Tamada, rəqqasə və klounlar  üçün vergi azaldılır –

Vergidən yayınan ofisiant və ansambla görə 6000 manat cərimə  (DƏYİŞİKLİLƏR)
23 Oktyabr 2019 - 08:56

Vergi verməyən şou-biznes Toyda müqaviləsiz ansambl saxlayan sahibkar cərimə olunacaq Gələn il yanvarın 1-dən toylarda, şənliklərdə və digər tədbirlərdə aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyətlə məşğul olanlar üçün sadələşdirilmiş vergi üzrə sabit aylıq məbləğ 30 manatdan 20 manata endiriləcək.

Bu, Vergi Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

Fərdi foto, audio-video xidmətləri (foto studiyalar istisna olmaqla) sahəsində fəaliyyət göstrənlər üçün isə sadələşdirilmiş vergi üzrə sabit aylıq məbləğ 30 manatdan 15 manata endiriləcək.

Bundan başqa gələn il yanvarın 1-dən şənliklərdə və digər tədbirlərdə aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyətlə, o cümlədən  foto, audio-video sahəsində məşğul olan şəxslərin və iaşə obyektlərinin müştərilərinə xidmət göstərən fiziki şəxslərin (ofisiantın) fəaliyyətə başlayanadək  “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsinə görə cərimələr tətbiq ediləcək.

Bu şəxsləri “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edən işəgötürənə (vergo orqanında uçotda olan sifarişçiyə) hər bir belə şəxs üzrə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 2000 manat, ikinci dəfə yol verdikdə 4000 manat, üç və daha çox dəfə yol verdikdə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq ediləcək.

Qanun layihəsi Milli Məclisin 12,13 və 14 noyabr tarixlərində keçiriləcək iclaslarının gündəliyinə daxil edilib.