Türkiyədən ultimatum:

"ABŞ-ın sanksiyalarına görə Suriyada əməliyyatı dayandırmayacağıq"
15 Oktyabr 2019 - 15:34

Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop ABŞ-ın Suriyada aparılan antiterror əməliyyatı ilə əlaqədar Türkiyəyə sanksiya tətbiq ediləcəyi barədə məlumatlara münasibət bildirib.

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, M.Şentop deyib ki, heç bir halda Türkiyə ABŞ-ın sanksiyalarına görə Suriyada hərbi əməliyyatı dayandırmayacaq.

Parlamentin sədri Türkiyənin sərhədləri yaxınlığında terror koridoru yaradılmasına imkan verməyəcəyini vurğulayıb: “ABŞ-ın sanksiyaları Türkiyə üçün gözlənilməz olmadı. Bu məsələ ABŞ-da müzakirə edilirdi. Onlar fikirləşirlər ki, sanksiyalar yolu ilə beynəlxalq siyasəti idarə edə bilərlər. Ancaq yanlış düşünürlər. Dünya təcrübəsindən çıxış etsək, sanksiyalar beynəlxalq siyasətdə nəticə əldə etmək yolu deyil. Sanksiyalar tətbiq edilən ölkələri gücləndirir. Bu baxımdan Türkiyə də istisna deyil”.