UEFA 2024-cü ildə Çempionlar Liqasının finalını ABŞ-da keçirə bilər

09 Noyabr 2019 - 18:58

Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) 2024-cü ildə Çempionlar Liqasının finalının ABŞ-da təşkil olunmasını nəzərdən keçirir.

TASS agentliyi xəbər verir ki, bu haqda “Morning Consult” nəşri məlumat yayıb.

Mənbənin bildirdiyinə görə, UEFA prioritet məkan kimi Nyu-Cersidəki “MetLife Stadium”u seçib. Qeyd olunur ki, UEFA nümayəndələri artıq potensial tərəfdaşlarla görüşüblər və bu barədə fikir mübadiləsi aparıblar. Əgər razılıq əldə olunsa, ən nüfuzlu klub turnirinin finalı ilk dəfə olaraq Avropanın hüdudlarından kənarda təşkil ediləcək.

Qeyd edək ki, UEFA Çempionlar Liqası 1955-ci ildən təşkil olunur. Turnirin final oyunları Avropanın müxtəlif şəhərlərində keçirilir.

Bu mövsüm həlledici matç Türkiyənin İstanbul, 2021-ci ildə Rusiyanın Sankt-Peterburq, 2022-ci ildə Almaniyanın Münhen şəhərlərində, 2023-cü ildə isə İngiltərənin paytaxtı Londonda təşkil olunacaq.

Xatırladaq ki, UEFA Çempionlar Liqasının hazırkı qalibi İngiltərənin “Liverpul” klubudur.