Tur Heyerdalı Qobustan qoruğu əvəzinə Qobustan rayonuna hansı məmur aparıb? –Bir kuriozun TARİXİ

“Yeni Azərbyacan” qəzetinin sabiq baş redaktoru Alqış Musayev 90-cı illərin ortalarında dünyaşı şöhrətli norveçli alim Tur Heyerdalın Azərbaycana səfəri zamanı yaşanmış kurioz bir hadisəni yazıb.

Azpost.info bildirir ki, A. Musayev ötən günlərin yada salmağın vacib olduğunu qeyd edib: “1997-cı ilin sonları idi. Dünyada tanınmış norveçli səyyah Tur Heyerdal Bakıya səfər etmişdi. Görüşlərdən, qəbuldan sonra səyyah Qobustan qayalarını ziyarət etmək arzusunu bildirir. Rəsmi səviyyədə tapşırıq verilir, hazırlıq görülür. Qaradağ Rayon İcra Hakimiyyətinin nümayəndələri qonağı gözləyir”.

Kurioz hadisə də bu zaman yaşanır: “Yarım saat, bir saat ötür. Saat yarım tamamlanır. Səyyah alim gəlib çıxmır. Narahat olub maraqlanırlar. Aydınlaşır ki, əcnəbi alimi müşayiət edən yerli məsul şəxslər onu Qobustan rayonuna aparıblar.
Ətrafımzda məsuliyyət hissindən məhrum məsul şəxslər varkən…Nədən danışırıq….

Qobustan qayalarının harda yerləşdiyini bilməyənlər 1988- 93 cü illərdə yaşananları çox asanlıqla unuda və unutdura bilərlər”.

Məşhur səyyah Tur Heyerdal 1980-2000-ci illər arasında bir neçə dəfə Azərbaycana səfər edib və həyatının son illərini Qafqaz və Skandinaviya arasındakı qədim əlaqələrə yönəldilmiş layihələr üzərində işləyib. Onu Azərbaycanda cəlb edən məhz Qobustanın qayaüstü qayıq təsvirləri olub. O, Qobustanda qaya üzərindəki oymalardan heyrətə gələrək, Qobustanı “açıq səma altındakı muzey” adlandırıb.

1981-ci ilin avqustunda Tur Heyerdal ilk dəfə Bakıya gəlib. Dəfələrlə Qobustana və Azərbaycanın digər məkanlarına ekspedisiyalar təşkil etməklə özünün son “Odinin axtarışı ilə” adlı kitabında vikinqlərin köklərinin məhz Azərbaycanda axtarılmasının lazım gəldiyini maraqlı və kifayət qədər inandırıcı faktlarla əsaslandırıb. “Azərbaycanın hələ kifayət qədər öyrənilməmiş mədəniyyət və incəsənəti Mesopotamiyanınkından da qədimdir”.
Məşhur səyyah bu fikri qədim qaya təsvirlərinə əsaslanaraq söyləyib, həmin təsvirlərlə qədim Skandinaviya xalqlarının və ingilislərin mədəniyyəti arasında uyğun cəhətlər olduğunu görüb.

Tur Heyerdal kitabların birində Azərbaycanla bağlı görüşlərini, xatirələrini qələmə alıb. O yazırdı: “Mən ilk dəfə Azərbaycanda olanda SSRİ Ali Sovetinin üzvlərindən biri, lakin rus millətinə mənsub olmayan Heydər Əliyevlə görüşdüm. Həmin görüşə qədər mən Azərbaycan Elmlər Akademiyasının akademiki Həsən Əliyevlə bir həftə respublikanı gəzdim. Həsən Əliyev Heydər Əliyevlə doğma qardaş olduğunu mənə deməmişdi. O, məni Azərbaycana dəvət etmişdi ki, dünyada ən qədim tarixə malik olan qayaüstü gəmi təsvirlərini mənə göstərsin”.

