Türkiyədəki zəlzələnin Azərbaycana təsiri ola bilərmi?

- Seysmoloji Mərkəzdən açıqlama
25 Yanvar 2020 - 13:56

“Türkiyənin ərazisi seysmik baxımdan çox aktiv bölgədir. Orada bir sıra aktiv qırılmalar var. Axırıncı baş verən zəlzələlər də ərazidə aktivliyin yüksək olduğunu göstərdi”.

APA-nın xəbərinə görə, bunu Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin İnformasiya şöbəsinin müdiri  Vüsalə Rafiqqızı bildirib.

Onun sözlərinə görə, bu zəlzələlərin Azərbaycana heç bir təsiri yoxdur.

“Azərbaycan ərazisi də seysmik bölgədə yerləşir. Lakin bizim ərazimizdəki qırılmaların nə Türkiyə, nə də digər qonşu ölkələrlə əlaqəsi yoxdur. Seysmik bölgələrdə vaxtaşırı hiss olunan və ya hiss olunmayan təkanlar baş verir. Lakin zəlzələnin dəqiq proqnozu olmadığına görə birmənalı şəkildə heç kim zəlzələ olacaq və ya olmayacaq tipli proqnoz verə bilməz”, – deyə o vurğulayıb.

Qeyd edək ki, yanvarın 24-də axşam saatlarında Türkiyənin Elazığ vilayətinin Sivricə rayonunda 6,8 bal gücündə zəlzələ olub.

Son olaraq zəlzələ nəticəsində 22 nəfərin öldüyü, 1031 nəfərin yaralandığı açıqlanıb.  

Elazığda 18, Malatyada 4 nəfər təbii fəlakətin qurbanı olub.