılının rəhbərliyi ilə Maliyyə monitorinq bölməsi yaradılıb.

Arif Şirəliyevin rəhbərlik etdiyi Strateji idarəetmə departamenti Korporativ idarəetmə departamenti adlandırılıb, Elizbar Əzimovun rəhbərlik etdiyi Ümumi şöbə isə Katibliyə çevrilib.

Digər 14 departament (Beynəlxalq əməkdaşlıq və kommunikasiya, Daxili audit, Hüquq, İnformasiya texnologiyaları, İnsan resursları, İnzibati, Maliyyə idarəetməsi, Nağd pul, Ödəniş sistemləri və hesablaşmalar, Pul siyasəti, Statistika, Tədqiqatlar, Təhlükəsizlik, Xəzinə) olduğu kimi qalıb(report).

“Bandotdel” xüsusi əməliyyat keçirdi

16.01.2020 · 14:03 · Baş Yazı

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları saxta spirtli içkilər hazırlayaraq şərab evlərində satan dəstəyə qarşı əməliyyat keçirib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, nazirliyin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri ilə birgə gizli sexlərdə saxta spirtli içkilər hazırlayaraq satış şəbəkəsi quran daha bir mütəşəkkil cinayətkar dəstəyə qarşı xüsusi kompleks əməliyyat tədbiri həyata keçirilib:

“Tədbir nəticəsində müəyyən olunub ki, Bakı şəhər sakini Duşdurov Nazim Elbrus oğlunun başçılıq etdiyi mütəşəkkil cinayətkar dəstə bir müddətdir ki, Bakı şəhərində müxtəlif ünvanlarda yerləşən gizli sexlərdə şadlıq saraylarında və restoranlarda istifadə edilən xarici ölkələrdə istehsal olunmuş spirtli içkilərin boş butulkalarını yenidən qablaşdıraraq müxtəlif iaşə obyektlərində və şərab evlərində satışını təşkil edir.

​İstifadə olunmuş xarici ölkələrdə istehsal olunmuş spirtli içkilərin boş butulkaları “şüşə sexləri” adı altında pərdələnərək fəaliyyət göstərən qəbul məntəqələrində toplanaraq təkrar qablaşdırılmaqla yenidən satışa çıxarılır.

Nazim Duşdurova məxsus Bakı şəhəri Nəsimi rayonunda yerləşən şərab evləri və anbarlarda, Xətai, Suraxanı və Binəqədi rayonlarında yerləşən sexlərdə müxtəlif xarici əmtəə nişanlarından istifadə edilməklə satış üçün hazırlanmış xeyli sayda saxta araq, brend viski adları olan “Jack Daniels”, “Chivas” butulkalarında qablaşdırılan saxta içkilər, tekila, saxta aksiz markalar, qablaşdırma üçün nəzərdə tutulmuş 60.000 ədəd müxtəlif əmtəə nişanlı butulkalar və sair köməkçi vəsaitlər aşkar olunaraq maddi sübut kimi götürülüb.

Spirtli içkilərdən götürülmüş nümunələrin ekspertizası zamanı müəyyən edilib ki, onlar istifadəyə tam yararsızdır. Həmin içkilərin tərkibində yüksək toksiki təsirə malik metil spirtinin miqdarı normadan dəfələrlə yuxarı olduğundan insan həyatı üçün təhlükəlidir.

Aşkar olunan faktla bağlı Baş İdardə mütəşəkkil dəstənin başçısı Nazim Duşdurov, eləcə də dəstənin digər üzvləri Gürcüstan Respublikasının vətəndaşı Ayaz Şərifov, Ağdam rayon sakini Elçin Mirzəyev, Salyan rayon sakini Mirsüleyman Ağayev, paytaxt sakinləri İsmayıl Talıblı və Aydın Azayev barəsində cinayət işi başlanılıb. Dəstə üzvünün hər biri barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə qeyd olunan qanunazidd halların tam və hərtərəfli araşdırılmaqla təqsirli şəxslərin dairəsinin tam müəyyənləşdirilərək məsuliyyətə cəlb olunmaları istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir”.

 

Deputatlığa namizədlərin seçkiqabağı təşviqatı başlayır –

16.01.2020 · 08:33 · Baş Yazı

Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar namizədliyi qeydə alınmış şəxslərin sabahdan seçkiqabağı təşviqat kampaniyası başlayır.

Seçki Məcəlləsinin 72.3, 74.1.2, 74.1.4, 75.2 maddələrinə əsasən, namizəd və ya onun səlahiyyətli nümayəndəsi, siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsinin seçkiqabağı təşviqat aparması səsvermə gününə 23 gün qalmış başlanır, səsverməyə 24 saat qalmış dayandırılır.

2020-ci il fevralın 9-na təyin edilmiş Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar bu müddət 2020-ci il yanvarın 17-dən fevralın 8-i saat 20:00-a qədər olan dövrü əhatə edir.