Valideynlərin 9 səhvi- Övladların uzaqlaşmasına səbəb olan davranışlar

Valideyinlər
Valideyinlər

Bir çox valideynlər böyümüş övladlarının niyə az zəng etdiyini və görüşlərdən yayınmağa çalışdığını anlamır. AzPost RBK-Ukrayna-ya istinadla xəbər verir ki, mütəxəssislər bunun səbəbinin laqeydlik deyil, münasibətlərdə gərginlik yaradan görünməz davranışlar olduğunu bildirirlər.

Psixoloqların sözlərinə görə, bəzən “qayğı” kimi görünən addımlar əslində məsafəni daha da artırır.

Birinci səhv günah hissi ilə yönləndirmədir. “Mən həmişə olmayacağam”, “başqalarının övladları daha yaxşıdır” kimi ifadələr səmimi ünsiyyət yaratmır, əksinə, emosional yorğunluq doğurur.

İkinci səhv hər söhbətdə istənilməyən məsləhət verməkdir. “Belə et”, “belə etməlisən” kimi yanaşma böyümüş övladlarda tənqid kimi qəbul olunur və onları danışmaqdan çəkindirir.

Üçüncü məsələ böyümüş övladlara yeniyetmə kimi yanaşmaqdır. Daim nəzarət etmək, xırda məişət məsələlərinə qarışmaq onların müstəqilliyinə hörmətsizlik kimi görünür.

Dördüncü səhv yalnız keçmişlə yaşamaqdır. Uşaqlıq xatirələrini tez-tez xatırlatmaq indiki reallığı görməmək təsiri yaradır və münasibətlərin inkişafına mane olur.

Beşinci səhv müqayisədir. Başqa ailələrin övladları ilə paralel aparmaq insanı dəyərsiz hiss etdirir və etimadı sarsıdır.

Altıncı səhv köhnə yanlışları davamlı xatırlatmaqdır. Keçmiş səhvlərin təkrar-təkrar gündəmə gətirilməsi səmimi dialoqu zəiflədir və ünsiyyəti səthi edir.

Yeddinci problem valideynin öz emosional vəziyyətini övladın üzərinə yükləməsidir. Tənha qalmaq qorxusunu və ya narahatlığı tam şəkildə övladın üzərinə qoymaq münasibətdə ağır yük yaradır.

Səkkizinci səhv diqqət uğrunda rəqabətdir. “Niyə daha çox ora gedirsən?” kimi suallar övladları özünü müdafiə mövqeyinə salır və görüşləri borc hissinə çevirir.

Doqquzuncu və ən həssas məsələ şəxsi sərhədlərə hörmətsizlikdir. Çəki, şəxsi münasibətlər və ya baxışlarla bağlı istənilməyən mövzuları yenidən qaldırmaq açıq ünsiyyətə mane olur.

Mütəxəssislər vurğulayırlar ki, böyümüş övladla münasibət müəllim-şagird deyil, iki yetkin insan arasındakı dialoq üzərində qurulmalıdır. Hörmət, dinləmək bacarığı və şəxsi sərhədlərə diqqət ailə bağlarını möhkəmləndirən əsas amillərdir.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.