Norveç hakimiyyəti Ukrayna Prezidenti Volodimir Zelenski, Finlandiya Prezidenti Aleksandr Stubb və ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoffun Osloda görüş keçirəcəyini təsdiqləyib.
ABŞ liderinin kürəkəni Cared Kuşner görüşə onlayn formatda qoşulacaq. Bu barədə Norveç hökumətinin saytında yayılan press-relizdə bildirilir.
Norveçin baş naziri Yonas Qar Störe ofisinin açıqlamasında deyilir: “ABŞ prezidentinin xüsusi nümayəndələri Stiv Uitkoff və Cared Kuşner Ukraynadakı vəziyyətlə bağlı Osloda keçiriləcək danışıqlarda iştirak edəcəklər. Onlar bu gün Osloda Zelenski, Prezident Aleksandr Stubb və Norveçin baş naziri Yonas Qar Störenin keçirəcəyi müzakirələrə qoşulacaqlar”.
Məlumata görə, Uitkoff görüşdə şəxsən iştirak edəcək, Kuşner isə onlayn qoşulacaq.
Yonas Qar Störenin sözlərinə görə, görüşün məqsədi diplomatik səyləri daha konstruktiv istiqamətə yönəltməkdir. O qeyd edib ki, Uitkoff və Kuşnerin danışıqlarda iştirakı xahişi Ukrayna tərəfdən gəlib.
Rusiya Prezidenti Vladimir Putin daha əvvəl dəfələrlə bəyan edib ki, Moskva Ukraynada hərbi əməliyyatların sülh yolu ilə nizamlanma vasitəsilə mümkün qədər tez dayandırılmasını istəyir. O vurğulayıb ki, Rusiya danışıqlara hazırdır, lakin Kiyev rəhbərliyinin eyni istəkdə olduğunu görmür.
ABŞ Prezidenti Donald Tramp isə Zelenskinin sülh razılaşmalarına hazır olmamasından narazılığını ifadə edib və onun, ümumiyyətlə, münaqişənin nizamlanmasına heç vaxt can atmadığını ehtimal edib. Tramp həmçinin Ukraynaya Rusiya ilə razılığa gələ biləcək yeni liderin lazım olduğunu bildirib.
N.Talıblı

