Türkiyə və Rusiya hərbçiləri Suriyada birgə patrula başlayıb

01 Noyabr 2019 - 14:11

Türkiyə hərbçiləri rus hərbi polisi ilə birgə Suriyanın şimal sərhədi rayonunda ilk birgə patrula başlayıb.

Azərtac Rusiya KİV-lərinə istinadla xəbər verir ki, Türkiyə ordusuna məxsus dörd və rusiyalı hərbçilərə məxsus beş maşın yerli vaxtla saat 12:00-da Derbesiya məntəqəsindən patrula çıxıb. Hərbi karvan saatda 40-60 kilometr sürətlə 110 kilometrlik marşrut üzrə hərəkət edəcək.

Birgə patrul oktyabrın 22-də Ankara və Moskva arasında imzalanmış memorandum əsasında həyata keçirilir. Sənədə əsasən, həmçinin Türkiyənin başladığı “Sülh çeşməsi” əməliyyatı xaricindəki zonaya yeridilən Rusiya hərbi polisi və Suriya sərhədçiləri 150 saat ərzində kürd separatçılarının və silahlarının sərhəddən 30 kilometr dərinliyə çəkilməsinə yardım etməli, bundan sonra ortaq patrul başlamalı idi. Oktyabrın 29-da Rusiyanın müdafiə naziri Sergey Şoyqu silahlı kürd dəstələrinin geri çəkilməsinin vaxtından əvvəl başa çatdığını bildirmişdi.