ABŞ Prezidenti Donald Tramp Cənubi Dakotadakı Raşmor dağında Amerika müstəqilliyinin 250 illiyi münasibətilə keçirilən mərasimdə çıxış edib.
Azpost.info NBC News -a istinadən xəbər verir ki, o, çıxışının böyük hissəsini Amerika kimliyi, mədəniyyəti və daxili siyasəti məsələlərinə həsr edib. Tramp kommunizmi kəskin şəkildə tənqid edərək onu ölkə üçün ən böyük təhdidlərdən biri adlandırıb.
Trampın sözlərinə görə, ABŞ “dirçələn kommunist təhdidi” ilə üzləşir. O, bu məsələdə bəzi yeni immiqrantları ittiham edib. Trampın iddiasına görə, onlar “həyat tərzimizə və böyük uğurlarımıza tamamilə zidd olan fikirləri bölüşürlər”.
“Kommunizm Amerika azadlığına ölümcül bir təhdiddir”, -deyə Tramp bəyan edib.
O, həmçinin Kommunizmi “Konstitusiyanın düşməni”, “4 iyul 1776-cı ilin düşməni” və ümumiyyətlə “Amerikanın düşməni” adlandırıb.
“Amerika irsimizin 250 illiyi ərəfəsində hamının eşitməsi üçün bəyan edirik və söz veririk: Amerika Birləşmiş Ştatları vətəndaşları kommunizmi tez bir zamanda məğlub edəcəklər”- izdiham qarşısında çıxış edən ABŞ Prezidenti deyib.
Tramp daha sonra noyabr ayında keçiriləcək ara seçkilərə toxunub. O, Respublikaçıların yalnız “özlərinə uduzmağa icazə verdikləri təqdirdə” uduzacağını söyləyib.
Tramp həmçinin bildirib ki, Amerika azadlığı iki əsr yarımdır ki, təkcə Konstitusiya sayəsində deyil, həm də xalqın mədəniyyəti və xarakteri sayəsində qorunub saxlanılıb.