Trampın vəkili CNN-ə od püskürdü:

"Prezident bu dərəcədə ədalətsiz və qanunsuz hücum dalğasına məruz qalmayıb”
19 Oktyabr 2019 - 13:26

ABŞ Prezidenti Donald Tramp onun fəaliyyətini işıqlandırarkən yol verilən “ədalətsizliyə, etikasızlığa və qanunsuzluğa” görə CNN telekanalını məhkəmə ilə hədələyib.

Trampın vəkillərindən biri Çarlz Harder bu barədə müvafiq məktubu telekompaniyanın prezidenti Ceffri Sukerə göndərib. “Ölkə tarixində indiyə qədər prezident bu dərəcədə ədalətsiz, əsassız, etikasız və qanunsuz hücum dalğasına məruz qalmayıb”, – deyə ABŞ liderinin vəkili bildirib.

Vəkilin sözlərinə görə, Donald Tramp qanun çərçivəsində mümkün olan ən yüksək təzminatın ödənilməsi məqsədi ilə məhkəmə iddiası qaldırmaq fikrindədir.

CNN telekompaniyası isə öz növbəsində bildirib ki, məktub cavab verilməyə layiq olmayan çarəsiz reklam cəhdindən başqa bir şey deyil(azərtac).