Türkmənistanda kənd sanitar həkiminin prezidentliyə namizədliyi irəli sürülüb

21.02.2022 · 21:09 · Dünya

Türkmənistanın Ahal və Marı vilayətlərində bir qrup təşəbbüskar vətəndaş martın 12-də keçiriləcək növbədənkənar prezident seçkilərdə öz namizədlərini irəli sürüb.

Bu barədə rəsmi Türkmənistan mətbuatı məlumat yayıb.

Ahal vilayət vətəndaşlarından ibarət təşəbbüs qrupu Babadayxan kəndinin sanitar-epidemioloji xidmətinin rəhbəri Maqsatmırat Övezgeldiyevin prezidentliyə namizədliyini irəli sürüb.

Türkmənistan Dövlət Energetika İnstitutunun “Bərpa olunan enerji mənbələri” elmi-istehsalat mərkəzinin direktoru Kakageldi Sarıyev Marı vilayətinin təşəbbüs qrupunun namizədi olub.

Qeyd edək ki, Türkmənistanın bir qrup vətəndaş tərəfindən prezidentliyə namizədlərin irəli sürülməsi qaydasını müəyyən edən Seçki Məcəlləsinin 46-cı maddəsinə əsasən, namizəd azı 10 min seçicinin səsi ilə dəstəklənməlidir.

Türkmənistanda prezident seçkiləri kampaniyası fevralın 14-də başlayıb. Martın 12-də növbədənkənar seçkilər keçiriləcək.