Ankarada Türkiyə Prezidenti Administrasiyasının Milli Kitabxanasında Xocalı soyqırımının 30-cu il dönümünə həsr olunmuş tədbir keçirilib.
Azərbaycanın Türkiyədəki səfirliyi və Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun təşkilatçılığı ilə baş tutan tədbirdə Türkiyə və Azərbaycandan millət vəkilləri, hüquqşünaslar və ictimai xadimlər qatılıb.
Açılış nitqi ilə çıxış edən Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov qeyd edib ki, Xocalı soyqırımının ermənilər tərəfindən törədildiyi ilə bağlı kifayət qədər dəlillər olsa da, beynəlxalq ictimaiyyət bu vəhşiliyə səssiz qalmışdır.
Onun sözlərinə görə, Ermənistanın faşist ideologiyasını seçmiş o dövrün hakimiyyəti Xocalı soyqırımını unutdurmaq məqsədi ilə Türkiyəyə qarşı qondarma soyqırımı məsələsini gündəmə gətirmişdi.
Öz növbəsində Azərbaycan Milli Məclisinin deputatı Nizami Səfərov ermənilərin azərbaycanlılara qarşı son 200 ildə məqsədli şəkildə etnik təmizləmə siyasəti yürütdüyünü qeyd edərək, Xocalı soyqırımının bütün bəşəriyyətə qarşı, insanlığa sığmayan bir cinayət olduğunu vurğulayıb. O, həmçinin, Birləşmiş Millətlər Təşkilatı tərəfindən bu qətliama qiymət verilməməsini ikili standartlar adlandırıb.
Türkiyə Böyük Millət Məclisi deputatı Zeynəb Yıldız azərbaycanlıların türk və müsəlman olduqlarına görə ermənilər tərəfindən qətl edildiyini bildirib. O, əlavə edib ki, bu cür faciənin bir daha yaşanmaması üçün Azərbaycan və Türkiyə birliyi qorunmalı və Xocalı soyqırımı unudulmamalıdır.
Qalatasaray Universitetinin professoru, hüquqşünas Emre Öktemin fikrincə Xocalı soyqırımı ilə bağlı Ermənistan Avropa İnsan Haqqları və digər məhkəmələrdə cavaba çağırılmalıdır. Hüquqşünas əminliklə əlavə edib ki, Ermənistan bundan boyun qaçırmağa çalışsa da, buna nail ola bilməyəcək.