Amerika Birləşmiş Ştatları (ABŞ) Prezidenti Donald Tramp Böyük Britaniyanın Çaqos adaları üzərində suverenliyi Mavrikiyə vermək planını sərt tənqid edib.
D. Tramp bu addımı “böyük axmaqlıq” adlandıraraq, mövqeyini “Truth Social” platformasında paylaşdığı açıqlamada ifadə edib.
O bildirib ki, Londonun Çaqos adalarının bir hissəsi olan Dieqo Qarsiya adası üzərində suverenliyi Mavrikiyə verməyi planlaşdırması heç bir əsas olmadan həyata keçirilir. Tramp deyib ki, Dieqo Qarsiya adası ABŞ üçün həyati əhəmiyyətli hərbi bazanın yerləşdiyi ərazidir. Böyük Britaniyanın bu qərarı Çin və Rusiyanın diqqətindən yayınmayıb və bu, zəiflik kimi qəbul olunur: “Şokedicidir ki, bizim parlaq NATO müttəfiqimiz olan Böyük Britaniya Dieqo Qarsiya adasını – ABŞ üçün həyati əhəmiyyətli hərbi bazanın yerləşdiyi ərazini heç bir səbəb olmadan Mavrikiyə verməyi planlaşdırır. Bu, son dərəcə mühüm torpağın verilməsi deməkdir və böyük axmaqlıqdır”.
ABŞ Prezidenti əlavə edib ki, məhz bu kimi milli təhlükəsizlik məsələləri onun Qrenlandiyanın ölkəsi tərəfindən əldə olunması ilə bağlı mövqeyinin səbəblərindən biridir. O, Danimarkanı və Avropadakı müttəfiqlərini doğru addım atmağa çağırıb.
Qeyd edək ki, Tramp administrasiyası əvvəllər bu razılaşmanı dəstəkləyib. ABŞ-ın Dövlət katibi Marko Rubio ötən ilin may ayında Çaqos razılaşmasını tarixi nailiyyət adlandırıb.
Böyük Britaniyanın Baş naziri Kir Starmer isə bildirib ki, suverenliyin Mavrikiyə verilməsindən sonra Böyük Britaniya və ABŞ-ın Dieqo Qarsiyada yerləşən birgə hərbi bazası üçün 99 illik icarə müqaviləsi qüvvədə olacaq və bu, ölkəsinə ildə 101 milyon funt sterlinqə başa gələcək.
Böyük Britaniya hökumətinin sözçüsü isə deyib ki, rəsmi London milli təhlükəsizlik məsələlərində heç vaxt güzəştə getməyəcək. Əvvəlki məhkəmə qərarları Dieqo Qarsiyadakı bazanın gələcək fəaliyyətini risk altında qoyduğuna görə hökumət bu addımı atmağa məcbur olub.