Vətəndaşlar Prezidentin kadr islahatlarını necə qiymətləndirir? –

STM-nin keçirdiyi sorğunun NƏTİCLƏRİ
21 May 2021 - 11:06

Sosial Tədqiqatlar Mərkəzi Prezident İlham Əliyevin postmüharibə dövründə beynəlxalq və daxili müstəvidəki fəaliyyəti əhali tərəfindən milli maraqların qorunması, ümummilli rifahın, sülhün və təhlükəsizliyin, işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdışın təmin olunması məqsədilə davamlı işlərin həyata keçirilməsi, regional əməkdaşlığın inkişaf etdirilməsi, 2019-cu ildən başlayan genişmiqyaslı islahatların davam etdirilməsi baxımından fəaliyyətinə ictimai münasibəti öyrənib.

“İnam indeksi” jurnalının 5-ci sayında “Prezidentin fəaliyyəti ictimai rəydə” sorğu sənədində yer alan nəticələr ümumilikdə yüksək qiymətləndirilib.

Sorğuda iştirak edənlərin fikrincə, media sisteminin təkmilləşdirilməsi məqsədilə bu sahədə aparılan islahatlar mediada peşəkarlığı (47%), şəffaflığı (43,3%), azadfikirliliyi (46,2%), ictimai-siyasi problemlərin işıqlandırılma imkanlarını artıracaq (39,3%), həmçinin Azərbaycanın beynəlxalq media sahəsində əlaqələrini (43,8%) və reklam bazarını gücləndirəcək (25,3%), iqtisadi bazisi formalaşdıracaq (26,7%), media qurumları arasında rəqabəti dərinləşdirəcək (30,56%), Azərbaycana olan xarici informasiya hücumlarını azaldacaq (35,2%) və medianı müxtəlif qrupların təsirindən çıxaracaq (30,6%). 8,7% respondent bu suala cavab verməkdə çətinlik çəkib.

Sorğunun nəticələri göstərir ki, vətəndaşların Prezidentdən əsas gözləntiləri əhalinin sosial rifahının daha da yaxşılaşdırılması (75,3%), yeni iş yerlərinin açılması (74,4%), şəhid ailələrinin, qazilərin, müharibə iştirakçılarının yaşayış vəziyyətinin yüksək səviyyədə təmin edilməsi (71,6%), qiymətlərin bahalaşmasının (71,6%) və məmur özbaşınalığının qarşısının almasıdır (71,1%).

Respondentlər 2019-cu ildən daha genişmiqyaslı həyata keçirilən islahatların elm və təhsil (65,4%), səhiyyə (62,2%), sosial müdafiə (51,2%), hərbi (47,3%), dövlət idarəçiliyi (41,2%) sahələrində daha da dərinləşdirilmiş şəkildə aparılmasını istəyirlər.

Respondentlər kadr islahatları ilə bağlı həyata keçirilən islahatları yüksək səviyyədə təqdir edirlər. Sorğuda iştirak edənlərin 69,4%-i Şuşanın mədəniyyət paytaxtı elan edilməsi fonunda yeni məmur davranışı və idarəetmə mədəniyyətinin tətbiq edilməsi, 62.7%-i idarəteməyə daha peşəkar kadrlar cəlb etməklə yeni məmur nəslinin yaradılması, 62,5%-i Qarabağda Xüsusi nümayəndəlik təsisatının yaradılmasının yeni yerli idarəetməyə stimul verməsi, bütün bunlara baxmayaraq, idarəetmədə ictimai nüfuzu aşağı olan kadrların hələ də qalması (53,2%) fikirləri ilə tam razı olduqlarını ifadə ediblər.

Respondentlər Prezident tərəfindən təsdiq edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”dən daha mühüm əhəmiyyət kəsb edən iki istiqaməti belə sıralayıblar: işğaldan azad olunmuş ərazilərə böyük qayıdış (71,9%), təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi (37,3%).

Rəyi soruşulanların 49,1%-i düşünür ki, Prezident İlham Əliyevin Türk Şurasının 31 mart tarixli Zirvə görüşündə Vətən müharibəsindəki qələbəyə həsr olunan çıxışında “Zəngəzur dəhlizi”nin açılmasının əhəmiyyətini vurğulaması türkdilli dövlətlər arasında birliyin gücləndirilməsinə xidmət edəcək. 44,3% respondent bu qənaətdədir ki, həmin tədbirdə Prezident Azərbaycanın haqlı mövqeyini və Ermənistanın hərbi-siyasi məğlubiyyətinin səbəblərini tərəfdaş ölkələrin liderlərinə peşəkarlıqla, yüksək təsirli arqumentlərlə çatdırdı.

Respondentlərin 43,1%-i Qarabağın gələcək quruculuğu və bərpası onun bütün türk xalqlarının birgə əməkdaşlıq, dostluq və sülh məkanına çevrilməsini təmin edəcəyini düşünür. Sorğuda iştirak edənlərin 42,9%-i Azərbaycanın qələbəsinin türkdilli dövlətlərin regional proseslərdə iqtisadi və siyasi iştirakını artıracağını bildirib.