Trampa seçkiöncəsi koronavirus zərbəsi –

Bayden rəy sorğularında onu necə üstələyir?
28 İyun 2020 - 21:14

ABŞ-da aparılan sorğular göstərir ki, demokratların namizədi Co Bayden qarşıdan gələn prezident seçkilərində hətta bəzi respublikaçı ştatlarda belə Prezident Trampı geridə qoyub.

ABŞ-ın maliyyə sektorunun mərkəzi sayılan “Uoll Street”in də artıq fikrini dəyişdirdiyi və Trampın yerinə Baydeni müdafiə edəcəyi bildirilir.

Qeyd olunur ki, Trampın səs itkisinə məruz qalmasında Covid-19 statistikasının da önəmli rolu var. Şübhələrə əsasən, ABŞ-da 24 aprel tarixindən etibarən gündəlik yoluxma halları görünməmiş səviyyədə artıb, xüsusilə son zamanlar. Hətta rəsmi statistikada göstərildiyi kimi, ABŞ-da 2.5 milyon deyil, 20 milyondan çox insanın koronavirusa yoluxduğu iddia olunur. Bu da Trampın koronavirusla mübarizə işini yaxşı yürütmədiyi, statistik rəqəmləri saxtalaşdırdığı qənaəti yaradır və ona inananların sayını azaldır.

Ölkədə ilk dalğada ciddi zərər görmüş Nyu-York əyalətində vəziyyətin nəzarət altına alınmış kimi görünməsinə baxmayaraq, yoluxma hallarında son zamanlar rekord artımların müşahidə olunduğu Texas, Florida, Kaliforniya kimi əsasən respublikaçıların məskunlaşdığı əyalətlərdən qara xəbərlər gəlir. ABŞ əhalisinin ən çox məskunlşadığı bu əyalətlərdə dövlət xəstəxanalarının tamamilə dolduğu, hətta uşaq xəstəxanalarının belə, koronavirus daşıyıcılarının ixtiyarına verildiyi iddia olunur.

Donald Trampın koronavirus epidemiyasının sürətlə yayıldığı bir dövrdə seçkiqabağı təşviqat kampaniyasını dayandırmaması da seçici rəğbətini itirməsinə gətirib çıxarır. Ötən həftə səhiyyə ekspertlərinin xəbərdarlıqlarına baxmayaraq, maska və sosial məsafə qaydalarına əməl etmədən Talsa şəhərində minlərlə seçicisini meydanlara toplayan Trampın bu hərəkəti ABŞ-da birmənalı qarşılanmamış, sərt tənqidə məruz qalmışdı. Hazırkı ölkə rəhbərinin bu kimi hərəkətlərinin onun qələbə şansını azalda biləcəyi istisna edilmir. “Nyu-York Tayms” və Sienese Kollecinin keçirdiyi sorğular göstərir ki, demokratların namizədi və ABŞ-ın keçmiş vitse-prezidenti Co Bayden Miçiqan şəhərində 11%, Viskonsin şəhərində 11%, Pensilvaniyada 10%, Şimali Karolina ştatında 9%, Arizona şəhərində 7% və Florida ştatında 6% fərqlə onu üstələyərək, namizədlər sıyahısına liderlik edir. İyun ayında keçirilən bir çox sorğular da Baydenin Texas, Ayova və Ohayo kimi respublikaçı ştatlarda belə Trampı keçdiyini göstərir.

Vergi siyasəti Trampın ən güclü silahıdır

Pandemiya ilə mübarizədə getdikcə nüfuzdan düşən Tramp yalnız iqtisadi siyasəti və vergilərlə əlaqədar verdiyi bir sıra vədlərə bel bağlaya bilərdi. Di gəl ki, bu sahədə də o, bir çox hallarda rəqibinə uduzur. Baxmayaraq ki, Trampın əsas rəqibi sayılan Baydenin təklif etdiyi faiz dərəcələri daha artıqdır. Məlumatlara görə, Tramp korporativ vergi dərəcələrini 30%-dən 21%-ə endirdiyi halda Bayden 28%-ə qaldıracağını, ev təsərrüfatları üçün ümumi illik vergi həcmini 400 min dollara qədər artıracağını açıqlayıb.

ABŞ-da müxtəlif şirkətlər tərəfindən aparılan bütün rəy sorğularının toplandığı “RealClear Polls”dəki iyun ayına olan anket göstəricilərində Co Bayden Trampı orta hesabla 10% üstələdir. Səslərin ümumi sayının 50,6 faizi Baydenin lehinə ikən Tramp 40,6 faizdə qalıb. 2019-cu ilin oktyabr ayından bəri aparılan bütün sorğuların nəticələrində iki namizədin səsləri arasındakı fərqin Baydenin lehinə dəyişdiyi görünür.

Uoll-Strit də Baydenin qələbəsinə hazırlaşır

Amerika teleşirkəti CNBC də Uoll-Strit-in müxtəlif maliyyəçilər, analitiklər, lobbiçilər, hüquqşünaslar və siyasi məsləhətçilərlə müsahibələrindən tərtib etdiyi təhlilində Uoll-Strit rəhbərlərinin noyabr ayında Trampın Baydenin qələbəsini gözlədiyini yazıb. Xəbərlərdə deyilir ki, maliyyə dünyasının rəhbərlərinin əksəriyyəti keçmişdə Trampın institutlar və gəlir vergiləri sahəsindəki siyasəti səbəbindən qalib gəlməsindən məmnun idilər, lakin onların bəziləri indidən Baydenin qələbəsinə hazırlaşırlar. Xəbərlərdə fikirlərini şərh edən investor Maykl Novograz deyib: “Beş ay əvvəl mən on ən uğurlu investorla nahar etmişdim. Bircə mən Baydenin qələbə çalacağında inanırdım. Onlardan səkkizi qələbəni Trampın qazanacağını düşünürdü, biri bitərəf idi. Hesab edirəm ki, bu gün eyni qrupun mövqeyini soruşsanız nəticə ya 50-50, ya da 60-40 Baydenin lehinə olacaq”. (Virtualaz.org)