Tramp Tehrandan şübhələnir:

“Belə görünür ki, hücuma görə məsuliyyəti İran daşıyır”
17 Sentyabr 2019 - 10:16

“Belə görünür ki, həftəsonu Səudiyyə Ərəbistanının neft emalı zavodlarına edilən hücuma görə məsuliyyəti İran daşıyır”.

Azpost.info bildirir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp bildirib. O, eyni zamanda tələsmədiyini və hücumun kim tərəfindən törədildiyinə əmin olmaq istədiyini bildirib.

Bir neçə ABŞ rəsmisi, o cümlədən Dövlət Katibi Mayk Pompeo və Enerji Katibi Rik Perri Tehranı hücumlarda günahlandırıb. Tramp əlavə edib ki, ABŞ hərbi münaqişə istəməsə də, buna hazırdır.

Səudiyyə Ərəbistanının iri neftayırma şəbəkəsini hədəf alan hücumlar dünya neft hasilatını beş faiz azaldıb.

İran hücuma görə məsuliyyəti danır. Prezident Həsən Ruhani hücumun “Yəmən xalqı” tərəfindən törədildiyini deyərək onu Səudiyyənin rəhbərlik etdiyi koalisiyanın bu ölkədə apardığı dördillik müharibə ilə əsaslandırıb. Tramp bildirib ki, ABŞ-ın hücumlara cavab üçün seçimləri çoxdur. Onun sözlərinə görə hərçənd ki, ABŞ Riyada yardım edə bilər, amma Vaşinqton belə bir vəd verməyib.

Səudiyyə Ərəbistanına edilən hücumlar dünyanın ən iri neftayrıma zavodunu sıradan çıxarmış və son 30 ildə ən böyük neft qiyməti artımına səbəb olub.