Tokayev Nazarbayevin qohumlarını bir-bir vəzifədən çıxarır-MSK-nın sədri də getdi

Qazaxıstanda keçmiş prezident Nursultan Nazarbayevin qohumlarının vəzifələrindən uzaqlaşdırılması davam edir.

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev keçmiş prezident Nursultan Nazarbayevin daha bir yaxın qohumunu vəzifəsindən azad edib.

Prezident mətbuat xidmətinin yanvarın 25-də verdiyi məlumatda deyilir ki, Mərkəzi Seçki Komissiyasının sədri vəzifəsində Berik İmaşevi Nurlan Abdirov əvəz edib.

61 yaşlı İmaşev MSK-ya 2016-cı ilin sentyabrından rəhbərlik edirdi.

Onun qızı Aida İmaşeva Nazarbayevin nəvəsi Nurali Aliyevin arvadıdır.

Yanvarın 25-də bu da xəbər verilib ki, Qazaxıstanın Samruk-Kazina adlanan Dövlət Ehtiyat Fondunun 7 yükıək vəzifəli meneceri postlarından istefa veriblər.

Bundan əvvəl Tokayev bu fondda ixtisarların keçirilməsi üçün fərman imzalamışdı.

Tokayev habelə Qazaxıstan İnkişaf Bankının maliyyə, sənaye və tikinti sahələrini təmsil edən bir qrup adamın şəxsi bankına çevrildiyini deyəndən sonra bankın sədri Abay Sarkulov da vəzifəsindən istefa verib.

Ölkəni bürümüş etirazların ardınca Nazarbayevin iki kürəkəni – Qayrat Şaripbayev və Dimaş Dosanov iki böyük dövlət şirkətinin – QazaqGaz və KazTransOil şirkətlərinin rəhbəri vəzifəsindən azad edilmişdilər.

Ötən həftə Milli Sahibkarlar Palatasının sədri Timur Kulibayev də vəzifəsindən istefa verib. O da Nursultan Nazarbayevin kürəkənidir.

Bundan bir neçə gün əvvəl Tokayev Nazarbayevin kiçik qızı Aliya Nazarbayevanın təkrar emal müəssisəsini tənqid etmişdi.

Bu şirkətin də Nazarbayevlərin nəzarətindən çıxarıldığı xəbər verilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Əvvəlki məqalə

Prezidentin Təhlükəsizlik Xidmətinin idarə rəisi idman zalında vəfat edib

Sonrakı məqalə

ABŞ səfirliyi ayı 2500 manat maaşa sürücü, 4500 manata köməkçi axtarır –