“İsrail 1915-ci il hadisələri ilə bağlı qərarı ilə öz cinayətlərini ört-basdır etməyə çalışır”.
Bu sözlər Türkiyə Xarici İşlər Nazirliyinin İsrail hökumətinin “erməni soyqırımı”nın tanınması ilə bağlı qanun layihəsini yekdilliklə dəstəkləyərək Knessetə təqdim etməsi ilə bağlı yaydığı bəyanatda öz əksini tapır.
Bəyanatda bildirilib ki, bütün dünyanın gözü qarşısında Fələstin xalqına qarşı sistemli zorakılıq həyata keçirən və Beynəlxalq Ədalət Məhkəməsində Qəzzada soyqırım ittihamı üzrə araşdırılan İsrail hökuməti 1915-ci il hadisələri ilə bağlı qəbul etdiyi siyasi qərarla öz cinayətlərini ört-basdır etməyə çalışır.
Həmçinin vurğulanıb ki, hüquqi və tarixi həqiqətləri görməzlikdən gələn bu addım Beynəlxalq Cinayət Məhkəməsində fələstinlilərə qarşı törədildiyi iddia olunan cinayətlərlə bağlı aparılan istintaq çərçivəsində barəsində həbs qərarı çıxarılmış Baş nazir Benyamin Netanyahu və digər şəxslərin düşdüyü vəziyyəti bir daha nümayiş etdirir.
“Türkiyə İsrailin regiondakı genişlənməyə yönəlmiş və sabitliyi pozan siyasətinə son qoyulması, həmçinin Benyamin Netanyahu hökumətinin başda Fələstin xalqı olmaqla mülki şəxslərə qarşı törətdiyi cinayətlərə görə hüquq qarşısında cavab verməsi üçün qətiyyətlə çalışmağa davam edəcək”, – bəyanatda qeyd olunur.