Tarif (qiymət) Şurasının bir sıra səlahiyyətləri Nazirlər Kabinetinə verildi

28 Dekabr 2019 - 22:07

Tarif (qiymət) Şurasının bir sıra səlahiyyətləri Nazirlər Kabinetinə verilib.

Nazirlər Kabinetinin “Azərbaycan Respublikasına gətirilmiş və respublikadan aparılması nəzərdə tutulan karantin nəzarətində olan materiallara fitosanitar karantin baxışının keçirilməsi və ekspertizanın aparılması Qaydaları”nda etdiyi dəyişikliyə əsasən, hüquqi və fiziki şəxslərə göstərilən fitosanitar xidmətlərə görə ödənilən vəsaitlərin məbləği Tarif (qiymət) Şurası deyil, Nazirlər Kabineti tərəfindən müəyyən ediləcək.

“Azərbaycan Respublikasının ərazisinə idxal olunan karantin nəzarətində olan materiallarda karantin tətbiq edilən zərərli orqanizmlər aşkar olunduqda onların fitosanitar nəzarəti məntəqələrində və ya yükün təyinat yerlərində zərərsizləşdirilməsi qaydası da daxil olmaqla, karantin nəzarətində olan materialların zərərsizləşdirilməsi Qaydaları”na əsasən, karantin nəzarətində olan materialların zərərsizləşdirilməsi hüquqi və fiziki şəxslərlə bağlanmış müqavilə əsasında və onların hesabına aparılır. İndiyə qədər göstərilən fitosanitar xidmətə görə ödənilən vəsaitin məbləği Tarif (qiymət) Şurası tərəfindən müəyyən edilib. Dəyişikliyə  görə, Tarif (qiymət) Şurasının bu sahədə səlahiyyəti Nazirlər Kabinetinə verilib.

“Pestisidlərin, bioloji preparatların və aqrokimyəvi maddələrin dövlət sınağının aparılması, qeydiyyata alınması və istifadəsinə icazə verilmiş preparatların siyahısına daxil edilməsi Qaydaları”na əsasən, pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələrin dövlət sınağı, qeydiyyatı və ekspertizası ərizəçinin vəsaiti hesabına aparılır. Qüvvədə olan Qaydaya görə, ərizəçiyə göstərilən fitosanitar xidmətlərə görə ödənilən vəsaitlərin məbləği Tarif (qiymət) Şurası tərəfindən müəyyən edilib. Bundan sonra isə ərizəçiyə göstərilən fitosanitar xidmətlərə görə ödənilən vəsaitlərin məbləği Tarif (qiymət) Şurası deyil, Nazirlər Kabineti tərəfindən müəyyən ediləcək.