Tovuzda qətlə yetirilən 10 yaşlı Nərmin Quliyeva dəfn edilib.
N.Quliyeva Dondar Quşçu kənd qəbiristanlığında torpağa tapşırılıb.
Qeyd edək ki, ötən ilin noyabrın 21-də itkin düşən N.Quliyevanın meyiti bu il yanvarın 6-da yanmış vəziyyətdə Donbdar Quşçu kəndi ərazisində tapılıb.
Baş Prokurorluğun yaydığı xəbərə görə, Tovuz rayonunun Dondar Quşçu kəndində anadan olmuş, 2010-cu il təvəllüdlü Quliyeva Nərmin Şərif qızının 21 noyabr 2019-cu il tarixdə itkin düşməsi ilə əlaqədar aparılmış araşdırmalarla onun qəsdən öldürülməsinə kifayət qədər əsaslar müəyyən edildiyindən Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində Cinayət Məcəlləsinin 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb, habelə Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin kinoloji qrupunun təlimatçıları xüsusi təlim keçmiş itlərlə Dondar Quşçu kəndi və ətraf ərazilərdə axtarışlara cəlb ediliblər. (APA)