Tramp Allahşükür Paşazadənin məktubuna cavab verib

20 İyun 2020 - 12:23

 Qafqaz Müsəlmanları İdarəsinin sədri, Bakı Beynəlxalq Dinlər və Sivilizasiyalararası Əməkdaşlıq Mərkəzinin Baş katibi Şeyxülislam A. Paşazadənin ABŞ Prezidenti Donald Trampa İranda koronavirus pandemiyasının və mövcud sanksiyaların yaratdığı humanitar problemlərlə bağlı ünvanladığı məktuba ABŞ-ın Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri cənab Örl Litzenberqer iyunun 11-də rəsmi cavab verib.

İdarədən verilən məlumata görə, məktubda QMİ sədrinin məsələ ilə əlaqədar narahatlığını ifadə edən mövqeyi dəyərləndirilərək Birləşmiş Ştatlar tərəfindən bu narahatlığın bölüşüldüyü bildirilib.

Məktubda A.Paşazadənin humanitar böhran dövründə insan həmrəyliyinin önəminin artdığına dair fikirləri ilə bağlı deyilir: “Biz İran xalqı üçün dünya ictimaiyyətinin narahatlığını bölüşürük. Prinsip olaraq sanksiya proqramlarımız İranla xoşniyyətli, humanitar sahə ilə bağlı ticarət, yardım və fəaliyyətləri hədəf almır və ya hansısa şəkildə məhdudlaşdırmır”.

Məktubda həmçinin Birləşmiş Ştatların Azərbaycanın öz müstəqilliyini əldə etdikdən sonra onu dəstəklədiyi və gələcəkdə də tərəfdaşlığın davam etdirilməsində maraqlı olduğu vurğulanıb.