Tikinti malları bazarında bahalaşma prosesi davam edir və qiymətlərin yaxın aylarda da yüksəlməsi gözlənilir.
Azpost.info bildirir ki, Dövlət Statistika Komitəsi və Azərbaycan Qiymətləndiricilər Palatasının rəsmi hesabatlarına əsasən, ölkədə ümumi tikinti xərcləri ötən ilin sonu ilə müqayisədə orta hesabla 6,8% artıb.
Ekspertlər bu artım tendensiyasının həm yerli, həm də qlobal amillər səbəbindən hələ bir müddət də davam edəcəyini proqnozlaşdırırlar.
Tikinti materialları bazarında hər bir məhsul qrupu üzrə dinamika fərqlidir. Plastik pəncərələr (+8.87%), lambrin (+8.33%), pəncərə şüşələri və su tənzimləyici cihazlar (+7.36%), eləcə də sement məhsulları (+6.07%) bazarda ən çox qiymət artımı göstərən mallardır.
Armatur, beton, laminat, parket üçün lak və sendviç panellər kimi metal və daxili təmir materiallarında da artım müşahidə olunur. Alçipan (-17.41%), kəsilmiş taxta (-1.69%), parket (-1.46%) və sulu boyaların (-1.38%) qiymətində isə əksinə, müəyyən enmələr qeydə alınıb.
İşğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı bərpa-quruculuq işləri və dövlət infrastruktur layihələri strateji materiallara (sement, beton, metal) olan tələbi daim pik həddə saxlayır.
Azərbaycanın tikinti bazarı hələ də müəyyən dərəcədə xarici xammaldan (xüsusilə Türkiyə, Rusiya və s.) asılıdır. Qlobal logistika zəncirindəki çətinliklər və daşınma xərclərinin artması birbaşa satış qiymətlərinə təsir edir. Yalnız materiallar deyil, həmçinin usta və işçi qüvvəsi xidmət haqlarının (alt indeks +5.4%), maşın-mexanizm xərclərinin artması da ümumi tikinti büdcəsini böyüdür.
Tikinti materiallarının maya dəyərinin yüksəlməsi birbaşa olaraq yeni tikilən binalarda mənzil qiymətlərinin 10-15% civarında artmasına rəvac verir. Yeni tikililərdə qiymətlər qalxdıqca alıcı kütləsi köhnə mənzillərə meyil edir ki, bu da son nəticədə təkrar mənzil bazarında da süni qiymət artımına səbəb olur.
Samir Abdulla