Türkmənistanda məmurlara saçlarını qırxdırmaq və başa milli papaq qoymaq tapşırılıb

29 May 2021 - 14:47

Türkmənistanda məmurlara saçlarını qırxdırmaq və başlarına milli papaq qoymaları tapşırılıb.

Azpost.info bildirir ki, bu, prezident Qurbanqulu Berdımuhammedovun atasının vəfatı ilə  bağlıdır. Bu barədə Azadlıq radiosunun türkmən redaksiyası məlumat yayıb.

Bu qayda prezidentin yas mərasimindən sonra ictimaiyyət arasına saçı qırxılmış və milli papaqda göründükdən sonra qoyulub. Məlikqulu Berdımuhammedov mayın 18-də 88 yaşında vəfat edib. Türkmənistan SSR-də hökumətində çalışmış Məlikqulu daxili qoşunların ehtiyatda olan polkovnik leytenantı idi.

Atasının vəfatından sonra prezident 7 gün TV-də və ictimaiyyət arasında görünməyib. Türkmən atlarının və alabay itinə həsr edilmiş milli bayram onusuz keçirilib. Mərasimə oğlu Sərdar rəhbərlik edib.

Prezident özü yas mərasiminə 2015-ci ildən ölkədə qeyri-rəsmi qadağan olunmuş qara rəngli avtomobildə gəlib.