Avropa İttifaqı Ukraynaya ümumilikdə 90 milyard avro həcmində kredit ayrılmasını nəzərdə tutan yeni dəstək planı üzərində işləyir. İspaniyanın “El Pais” nəşrinin yaydığı məlumata görə, sözügedən maliyyə paketi Avropa ilə ABŞ arasında münasibətlərdə müəyyən gərginlik yarada bilər.
AzPost xəbər verir ki, planın ən mübahisəli məqamı ayrılacaq vəsaitin hansı istiqamətdə xərclənəcəyi ilə bağlıdır. Sənədə əsasən, Kiyev bu vəsaiti ilk növbədə Ukrayna daxilində istehsal olunan silahların alınmasına və Avropa İttifaqına üzv ölkələrin müdafiə sənayesi şirkətlərindən tədarüklərə yönəltməlidir.
Məlumatda bildirilir ki, üçüncü ölkələrdən, o cümlədən ABŞ-dan silah alınmasına yalnız istisna hallarda icazə veriləcək. Bunun üçün Ukrayna tərəfi konkret silah və ya hərbi texnikanın Avropa bazarında tələb olunan müddətdə mövcud olmadığını sübut etməlidir. Bu mexanizm faktiki olaraq Avropa İttifaqı xaricindəki silah istehsalçılarının müdafiə sifarişlərinə çıxışını məhdudlaşdırır.
“El Pais” yazır ki, məhz bu yanaşma Vaşinqtonun narazılığına səbəb ola bilər. ABŞ uzun müddətdir Ukraynanın əsas silah tədarükçülərindən biri hesab olunur və Avropa İttifaqının yeni planı ABŞ şirkətlərinin iri hərbi müqavilələrdən kənarda qalması riskini yaradır.
Nəşrin qiymətləndirməsinə görə, Avropa İttifaqı bu addımla bir tərəfdən Ukraynaya maliyyə və hərbi dəstəyi davam etdirməyi, digər tərəfdən isə Avropanın müdafiə sənayesini gücləndirməyi hədəfləyir. Lakin bu siyasətin transatlantik münasibətlərə mənfi təsir göstərə biləcəyi istisna edilmir.