Tanınmış jurnalist Flora Xəlilzadə qeyd edir ki, hələ 1960-cı ildə akademik Həsən Əliyev Tur Heyerdalı Azərbaycana dəvət edərək, qədim yaşayış məskənlərimizi ona göstərmək istəyirmiş.

Səyyahın növbəti səfərində Azərbaycan artıq dövlət müstəqilliyini bərpa etmişdi. “1994-cü ilin payızında Tur Heyerdal yenidən Bakıda oldu və Heydər Əliyevlə görüşdü. Heydər Əliyevlə Tur Heyerdal arasında yaranan səmimi ünsiyyət böyük dostluğa çevrildi”.

Azərbaycan norveçli səyyahı sanki maqnit kimi çəkirdi. 1999-cu ilin yazında AMEA-da məşhur səyyah-alim Tur Heyerdalla görüş keçirilib. Azərbaycana əvvəlki səfərlərində olduğu kimi, bu dəfə də eyni səmimiyyət və qonaqpərvərliklə qarşılanan Tur Heyerdal həmin görüşdə bildirib ki, ölkəmizə ilk gəlişində burada başqa bir ictimai sistem mövcud idi.

“O zaman Qobustandakı qayaüstü təsvirlərlə tanış oldum. Mən burada qayalar üzərində çox qədim dövrlərə aid gəmi təsvirlərinin olduğunu eşitmişdim. Qobustandakı qayaüstü təsvirləri görəndə hiss etdim ki, onlar Norveçdə aşkar olunmuş qayaüstü təsvirlərdən əs la fərqlənmir”.

Tur Heyerdal bütün söhbətlərində Azərbaycana vurulduğunu, bu ölkəni çox sevdiyini dəfələrlə dilə gətirib. O, bir sıra fərziyyələr irəli sürərək, Norveç əfsanələri ilə Qobustan qayaüstü təsvirlərinin bağlılığından danışıb. Hətta Azərbaycanla Skandinaviya ölkələri arasında əlaqələr olduğunu da kəşf edib. O sübut edirdi ki, Skandinaviya tayfaları Şimali Avropaya Qara dənizdən Şərqdə yerləşən Azər ölkəsindən gediblər. Qobustandakı qayaüstü rəsmlərdən həmişə heyranlıqla danışan Tur Heyerdal bildirib ki, Azərbaycan bəşər sivilizasiyasının son dərəcə mühüm paytaxtı olub, özü də sivilizasiyanın mərkəzində dayanıb.

Azərbaycana olan məhəbbəti Tur Heyerdalı dördüncü – sonuncu dəfə 2000-ci ilin payızında bu yurda gətirib. Respublikamıza böyük maraq göstərən məşhur səyyah Azərbaycanda olmaqdan həmişə məmnunluq duyub. Bakıda Heydər Əliyev köhnə dostunu mehribanlıqla qarşılayaraq deyib: “Xalqlarımız arasında əlaqələr getdikcə genişlənir. Bunun əsasını 1981-ci ildə sizinlə mən qoymuşam. Güman edirəm ki, XXI əsrdə də bu əlaqələr inkişaf edəcək”.

Tur Heyerdal isə cavab olaraq qeyd edib ki, Azərbaycana dəfələrlə ziyarətləri sayəsində belə qənaətə gəlib ki, ölkələrimiz arasında çay sistemləri vasitəsilə – Xəzər dənizindən Volqa, Don çaylarına keçmək və oradan da Baltik dənizi vasitəsilə Norveçlə təmasların olması köklərini araşdırmaq lazımdı.

Tur Heyerdalın ölkə alimləri ilə yaxınlığı da davam edib. Azərbaycana səfər zamanı Şəkiyə gedərək, məşhur Kiş kəndində aparılan qazıntı işləri, tədqiqatlar və buradakı IX əsrə məxsus Alban abidəsi, eləcə də Şəki Xan sarayı ilə yaxından tanış olub.

