Tramp və Baydenin ilk debatı dava-dalaşla keçib-

“A kişi, sən səsini kəsəcəksən?”
30 Sentyabr 2020 - 18:00

Debatda koronavirus pandemiyası, Ali Məhkəməyə yeni hakim təyinatı, hüquq və asayiş, irqi münasibətlər müzakirə olunub. Tramp Baydenə aqressivliklə hücum edib, keçmiş vitse-prezident isə onu kəskin ifadələrlə acılayıb

ABŞ-da Demokrat Partiyasından prezidentliyə namizəd Co Bayden və Prezident Donald Tramp arasında sentyabrın 29-da ilk teledebat keçirilib. 90 dəqiqə davam edən debat söz savaşı, birbaşa adların çəkilməsi, bir-birini sözünü kəsməklə yadda qalıb.

Debatda koronavirus pandemiyası, Ali Məhkəməyə yeni hakim təyinatı, hüquq və asayiş, irqi münasibətlər müzakirə olunub. Tramp Baydenə aqressivliklə hücum edib, keçmiş vitse-prezident isə onu kəskin ifadələrlə acılayıb.

Kəskin ifadələr

Bayden Trampa “yalançı”, “təlxək”, “Putinin oyuncağı” deyib, bir dəfə “A kişi, səsini kəsəcəksən?” deyə səslənib.

Tramp isə öz növbəsində deyib ki, “radikal sol” Baydeni “barmağına dolayıb”, keçmiş vitse-prezidentə COVID-19-u önləmək üçün maska taxmaqda israr etməsinə görə sataşıb. Prezident deyib ki, Baydenin oğlu Hunter Ukraynada işləyəndə atasının əlaqələrindən yararlanıb.

Qarşılıqlı ittihamlar o qədər tez-tez təkrarlanıb ki, “Fox News”un aparıcısı Kris Uollis bir neçə dəfə özündən çıxıb. O, özəlliklə Trampın davranışından dilxor olub, prezidenti qarşı tərəfin sözünü kəsməməyə çağırıb, deyib ki, onun seçki qərargahı qaydalara razılaşmışdı.

Pandemiyaya görə, debatda əlsıxma və bir sıra başqa qaydalar təxirə salınıb. Debat Ohayo ştatında, Klivlend universitetinin auditoriyasında 100-dən az şəxsin iştirakıyla keçirilib.

Bayden Trampın pandemiyanı idarə etməsini tənqid edib, deyib ki, prezident virus Amerika sahillərinə çatanadək “gözlədi” və “hələ də bir planı yoxdur”.

“Biz böyük iş görmüşük. Sənə deyirəm, Co, heç vaxt biz görən işi görə bilməzdin. Bu sənin qanında yoxdur”, – Tramp cavab verib.

Seçkiyə etimad

Namizədlər 3 noyabr seçkisinin nəticəsinin etibarlılığı ilə bağlı da mübahisə ediblər. Tramp poçtla səsverməyə şübhəsini bildirib. Bu il pandemiya səbəbindən poçtla səsvermədən geniş istifadə olunacaq.

Tramp debatda deyib ki, uduzmasına qəbul etməyə bilər, erkən səsverməni, poçtla səsverməni tənqid edib. Halbuki bu cür səsvermədən illərdir Birləşmiş Ştatlarda problemsiz istifadə olunur. Prezident düşünür ki, bu zaman saxtakarlıq baş verə bilər.

Bayden isə seçiciləri “sizin üçün ən rahat yolla” səs verməyə çağırıb. O deyib ki, Tramp “sizi seçkinin nəticəsini müəyyənləşdirməkdən çəkindirə bilməyəcək”.

Namizədlər Trampın Emi Koney Baretin namizədliyini Ali Məhkəmənin bu yaxınlarda vəfat etmiş hakimi Ras Beyder Ginzburqun yerinə irəli sürməsini də müzakirə ediblər. Bayden və digər demokratlar seçkiyə az qalmış yeni hakim nominasiyasını tənqid edirlər.

Tramp isə deyir ki, respublikaçılar 2016-cı ildə qalib gəliblər və onların seçim etmək hüququ var.

Prezident “The New York Times” qəzetinin onun son illər şəxsi gəlirlərindən az vergi ödədiyini iddia edən araşdırmasını da təkzib edib. Tramp israr edib ki, “milyonlarla” vergi ödəyib və bütün biznes liderləri “səfeh deyillərsə” onun kimi davranırlar. O, şəxsi vergi hesabatlarının ictimaiyyətə açıqlanacağını deyib, amma zaman göstərməyib.

Debatdan bir neçə saat öncə Bayden özünün vergi hesabatlarını açıqlayıb. Sənədlərə görə, 2019-cu ildə o və həyat yoldaşı Cil 985 min dollara yaxın gəlirdən 346 min dollardan artıq vergi ödəyiblər.

İrqi münasibətlər

Mövzu irqi münasibətlərə gələndə isə, Tramp ağdərili supremasistləri və hərbi qrupları pisləməklə bağlı sualdan yayınıb.

“Mən hər şeyi sağ qanaddan deyil, sol qanaddan görürəm. Hər şeyi etməyə hazıram. Sülh istəyirəm”, – Tramp cavab verib.

Bayden isə deyib ki, Tramp “irqi nifrət, irqi bölücülük yaratmaq üçün hər şeydən it fiti kimi istifadə edir”.

Tramp isə keçmiş senatorun 90-cı illərdə cinayətkarlıqla bağlı qanun layihəsinə dəstəyini yada salıb, Baydenin afroamerikalılara “ölkədə hamıdan pis yanaşdığını” söyləyib.

İlk debatın çox kəskin tonda keçməsi planlaşdırılan daha iki debatın ümumiyyətlə baş tutub-tutmayacağı haqda suallar yaradıb.

Seçki kampaniyası çərçivəsində növbəti debat vitse-prezidentliyə namizədlər arasında olacaq. Oktyabrın 7-də Vitse-prezident Mayk Pense Senator Kamala Harislə üz-üzə gəlməlidir.