Trampın yaxın müttəfiqi təqsirli bilinib

- Konqresə yalan ifadələr verməkdə və şahidlərə təzyiq göstərməkdə
16 Noyabr 2019 - 16:12

Andlı iclasçılar Prezident Donald Trampın köhnə dostu və müttəfiqi Rocer Stounun işi üzrə qətnamə qəbul ediblər. O, Konqresə yalan ifadələr verməkdə və şahidlərə təzyiq göstərməkdə ittiham edilirdi. Cümə günü andlı iclasçılar verdikti müzakirə edəndən sonra hökm çıxarıblar.

Azərtac xəbər verir ki, Rusiyanın 2016-cı ildə ABŞ-da prezident seçkilərinə müdaxilə etməsi barədə iş üzrə xüsusi vəkil Robert Müllerin apardığı təhqiqat çərçivəsində bu il yanvar ayında Stouna ittihamlar təqdim edilib. İttiham tərəfi bildirir ki, Stoun qanunvericilərə “WikiLeaks” internet resursu barəsində yalan deyib, şahidlərə təzyiq göstərib və ABŞ Nümayəndələr Palatasının Kəşfiyyat Komitəsi tərəfindən aparılan təhqiqata maneçilik törədib.

Onlar bildirirlər ki, Trampın seçki kampaniyasının əməkdaşları elektron məktublar haqqında informasiya toplamağa çalışıblar. ABŞ kəşfiyyatının məlumatına görə, bu məktublar Rusiya tərəfindən açılıb və “WikiLeaks”ə təqdim edilib. Stoun həmin məktubları “WikiLeaks” internet resursuna “çatdırma məntəqəsi” hesab edilir və tez-tez lovğalanırmış ki, o, “WikiLeaks”in banisi Culian Assanj ilə yaxın münasibətdədir.

Stoun ittihamları rədd edib.