“Məşhur səyyahın bir fikri də maraqlı idi. O böyük ürəklə deyib ki, dünyanın harasında yaşamağımızdan asılı olmayaraq, özümüzü antropoloji quruluş nöqteyi-nəzərindən “Qafqaz tipi” adlandırırıq. Biz fəxr edirik ki, bu qədər qədim, zəngin mədəniyyətə malik bir regiona, xüsusilə Azərbaycana bağlıyıq. Həmişə böyük məhəbbətlə etiraf edirdi ki, Azərbaycan mədəniyyəti Çin, Mesopotamiya mədəniyyəti qədər qədim və zəngindir. Ən böyük arzusu o idi ki, Azərbaycanı qarış-qarış gəzib xüsusi tədqiq etsin. İstəyirdi ki, Gəmiqaya rəsmləri ilə Norveç qayaüstü təsvirlərinin, daş abidələrinin oxşarlığını, qohumluğunu, eləcə də ümumi cəhətlərini tədqiqə çəksin. O, Qobustan qayaüstü rəsmlərini Azərbaycan xalqının rəmzi kimi qəbul edirdi”, – deyə jurnalist Flora Xəlilzadə xatirələrində qeyd edir.

 Tarix üzrə fəlsəfə doktoru Qoşqar Qoşqarlı bir neçə il əvvəl Modern.az-a açıqlamasında Tur Heyerdalın Bakı səfəri haqda danışıb: “1981-ci ildə Qobustana səfəri zamanı onu müşayiət etdim. Qobustanda qayaüstü gəmi təsvirlərinə baxdı və bildirdi ki, “bu, dünyanın qədim gəmi şəkilləridir. Bu gəmiləri xüsusi qamışdan düzəldiblər. Bu şəkillər varsa, həmin qamış növü də burada olmalıdır. Qədim misirlilər də buna oxşar qamış növündən gəmilər düzəldiblər”.
Xəzərboyu – Xaçmaz rayonunun Yalama şəhərindən tutmuş cənuba doğru yavaş-yavaş bütün Azərbaycanı gəzdik və Salyandan cənubda o qamışı tapdılar. Onunla birlikdə müxtəlif ölkələrdən səyyahlar gəlmişdi. Qamış növü tapılandan sonra əmin oldu ki, Azərbaycanda gəmilərin təkcə şəkilləri deyil, eyni zamanda onların hazırlanması üçün xammal da var”.

Tur Heyerdal 1914-cü ilin 6 okyabrında Norveçin cənubunda kiçik Larvik şəhərciyində anadan olub. Atası pivə zavodunun sahibi, anası təbiətşünas olub. Lap uşaqlıq illərindən heyvanlar və bitkilər aləminə maraq göstərən Tur Heyerdal kiçik yaşlarında öz malikanələrində müxtəlif muzeylər yaradıb. Səyyahın ilk ekspedisiyası 1937-38-ci illərdə Polineziyaya, Fatu-Hiva adasına olub. 1947-ci ildə isə Sakit okeanı “Kon-Tiki” adlı salda keçib. Məhz bu səyahət ona sonralar dünya şöhrəti gətirib. 1950-ci illərdə çoxlarının unutmuş olduğu Pasxa adalarını yenidən kəşf edib, 1953-cü ildə isə Qalapaqos adalarına baş çəkib. O həmin dövrdə çoxlarının əsassız yerə inandırıcı görmədiyi adanın vikinklər tərəfindən kəşfi və məskunlaşması ideyasını irəli sürüb. Heyerdal 1969-1970-ci illərdə qədim misirlilərin Cənubi Amerikaya üzməsi nəzəriyyəsini sübut etmək üçün “Ra” və “Ra 2” sallarında Atlantik okeanı üzüb keçir. Tur Heyerdal həm də Pasxa, Qalapaqos və Kanar adalarında apardığı arxeoloji qazıntıları ilə də məşhurdur.

Azpost.info

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

ABŞ Azərbaycan və Ermənistan jurnalistlərinin qarşılıqlı səfərlərini alqışlayır

Sonrakı məqalə

Tofiq Yaqublu Müsavatı sənədləri gizlətməkdə ittiham edib: