Türkiyə Liviya ilə sərhəd mübahisəsində razılığa gəldi

05 Dekabr 2019 - 22:48

Türkiyə parlamentinin Xarici Məsələlər Komitəsi cümə axşamı Türkiyə ilə Liviyanın BMT-nin dəstəklədiyi höküməti arasında Aralıq dənizindəki sərhədlərlə bağlı mübahisəli razılığı təsdiq edib.

Bu razılıq Türkiyəni Aralıq dənizindəki iqtisadi zonaya çıxışla təmin edə bilər. Komitənin bu razılığı təsdiqləməsinin ardından parlamentin Baş Assambleyası razılıq üzərində yekun səsvermə keçirəcək.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan razılığı ötən həftə Liviyanın Tripolidə qərargahlanan və Fayiz Sarracın başçılıq etdiyi hökümət ilə əldə edib. Onlar həmçinin təhlükəsizlik sahəsində əməkdaşlıq barədə razılıq imzalayıb.

Bu razılıqlar ölkənin şərqində qərargahlanan və general Xəlifə Hiftərin başçılıq etdiyi Liviya Milli Ordusuna yaxın Liviya parlamentində qəzəbə səbəb olub. Parlament bu razılıqların Liviyanın təhlükəsizliyi və suverenliyini “açıq-aşkar pozduğunu” və Türkiyə hökümətinə Liviyanın hava hövzəsi və sularından istifadə etmək, habelə Liviya torpağında hərbi bazalar inşa etmək haqqı verəcəyini iddia edir.

Yunanıstan, Kipr və Misir də sərhəd sazişini tənqid edib və onun beynəlxalq qanunların ciddi pozuntusu adlandırıb. Razılıq Türkiyə ilə Yunanıstan, Kipr və Misir arasında Aralıq dənizinin şərqində neft və qazçıxarma haqları ilə bağlı davam edən mübahisədə gərginliyin artmasına gətirib çıxarıb.

Yunanıstanın baş naziri Kiriakos Mitsotakis deyib ki, o, çərşənbə günü Londonda NATO sammiti çərçivəsində Ərdoğanla bu məsələni və Yunanıstanla Türkiyə arasındakı digər fərqlilikləri müzakirə edib.

Liviya 2015-ci ildən bəri şərqdə, yəni Benqazidə qərarhahlanan hökümət ilə Tripolidə qərargahlanan digər hökümət arasında bölünüb. Liviya Milli Ordusu və şərqdəki hökümət Fransa, Rusiya və əsas ərəb ölkələri tərəfindən dəstəklənsə də, Tripolidə qərargahlanan höküməti isə İtaliya, Türkiyə və Qətər dəstəkləyir.